Dərmanları orqanizmdə nəzarətli parçalayan hidrogellər, qida məhsullarının paketlənməsində yeni bioəsaslı smart örtüklər hazırlayan şagirdlərimiz - “Sabahın alimləri”

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsində Yasamal rayonu Paşa Nəzərov adına 60 nömrəli məktəbin şagirdləri də uğur qazanıblar. Ayla Qibləliyeva, Nərgiz Qəhrəmanova, Ayan Bağırovanın layihələri müsabiqənin qızıl medalına layiq görülüb. 

 

“Azərbaycan müəllimi“ olaraq həmin şagirdlərlə görüşüb müsabiqəyə təqdim etdikləri layihələrlə maraqlandıq və qazandıqları uğurlarla bağlı təəssüratlarını öyrəndik.    

 

“Günlərlə laboratoriyada işlədik, müxtəlif reaksiyalar apararaq sonda istədiyimizə nail olduq”

 

Ayla Qibləliyeva 10-cu sinifdə oxuyur. Bu, onun iştirak etdiyi ilk böyük müsabiqə deyil. 2023-cü ildə “Sabahın alimləri” XII Respublika Müsabiqəsinə də qatılıb və bürünc medala sahib olub. Elə o vaxtdan birinci yeri qazanmağı qarşısına məqsəd qoyub. “Sabahın alimləri” XIII Respublika Müsabiqəsində tibb və sağlamlıq kateqoriyası üzrə həmmüəllifi olduğu “Polimer hidrogellər dərman maddələrinin daşıyıcısı kimi” layihəsi qızıl medala layiq görülüb.

 

Ayla bu layihə üzərində aparılan iş prosesini belə anladır:“Məktəb yoldaşım Nərgizlə birlikdə insanlara faydalı olan bir layihə haqqında düşünürdük. Uzun araşdırmalardan sonra yaşlı və xəstə insanlara xeyir verəcək layihə üzərində dayandıq. Tibb və sağlamlıq kateqoriyası üzrə “Polimer hidrogellər dərman maddələrinin daşıyıcısı kimi” layihəsi ilə müsabiqəyə qatıldıq. Bu layihə üzrə araşdırdığımız fərqli elmi ədəbiyyatlar göstərir ki, müxtəlif dərman maddələri bədənə düşdükdə qanda parçalanır. Bizim təklif etdiyimiz layihədə isə dərmanların orqanizmdə nəzarətli parçalanması mümkün olur. İlkin araşdırmalarımız göstərir ki, təklif etdiyimiz hidrogellər qan dövranında stabilliyi ilə fərqlənə və hüceyrələrdə monomerlərə parçalanaraq orqanizmdən təbii yollarla xaric oluna bilər. Bu işdə bizə elmi rəhbərimizin çox böyük dəstəyi oldu. Günlərlə laboratoriyada işlədik, müxtəlif reaksiyalar apararaq sonda istədiyimizə nail olduq. Yarışma günü çox narahat idik, həyacanımız var idi. Əvvəlcə 3-cü, sonra isə 2-ci yerin qalibləri elan edildikdə məni ağlamaq tutdu. Bir anlıq fikirləşdim ki, bitti, artıq qalib deyiləm. Amma bir neçə dəqiqədən sonra 1-ci yer qaliblərinin adı elan olundu, bizim də adımız çəkildi. Sevincdən qışqıraraq Nərgizlə qucaqlaşdıq və səhnəyə qaçdıq. Gənclər və idman nazirinin müavini İndira Hacıyeva bizi təltif edəndə, hələ də sevincdən gözümüz yaşarırdı. Bu gözəl hisləri bir daha yaşadığım,  xüsusən qızıl medala layiq görüldüyüm üçün çox xoşbəxtəm”.

 

Ayla deyir ki, oxuduğu məktəbin ictimai işlərində, o cümlədən müxtəlif yarış və müsabiqələrdə həmişə aktiv iştirak edib.  eTwinning layihəsində, müxtəlif rəsm və şeir müsabiqələrində iştirakçı olub. 2022-ci ildə “World Robot Olympiad Azerbaijan” musabiqəsinə qatılaraq diplomla təltif edilib.

 

O, öz üzərində çalışmağı, mütaliə etməyi də çox sevir.

      

“Həkimliyə olan həvəsimlə bağlı bu layihəni bütün ümidim və bacarığımla işlədim”

 

