Çin ali təhsildə necə sıçrayış etdi? -TƏHLİL | |
Son illərdə Çin ali məktəblərin mərkəzdən asılılığına son qoyulmasına, bazar tələblərinin nəzərə alınmasına, tədris və elmdə rəqabət mühitinin yaradılmasına və universitetlərin beynəlmiləlləşməsinə üstünlük verməyə başlayıb. Nəticədə, Çin universitetlərinin son illərdə dünya səviyyəli universitetlərə çevrilməsi təcrübəsindən bəhs etmək olar. Çin ali təhsili necə inkişaf etdi? Çin ali təhsil sisteminin son onilliklərdə sıçrayışlı uğurları nə ilə bağlıdır?
1978-ci ildə islahatlar dövrünün başlanğıcından Çin hökuməti ölkədə ali təhsil sektorunun təkmilləşdirilməsinə böyük əhəmiyyət verir. Məqsəd təkcə Çinin iqtisadi inkişafı üçün çox zəruri hesab olunan universitet məzunlarının sayını artırmaq deyil, həm də qlobal səhnədə rəqabət apara biləcək tədqiqat universitetləri yaratmaq idi.
İslahat dövründə Çin universitetlərinin rəqabət qabiliyyətinin artması elmi statistikada özünü göstərdi. 1995-2007-ci illərdə Çində elmi nəşrlərin sayı altı dəfədən çox artaraq ildə 56 min təşkil edib. Bunlar Çin ali təhsil sisteminin modernləşdirilməsinin nəticələridir. Mütəxəssislər qeyd edirlər ki, Çində universitet sisteminin modernləşdirilməsi bütün səviyyələrdə aparılıb. Buraya universitetlərin öz daxilində idarəetmənin dəyişdirilməsi və tədris prosesinin təkmilləşdirilməsi daxildir. Bununla yanaşı, islahat üçün əlverişli bir vəziyyətin inkişaf etdiyini nəzərə almaq lazımdır. Çin ali məktəblərinin qloballaşması mədəniyyətin qərbləşməsi şəraitində baş verdi və universitetlərin beynəlxalq rəqabət qabiliyyətinin artması milli iqtisadiyyatın şaxələndirilməsi və rəqabətin artması ilə əlaqələndirildi. Çinin ali məktəb sistemi regional iqtisadiyyatın tələblərini nəzərə aldı. Ölkə universitetlərinin yenilənməsinə rəsmən 1985-ci ildə Çin Kommunist Partiyasının Mərkəzi Komitəsi tərəfindən qəbul edilmiş “Təhsil islahatları ilə bağlı qərarlar”ın qəbulundan sonra başlandı. Sənəddə dövlət və universitetlər arasındakı münasibətlərin ali təhsil müəssisələrinin səlahiyyətlərini genişləndirərək dəyişdirilməsi təklif edildi. Bu vaxta qədər ali məktəbi modernləşdirməyin lazım olduğu artıq aydın idi, çünki ölkədə iş tapmaqda çətinlik çəkən aşağı ixtisaslı mütəxəssislər hazırlanırdı. 1993-cü ildə islahat iki əsas hədəfə əsaslanaraq həyata keçirilməyə başladı:əmək bazarının ehtiyaclarını nəzərə almaq və ali təhsilin regionlaşdırılması (bundan əvvəl universitetlərin idarə edilməsi mərkəzləşdirilmiş və planlı iqtisadiyyatın vəzifələrinə tabe edilmişdi).
İslahat nəticəsində təhsilə dair iki qərar qəbuletmə səviyyəsi meydana çıxdı: Dövlət Şurası və Təhsil Nazirliyi. Bu qurumlar ali məktəbin inkişafının strateji məsələlərinə cavabdeh idilər, regional idarəetmə orqanları ali məktəbləri idarə etməyə və ərazilərin innovativ inkişafı üçün kadr hazırlığına nəzarət etməyə başladı.
