BMU-da “Azərbaycanın müasir müdafiə sənayesi” mövzusunda tələbələrlə görüş keçirilib | |
Müdafiə Sənayesi Nazirliyi (MSN) və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə “Azərbaycanın müasir müdafiə sənayesi” mövzusunda tələbələrlə görüş keçirilib. “Azərbaycan müəllimi” BMU-ya istinadən xəbər verir ki, tədbirdə müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev, MSN-in şöbə müdiri, Əməkdar mühəndis Məmmədsaleh Əliyev, nazirliyin məsul əməkdaşı, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev, BMU-nun prorektoru Bayram Hüseynzadə, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Öncə ölkəmizin müdafiə sənayesindən bəhs edən videoçarx nümayiş olunub. Sonra tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə respublika iqtisadiyyatının digər sahələri ilə yanaşı, müdafiə sənayesi sahəsində də əvəzsiz işlərin görülməsindən danışıblar. Bildirilib ki, siyasi, inzibati və ideoloji əngəllərə baxmayaraq, MSN-in əsasını təşkil edən, ölkəmizin müxtəlif şəhərlərində yerləşən spesifik təyinatlı müəssisələrin yaradılmasına nail olunub.
Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin ölkəmizin müdafiə sənayesinin yaradılmasında və inkişafındakı misilsiz xidmətləri, onun rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar sayəsində Azərbaycan silahı haqqında məlumatlar dünyada geniş yayılır.
Diqqətə çatdırılıb ki, ordunun daha da qüdrətlənməsi və döyüş hazırlığı müdafiə sənayesinin inkişafı ilə birbaşa əlaqəlidir. Bu gün Azərbaycan artıq rəqabətədavamlı, müasir standartlara cavab verən məhsullar istehsal etmək qabiliyyətindədir. Hazırlanan hərbi təyinatlı məhsulların çeşidi artıb, Milli Ordunun ən müasir silah növləri ilə təchiz edilməsi üçün zəruri addımlar atılıb.
Çıxışlar zamanı bildirilib ki, Prezident İlham Əliyevin xüsusi tapşırıqlarına əsasən, düzgün aparılmış işlər nəticəsində nazirliyin müəssisələrində istehsal edilmiş ümumi məhsul həcminin çoxunu ixraca yönəltmək mümkün olub.
Qeyd olunub ki, MSN tərəfindən gənclərə intellektual səviyyələrini artırmaları, innovativ mühəndislik üzrə aparıcı qüvvə kimi formalaşmaları, nəzəri biliklərin praktiki təcrübə ilə vəhdəti əsasında xüsusi bacarıqlarını daha da yüksəltmələri məqsədilə hərtərəfli şərait yaradılır.
Çıxışlardan sonra nazirliyin əməkdaşları tələbələri maraqlandıran sualları cavablandırıblar.
Görüşdən sonra nazirliyin rəsmiləri BMU-nun rektoru Yaqub Piriyevlə görüşüblər. Gələcək əməkdaşlıqla bağlı məsələlərin nəzərdən keçirildiyi görüşdən sonra MSN-in nümayəndə heyəti universitetin laboratoriyaları, Texnoparkı, həmçinin tələbələrin hazırladığı startaplarla tanış olublar.
|
|
24.04.2024 | 11:44 | |
|
|
|