TKTA: Bu il 11 ali təhsil müəssisəsində institusional, 14-də proqram akkreditasiya keçiriləcək
Məlumdur ki, ölkəmizdə ali təhsil müəssisələrinin akkreditasiyası həyata keçirilir. Akkreditasiya ali təhsil müəssisəsinə güclü və zəif tərəflərini müəyyənləşdirməyə və strateji inkişaf proqramı əsasında inkişaf etməsinə imkan verir. Bundan əlavə, akkreditasiya peşə təhsili müəssisələrini də əhatə edir. Hədəf ölkəmiz üçün yüksəkixtisaslı mütəxəssis hazırlığına nail olmaqdır. Hazırda ali təhsil və peşə təhsili müəssisələri üzrə keçirilən akkreditasiyaların icra vəziyyəti necədir? Akkreditasiya hansı meyarlar üzrə aparılır? 
   
“Azərbaycan müəllimi” xəbər verir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) bütün suallara aydınlıq gətirib. Agentliyin məlumatında qeyd olunur ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının 2023-cü il ərzində keçirilmiş iclaslarında  Akkreditasiya Komissiyaları tərəfindən hazırlanmış hesabat və təhlillər əsasında keçirilmiş səsvermənin nəticələrinə uyğun olaraq 7 ATM-nin institusional akkreditasiya nəticələri “əsasən uyğundur” hesab edilərək, növbəti 5 il müddətinə akkreditasiya olunub.  3 universitetin institusional akkreditasiya nəticələri “uyğun deyildir” və “qismən uyğundur” hesab edilərək qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətinin növbəti 2 il uzadılması və təhsil müəssisəsinin 1 ildən sonra təkrar akkreditasiya edilməsi qərarı alınıb. 
   
Qeyd edək ki, 2024-cü ildə 11 ali təhsil müəssisəsində institusional, 14 ali təhsil müəssisəsində isə “İbtidai sinif müəllimliyi” ixtisası üzrə proqram akkreditasiya qiymətləndirməsinin həyata keçirilməsi nəzərdə tutulub. Agentlik tərəfindən təsdiq edilmiş 2024-cü il İnstitusional Akkreditasiya qrafikində Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Biznes Universiteti, Qərbi Kaspi Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Slavyan Universiteti və 2023-cü təqvim ilindən institusional akkreditasiya qiymətləndirilməsi təxirə salınan və “qismən uyğundur”, “uyğun deyil” kimi qiymətləndirilən ali təhsil müəssisələrinin institusional akkreditasiya qiymətləndirilməsinin keçirilməsi nəzərdə tutulub. 
     
Bundan əlavə, cari il ərzində peşə təhsili müəssisələrinin akkreditasiyası üzrə qiymətləndirmə meyarlarının hazırlanması və 4 peşə təhsili müəssisəsinin pilot akkreditasiyasının keçirilməsi planlaşdırılır. 
 
     
TKTA-nın məlumatında qeyd olunur ki, akkreditasiya prosesi Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Standartlar və Təlimatlar (European Standards and Guidelines) əsasında hazırlanmış  akkreditasiya meyarları əsasında aparılır. Ali təhsil müəssisələrinin institutsional akkreditasiya qiymətləndirməsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli KQ-05 nömrəli Qərarı ilə təsdiq edilmiş institusional akkreditasiya meyarlarına (7 istiqamət, 30 meyar, 271 indikator) əsasən həyata keçirilir. Qiymətləndirmə prosesi Agentlik tərəfindən Akkreditasiya qaydalarına uyğun olaraq yaradılmış müstəqil Akkreditasiya Komissiyası tərəfindən müvafiq indikatorlar üzrə aparılır. 
 
   
Proqram akkrediyasiyasına gəlincə, təhsil proqramının akkreditasiyası qüvvədə olan müvafiq təhsil pillələri üzrə təsnifatlara istinadən təşkil olunur. Proqram akkrediyasiya təhsil müəssisələrində tədris edilən təhsil proqramlarının maddi-texniki və tədris bazasını, təhsilverənlərin keyfiyyət göstəricilərini və təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsinin əmək bazarının tələblərinə uyğunluğunu və proqramın icrasını qiymətləndirir. Bundan əlavə, proqram akkreditasiya hər bir ixtisas üzrə kadr hazırlığı potensialının və təhsilalanların say həddinin müəyyən olunmasına hüquqi təminat yaradan prosedurdur.
 
 
Oruc MUSTAFAYEV


23.04.2024 | 14:49