OECD-nin mütəxəssislərinin hesablamalarına əsasən, 1997- ci ildən 2004-cü ilə qədər Çindəki regional universitetlərin sayı iki dəfə - 655-dən 1394-ə yüksəldi. Təcrübədə regional təhsilin inkişafına diqqətin artırılması yerlərdə texnoparkların, biznes inkubatorlarının və zəruri ixtisaslara sahib mütəxəssislər hazırlayan təlim mərkəzlərinın yaradılmasına əsaslanırdı.
Beləliklə, əsas hədəf bütövlükdə ölkənin və xüsusən də bölgələrin iqtisadi inkişafının təmin olunmasının vacibliyinə yönəlmişdi. Bazar dəyişiklikləri ilə əlaqəli bölgələşmə əvvəlcə sürətlə böyüyən iqtisadiyyatda, yalnız bundan sonra təhsil sistemində özünü göstərdi.
İnstitusional islahatlarla yanaşı, hökumət ali təhsil müəssisələrinin yaradılmasını və genişləndirilməsini təşviq etdi və təhsilə dövlət xərclərini əhəmiyyətli dərəcədə artırdı. Təkcə 1998-2003-cü illər arasında təhsilə dövlət xərcləri hər il ümumi dövlət xərclərinin bir faiz bəndi qədər artırıldı. Bu ümumi səylərə əlavə olaraq, Çin hökuməti rəqabət əsasında seçilmiş institutlara maliyyə dəstəyi verməyə və bununla da islahatları və innovasiyaları təşviq etməyə yönəlmiş xüsusi maliyyələşdirmə proqramlarına başladı.
Təhsil islahatının prinsipləri 1995-ci ildə dövlət universitet sistemində islahatların aparılmasının dörd əsas prinsipini müəyyənləşdirdi: birgə inkişaf (universitetlərin bizneslə əməkdaşlığı), universitetlərin yenidən qurulması, genişlənmə və əməkdaşlıq.
Birgə inkişaf prinsipi universitetləri regional hakimiyyət orqanlarının və biznesin ehtiyaclarını nəzərə almağa təşviq etdi. Eyni zamanda, universitetlər müştərilərdən əlavə maliyyə aldılar – bölgənin xüsusiyyətlərini nəzərə alaraq tətbiqi proqramlar və elmi tədqiqatlar müqabilində. Beləliklə, yerli iqtisadiyyatın maraqlarına əsaslanaraq, ölkənin qərb əyalətlərindəki universitetlər ekoloji və texniki mühəndislik, nəqliyyat və kənd təsərrüfatının inkişafı proqramlarını həyata keçirməyə başladılar. Şərq bölgələrinin universitetləri kompüter texnologiyası və biznes idarəçiliyi sahəsində ixtisaslaşdılar.
Yenidənqurma bütün universitetləri Təhsil Nazirliyinin tabeliyinə verdi və bununla da sənaye tabeliyini ləğv etdi. Bu prinsip universitetlərin genişlənməsi ilə müşayiət olundu, daha yaxşı idarəetmə ilə daha güclü universitetlərin yaradılması təmin olundu.
Universitetlərin əməkdaşlığı ali məktəblərin vahid şəhərcik şəbəkəsinin yaradılmasını və tələbələrin təkcə öz profillərində deyil, professor mühazirələrini dinləmələrini təmin etməyi əhatə edirdi.
Dünya səviyyəli universitetlərin yaradılması Çin ali məktəbinin islahatı universitetlərin dünya liderlərinə tanıdılmasını da əhatə edirdi. 1995-ci ildə ölkənin yüzlərlə ən yaxşı universiteti üçün tədris və elmdə əhəmiyyətli irəliləyiş əldə etmək vəzifəsi qoyan, seçilmiş 116 universitetin ümumi inkişafına kömək edən “Layihə 211” adlı proqramın icarasına başlanıldı. Proqramda ali məktəblərin infrastrukturunun və tədris planlarının yaxşılaşdırılması, həmçinin gələcək iqtisadiyyat üçün kadr hazırlığı institutları şəbəkəsinin yaradılması nəzərdə tutulurdu. Mühəndislik və texnoloji sahələr, fizika və biologiya prioritet hazırlıq istiqamətləri oldu.
