“Azərbaycan müəllimi” Kembric Universitetinin professoru Qərib Mürşüdovu tələbələrimizlə görüşdürdü - FOTOLAR | |
Fransız - Azərbaycan Universitetində (UFAZ) “Azərbaycan müəllimi” qəzetinin təşəbbüsü və "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin dəstəyi ilə Böyük Britaniyanın Kembric Universitetinin Molekulyar Biologiya Laboratoriyasının (MBL) qrup rəhbəri professor Qərib Mürşüdovla görüş keçirilib.
Ali təhsil müəssisələri tələbələrinin, müəllimlərin, gənc tədqiqatçıların, elm adamlarının iştirak etdiyi görüşdə Q.Mürşüdov öz həyatı və elmi karyerası, tədqiqat istiqamətləri, rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə danışıb. Qeyd edək ki, MBL adında laboratoriya olmasına baxmayaraq o, institutdur. Professor Q. Mürşüdov bu institutda qrup rəhbəridir. İnstitutda qrup adı qurumdakı laboratoriyadir. Nobel mükafatları bu institutda alınıb.
Professor Q.Mürşüdov rəhbəri olduğu laboratoriyada uzun illər ərzində həyata keçirilmiş tədqiqatlar, DNT-nin ikiqat spiralının öyrənilməsi sahəsində aparılmış tədqiqatlar, kəşflər barədə məlumat verib. Qeyd edib ki, bu sahədə tədqiqatlar DNT zülalının öyrənilməsində açar rolunu oynayıb. O əlavə edib ki, rəhbəri olduğu laboratoriyada 15 Nobel mükafatı laureatı yetişib. Bu laboratoriyanı “Nobel mükafatı zavodu” adlandırırlar. Sonuncu dəfə 2019-cu ildə laboratoriyanın alimlərindən biri bu yüksək elmi mükafata layiq görülüb. Professor əlavə edib ki, rəhbərlik etdiyi qurumun maliyyəsi 200 milyon dollardır, ancaq laboratoriyanın cəmiyyətə, ölkəyə verdiyi fayda milyard dollarlarla ölçülür. Q.Mürşüdov deyib ki, elmi tədqiqatlar sahəsində gənclərə yer verilməlidir. O, universitetin, elmi qurumun uğurlu fəaliyyəti üçün çox vacib 3 faktorun əhəmiyyətli olduğunu qeyd edib:
*Maliyyə - qurumun fəaliyyəti üçün kifayət qədər maliyyəsi olmalıdır;
*Mühit - elmi sahədə uğurlu olmaq üçün əlverişli şərait olmalıdır;
*Nəzarət - qurumun fəaliyyətinə nəzarət olmalıdır, onun fəaliyyətinin məqsədə müvafiq olub-olmadığı müəyyən edilməlidir.
Professor hesab edir ki, elmi qurumların fəaliyyətinə nəzarət olmalıdır, yəni əgər bu fəaliyyət qənaətbəxş deyilsə, o bağlanmalı və başqa işlə məşğul olmalıdır.
Laboratoriyada aparılan işlərin istiqamətləri barədə danışan professor qeyd edib ki, zülalların quruluşunun və strukturunun öyrənilməsi çox vacibdir, onlara təsir etməklə dərman maddələrinin hazırlanmasını təmin etmək olar. Elmi tədqiqatlarda süni intellektin istifadə imkanlarına gəlincə, Q.Mürşüdov qeyd edib ki, əslində süni zəkadan istifadə verilənlər bazasından, yeni metodlardan, statistikadan, riyazi üsullardan istifadə etməklə qərar verməkdir.
“Yeni biliklər yalnız eksperimentlərlə mümkündür. Eksperimentlər bizə maddələrin strukturu barədə biliklər verir. Kompüter elmləri, statistika, proqramlaşdırma lazımdır ki, bilik yarada biləsiniz. Dərin biliklər vacibdir, ancaq düşüncə də çox vacibdir. Biz bilikləri birləşdirməklə modellər qururuq”.
Daha sonra görüş fəal interaktiv formatda, tələbələrin kembricli professora ünvanladıqları maraqlı suallar və cavablarla davam edib. Maraqlı məqam və həm də sevindirici hal odur ki, ali məktəblərimizin tələbə gəncləri arasında elmə və tədqiqatlara, bu sahədə özünü inkişaf etdirməyə həvəsli olanlar çoxdur. Onların maraq dairələrində elm necə təşkil olunmalıdır, tədqiqatları necə aparmaq, necə uğur qazanmaq, elmdə yüksək nəticələrə necə çatmaq olar kimi məsələlər var. Professor Qərib Mürşüdovun tələbələri maraqlandıran suallara verdiyi cavablardan önəmli məqamlar:
Qeyd edək ki, Qərib Mürşüdov 1962-ci ildə Şəmkir rayonunun Dəllər Cəyir kəndində anadan olub. 1985-ci ildə Bakı Dövlət Universitetinin tətbiqi-riyaziyyat fakültəsini bitirib. İki il AMEA-nın indiki Molekulyar Biologiya İnstitutunda işlədikdən sonra Moskvada Kristalloqrafiya İnstitutunun aspiranturasına qəbul olub. 1993-cü ildə elmi işini müvəffəqiyyətlə müdafiə etdikdən sonra Böyük Britaniyanın York Universitetinin kimya fakültəsinə işə qəbul olunub. 18 il Britaniyanın York Universitetində çalışıb. 2011-ci ildən Kembricdəki Molekulyar Biologiya Laboratoriyasında (MBL) qrup rəhbəridir. MBL-nin maraqlı tərəfi odur ki, bura molekulyar biologiyanın anadan olduğu yerdir - zülal və DNT ardıcıllıqları məhz bu laboratoriyada öyrənilir.
Oruc MUSTAFAYEV
|
|
24.04.2024 | 09:40 | |
|
|
|