“Polimer hidrogellər dərman maddələrinin daşıyıcısı kimi” layihəsinin digər müəllifi  Nərgiz Qəhrəmanovadır. Məktəbin11-ci sinif şagirdidir. “Sabahın alimləri“ müsabiqəsində 3 ildir iştirak edir. IX və X sinifdə mühəndislik kateqoriyasında “Biyonik əl “ layihəsi ilə iştirak edib. Bu il nominasiyanı və layihəni dəyişib, müsabiqəyə tibb və sağlamlıq kateqoriyası üzrə qatılıb. Nərgiz deyir ki, layihə ilə əlaqədar bir müddət Bakı Ali Neft Məktəbinin laboratoriyasında işləyib layihəni orada hazırlayıblar:”Layihə haqqında fikirləşəndə bizim üçün vacib olan məsələlərdən biri sağlamlığa dəstək idi. Bu mənim tibbə olan marağımdan irəli gəlirdi. Danılmaz faktdır ki, bu gün tibb sahəsində inkişafa ehtiyac var. Bəlkə də həkimliyə olan həvəsimlə bağlı bu layihəni bütün ümidim və bacarığımla işlədim. Elmi rəhbərimizlə birgə araşdırmalardan sonra məlum oldu ki, beynəlxalq tibbdə təbii polimerlərdən hazırlanan dərman daşıyıcıları yoxdur. Dünyada belə bir problem olduğunu öyrəndik və problemin həll yolunu tapmağa çalışdıq. Müsabiqə mənim üçün çox maraqlı keçdi. Çəkdiyin əziyyətin bəhrəsini görmək olduqca gözəldir.  Bu müsabiqədə iştirak edərək biz dünyagörüşümüzü artırdıq, elmi biliklər əldə etdik. Yeni dostlar qazandırdı bu müsabiqə bizlərə. Düşünürəm ki, məqsədə çatmaq üçün iradəli olmaq və çox çalışmaq lazımdır. Baxmayaraq ki, iki il fərqli layihə ilə iştirak etdim, uğur qazanmadım, amma ruhdan düşmədim. Əksinə, mübarizliyim artdı. Yeni layihə ilə uğur qazanacağıma inandım və qalib oldum”. 

     

Qeyd edək ki, Nərgiz 2022-ci ildə 9-cu sinif imtahanlarını müvəffəqiyyətlə verərək qırmızı attestat alıb. 5 dildə ünsiyyət bacarığı var, bunlardan ikisinin artıq B2 beynəlxalq sertifikatını eldə edib (IELTS -ingilis, Goethe-alman). Bu il buraxılış imtahanlarını uğurla verib.

                                                                     

“Zaman elə gətirdi ki,  illərdir izlədiyim layihənin bir parçası, iştirakçısı oldum”                                                                  

 

60 nömrəli məktəbin qızıl medal qazanan digər şagirdi Ayan Bağırova 10-cu sinifdə oxuyur. Müsabiqəyə kimya kateqoriyası üzrə qatılıb. Layihəsi “Qida məhsullarının paketlənməsində yeni bioəsaslı pH sensorlu smart örtüklərin hazırlanması” adlanır. “Sabahın alimləri” müsabiqəsini həmişə maraqla izləyib. Deyir, zaman elə gətirdi ki,  illərdir izlədiyi layihənin bir parçası, iştirakçısı oldu:”Layihəyə qeydiyyatımız tamamlandıqdan sonra etdiyimiz ilk iş layihəmizlə bağlı geniş araşdırmalar aparmaq oldu. Biz müsabiqəyə kimya kateqoriyası üzrə qatıldıq. Sonra komanda yoldaşım ilə birlikdə öz məlumatlarımızı bölüşərək bir təməl hazırladıq. Bundan sonrakı bütün mərhələlərdə isə elmi rəhbərimiz ilə birlikdə layihənin gedişatı və daha da təkmilləşdirilməsi üçün çalışdıq. Müsabiqəyə qədərki dövrdə Bakı Ali Neft Məktəbinin laboratoriyalarında dəfələrlə yoxlamalar apardıq və istədiyimiz nəticəni əldə edənə kimi yeni şeylər öyrəndik. Layihəmiz növbəti mərhələyə keçdikdən sonra isə var gücümüzlə onun təqdimatı və layihə ilə bağlı qaranlıq məqamların qalmaması üçün çalışdıq. Eyni zamanda posterlərimizi hazırladıq. Aprelin 17-də müsabiqənin açılış mərasimində bütün iştirakçılar öz layihələrinin posterlərinin qurulduğu stendlər qarşısında yerlərini aldılar. Sonra  münsiflər heyətinə layihəmizin təqdimatını etdik və həyəcanla nəticələrin açıqlanmasını gözləməyə başladıq. Sonrakı gün müsabiqə üçün “Açıq qapı” elan olundu və biz öz məktəb yoldaşlarımızı, digər qonaqları qarşılayıb layihəmizi tanıtdıq. Layihənin bizlər üçün digər bir müsbət tərəfi də o oldu ki, yeni insanlar tanıyıb əlaqələrimizi genişləndirdik. Nəhayət, səbirsizliklə gözlədiyimiz nəticələrin açıqlandığı günə gəlib çatdıq. Müsabiqənin təntənəli bağlanış mərasimində 1-ci yerə layiq görüldüyümüzü eşitdik. Həyəcanlı və sevincdolu anlar yaşadıq. Belə böyük və gözəl bir layihə üçün təşkilatçılara, bizimlə birlikdə əziyyət çəkən müəllimlərimizə və müsabiqə boyunca bizə kömək edən könüllülərə təşəkkürümüzü bildiririk”.

 

Rəşad ZİYADOV

                                                           



25.04.2024 | 10:31