“Layihə 211”-i 1998-ci ildə Çinin o vaxtkı prezidenti Tszyan Tszeminin Pekin Universitetinin 100-cü illiyindəki çıxışından sonra elan etdiyi “Layihə 985” proqramı əvəz etdi. Beləliklə, Çində dünya səviyyəli universitetlərin yaradılması kursu planlaşdırıldı. Bununla da Çin universitetlərinin dünyada aparıcı mövqelərə mərhələli çıxmasını nəzərdə tutan dünya səviyyəli universitetlərin yaradılması və qabaqcıl elmi istiqamətlərin işlənməsi kompleks layihəsinin icrasına başlanıldı.
1999-cu ildən başlayaraq ölkənin “Layihə 985”də təmsil olunan 9 aparıcı universiteti əhəmiyyətli pul tranşları almağa başladı. 2001-ci ildə “Layihə 985”də yer alan universitetlərin sırasına daha 30 universitet əlavə edildi. Hər iki layihə ölkənin yeni dövrün qlobal çağırışlarına cavab oldu və universitetlərə tədqiqat üçün infrastruktur yaratmağa, bizneslə əməkdaşlıqda və dünyanın aparıcı universitetləri ilə elmi mübadilədə mövqelərini möhkəmləndirməyə, həmçinin görkəmli alimləri cəlb etməyə imkan verdi.
2015-ci ildə Çin həm kiçik bir qrup elit universitetlər qrupunu, həm də daha çox sayda yüksək ixtisaslaşdırılmış tədqiqat fakültələrini dünya səviyyəsinə çatdırmağı hədəfləyən “İkiqat Birinci Sinif İnkişaf Planı” adlı yeni maliyyələşdirmə proqramını elan etdi.
Rəqabət sayəsində tədris yaxşılaşdı
Ali təhsil sistemində aparılan islahat müəllimlər üçün rəqabət mühiti yaratdı ki, bu da onların peşəkar inkişafına təkan verdi və iş keyfiyyətini yaxşılaşdırdı. Əvvəla, müəllimlərin işə qəbulu prinsipi dəyişdi, müəllimlər ömürlük deyil, müqavilə əsasında işə götürüldü. Təyinatlar müsabiqə yolu ilə həyata keçirilməyə başladı. Universitet namizədləri xarici namizədlərlə rəqabət aparmalı oldular. İşə qəbul və yüksəliş prosesi müəllimin işinin nəticələrinin sertifikatlaşdırılmasına əsaslandı.
Tədrisin qiymətləndirilməsinin bal sisteminə nəşrlər, intellektual hüquqlar (patentlər, əmtəə sertifikatları və s.), kitablar, tədqiqat layihələri (milli, regional, birgə) kimi nominasiyalar daxildir.
Universitetlərdə istedadlı alimləri cəlb etmək üçün cəlbedici xüsusi proqramlar ortaya çıxdı: “Görkəmli professor”, “Görkəmli tədqiqatçı”, “Səhər ulduzu”. Universitetlər xarici ali təhsil müəssisələrinin PhD dərəcəsini almış və xaricdə iş təcrübəsi olan kadrları işə götürən fakültələri də təşviq etməyə başladı.
Geriyə beyin axını Təhsilin beynəlmiləlləşməsinə üstünlük verən Çin xaricdən ən müasir keyfiyyətlərə sahib bir çox mütəxəssis cəlb etdi. Ölkədə dünya səviyyəli ali məktəblərin yaradılması Ümumdünya Ticarət Təşkilatına daxil olmaq və ixracyönümlü sahələrin dəstəklənməsi ilə paralel gedirdi.
Çin universitetlərinin dünyanın aparıcı universitetləri ilə aktiv mübadiləsi sistemi 30 ildən çoxdur ki, davam edir. Bu müddət ərzində Pekin Universiteti, məsələn, dünyanın 200-dən çox universiteti ilə mübadilə sistemi qurdu.
Diplomların beynəlxalq səviyyədə tanınması məsələləri də həll edildi. 1980-ci illərdə Asiya və Sakit Okean bölgəsində ali təhsil diplomlarının tanınması haqqında Regional Konvensiya imzalandı. Çin Avropa ölkələri – Almaniya, Fransa, Böyük Britaniya ilə ikitərəfli müqavilələr bağladı.
2000-ci illərdə çinli tələbələrin xarici universitetlərə axını artdı. Ancaq ölkə bundan çox qazandı. Fakt budur ki, Avropada və ya ABŞ-də təhsil alan bir çox gənc vətənə qayıtdı və onların bilikləri milli iqtisadiyyatın inkişafına töhfələr verdi.
Tədqiqatçılar “beyin axını”nı gediş prosedurunun liberallaşdırılması və çinlilərin rifahının artması ilə əlaqələndirirlər. Bu və ya digər şəkildə ölkə təhsilli gənclərin vətənə qayıtması üçün hər şeyi etdi. Xüsusilə bu cür mütəxəssislər işə müraciət edərkən üstünlük qazanır, yaxşı maaş alır və vergi güzəştlərinə malikdirlər.
Xaricdə təhsil alan çinli tələbələr üçün aparıcı istiqamətlər
Çində tələbələrin ümumi sayı və orta təbəqənin ümumi iqtisadi zənginliyi artdıqca xaricdə təhsil alan çinli tələbələrin sayı da artır. Bir çox Qərb ölkələri üçün çinli tələbələr beynəlxalq tələbələrin ən böyük payını təmsil edir və təhsil haqqı üçün əhəmiyyətli amildir. Bu inkişaf yalnız 2020-ci ildə ölkədən gedən tələbələrin əhəmiyyətli dərəcədə azalmasına səbəb olan koronavirus pandemiyasının yayılması ilə dayandırıldı. ABŞ uzun müddət çinli tələbələr üçün üstünlük verilən yer idi, lakin son illərdə iki ölkə arasında artan gərginliklə əlaqədar Böyük Britaniya çinli tələbələr üçün ən cəlbedici ölkə olub. Hələ 2015-ci ildə Şimali Amerika və Avstraliya çinli tələbələr üçün Avropa və Asiyadan daha cəlbedici idi, lakin hazırda vəziyyət dəyişib.
Son illərdə beynəlxalq təhsil almaq artıq Çində zəngin təbəqə üçün nəzərdə tutulmuş bir imkan deyildi. Son bir neçə onillikdə ölkənin güclü iqtisadi inkişafı sayəsində daha çox ailə xaricdə təhsil almaq xərclərini ödəyə bilir. 2000-2019-cu illər arasında xaricdə təhsil alan çinli tələbələrin sayı 17 dəfə artaraq 2019-cu ildə 700 mindən çox olub.
Çinin genişlənən orta təbəqəsindən olan beynəlxalq tələbələrin sayının artması xaricdə təhsil alanların şaxələnməsinə səbəb olub. Böyük Britaniyada birillik magistr təhsili kimi daha sərfəli proqramlar və Yaponiya, Almaniya və Fransadakı proqramlar bir çox çinli tələbələr üçün üstünlük verilən seçimlər kimi ortaya çıxdı.
COVID-19 pandemiyası və sonrakı səyahət məhdudiyyətləri səbəbindən xaricdə təhsil alan çinli tələbələrin ümumi sayının əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, 2021 – 2022-ci tədris ilində 150 mindən çox çinli tələbə Böyük Britaniyada təhsil alıb. Bu populyarlıq ABŞ və Avstraliya ilə müqayisə təhsil haqlarının nisbətən aşağı olması ilə əlaqədardır. 2022-ci ildə Çində 3013 dövlət kolleci və universitet mövcud olmuşdur. Bundan əlavə, ötən il Çində tələbələr üçün 764 özəl kollec və universitet açılıb. Çin ali təhsil sisteminin cəlbediciliyi də artıb. 2022-ci ildə təxminən 10,15 milyon tələbə Çində dövlət universitetlərinə daxil olub. Bunlardan təxminən 4,76 milyon tələbə bakalavr pilləsi proqramlarında, 5,39 milyonu isə daha praktik yönümlü qısamüddətli dərəcə proqramlarında təhsil almaqdadır. Ali məktəblərin büdcəsi də artım dinamikasına malikdir. Çinin aparıcı universitetlərinin 2023-cü il üçün büdcə planlaşdırması göstərdi ki, Tsinhua Universiteti ölkənin bütün universitetləri arasında ən böyük büdcəyə sahiblik edir.Tsinhua Universitetinin 2023-cü il üçün büdcə planı təxminən 41,09 milyard yuan təşkil edib. Ötən il Çinin 24 universitetinin büdcəsi on milyard yuanı keçib.
Reytinqdə öndə
Ali təhsil sahəsində qəbul olunan direktivlər, o cümlədən “Layihə 211”, “Layihə 985” layihələri Çin ali təhsil müəssisələrinin dünya reytinqlərində öncül yerini təmin edib. Çin universitetlərinin standartlarının yaxşılaşdırılmasına yönəlmiş nəhəng investisiyalar Çinin son illərdə ali təhsil nüfuzunun kəskin artmasına səbəb olub. Çin universitetləri ilk dəfə 2013-cü ildə beynəlxalq universitet reytinqlərində sıçrayış edib. Həmin ildə Böyük Britaniyanın “QS World University Rankings” nəşri onlarla Çin ali təhsil müəssisəsini qlobal reytinq sırasına daxil etdi. 3 Çin universiteti isə dünyanın ən yaxşı 100 universiteti arasında yer aldı.
Ölkənin aparıcı ali təhsil müəssisələrindən Tsinhua Universiteti və Pekin Universiteti 2024-cü ildə Böyük Britaniyanın "Times Higher Education World University Rankings" sıralamasında dünyanın ən yaxşı top-20-liyində yer aldı. Bütövlükdə 100 ən yaxşı ali təhsil müəssisəsi arasında isə Çinin 7 universiteti - Tsinghua University (12), Peking University (14), Shanghai Jiao Tong University (43), Fudan University(44), Zhejiang University (55), University of Science and Technology of China (57), Nanjing University (73) yer alıb. Asiyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinqinə də Çin universitetləri başçılıq edir. "Times Higher Education”-nun Asiya universitetlərinin 2023-cü il reytinqinə Çinin Tsinhua Universiteti başılıq edir. Bu ali məktəb artıq 4-cü ildir ki, liderliyini qoruyub saxlamaqdadır. İkinci yerdə isə Çinin digər ali təhsil müəssisəsi – Pekin Universteti yerləşib.
Yeni hədəflər
Rəsmi məlumata əsasən 2035-ci ilə qədər Çin:
Ali təhsilin intensiv inkişaf strategiyasına müvafiq olaraq Çin 2035-ci ilə qədər dünyanın ən böyük yüksək keyfiyyətli və əlçatan ali təhsil sistemini formalaşdırmağa və beynəlxalq arenada rəqabət qabiliyyətliliyini artırmağa can atır (“Higher education in China:current state and the main directions of development until 2035”, “University Pedagogical Journal”. 2022; 1:43–49).
Beləliklə, XX əsrin sonu - XXI əsrin əvvəllərində həyata keçirilən təhsil islahatları bir sıra Çin universitetlərini lider mövqeyə gətirərək dünyanın ən irimiqyaslı ali təhsilli ölkəsinə çevirdi. Oruc MUSTAFAYEV
|
|
23.04.2024 | 10:06 | |
|
|
|