Pilot layihənin icrası ilə əlaqədar görülən işlər müzakirə olunub | |
“Lənkəran Dövlət Universiteti ilə (LDU) Astara, Lənkəran və Yardımlı rayonlarının ümumtəhsil məktəbləri arasında elmi-pedaqoji əməkdaşlığın yaradılmasına dair pilot layihənin icrası təhsilin inkişafına öz töhfəsini verəcək”. Bu fikirlər Astara rayonunun Artupa kənd orta məktəbində “Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı haqqında pilot layihənin tətbiqi barədə” təhsil nazirinin 27 noyabr 2017-ci il tarixli əmrinin icrası ilə əlaqədar keçirilən konfransda səsləndirilib.
Tədbirdə çıxış edən Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov ölkəmizdə təhsilin inkişafı istiqamətində həyata keçirilən islahatlar barədə danışıb. Bildirib ki, pilot layihə Lənkəran Dövlət Universiteti ilə Astara, Lənkəran və Yardımlı rayonlarının ümumtəhsil məktəblərində yaradıcı və təşəbbüskar mühitin təmin edilməsinə, tədris-metodik işlərin effektiv qurulmasına, müəllimlərin peşə bacarıqlarının və şagirdlərin təlim nailiyyətlərinin davamlı inkişafına, istedadlı şagirdlərin fənn olimpiadalarına, tədqiqat işlərinə marağının artırılmasına, eləcə də qabaqcıl pedaqoji təcrübə nümunələrinin aşkara çıxarılıb yayılmasına xidmət edir.
LDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən dosent İdrak Əskərov çıxışında bildirib ki, pilot layihənin icrası ilə əlaqədar 20172018 və 20182019-cu dərs illəri üzrə tədbirlər planı hazırlanıb. Tədbirlər planına müvafiq olaraq universitetin əməkdaşları ötən tədris ilində Astara və Yardımlı rayonlarının bir sıra ümumtəhsil məktəblərində riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə müəllimlərə ustad dərsləri keçiblər.
Qeyd olunub ki, LDU-nun mütəxəssis müəllimləri tərəfindən həmin fənlər üzrə məktəb müəllimlərinin dərsləri dinlənilib, dərslər “dəyirmi masa”da müzakirə edilərək müəllimlərə zəruri tövsiyələr verilib.
Diqqətə çatdırılıb ki, Astara və Yardımlı rayonlarının ümumtəhsil məktəblərində istedadı ilə fərqlənən şagirdlər aşkar edilərək onların fənn olimpiadalarına hazırlanması istiqamətində müəyyən tədbirlər həyata keçirilib.
Pilot layihənin icrası ilə əlaqədar LDU-da fizika, riyaziyyat, kimya və biologiya fənləri üzrə IX-XI sinif şagirdləri arasında keçirilən regional olimpiadada Astara və Yardımlı rayonlarının şagirdləri xüsusi fəallıq nümayiş etdiriblər.
Yeni dərs ilində LDU-nun müəllimləri pilot layihənin icrası ilə əlaqədar Astara, Lənkəran və Yardımlı rayonlarının ümumtəhsil məktəblərində fəaliyyətlərini davam etdirirlər.
Konfransda çıxış edən Astara Rayon tcra Hakimiyyəti başçısının müavini Qızbəs Məmmədova, Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin baş məsləhətçisi Rövşən Ağayev, Astara Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov, Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov, Astara şəhər 5 nömrəli tam orta məktəbin kimya müəllimi Dilbər Kərimova pilot layihənin icrası istiqamətində görülən işlərdən danışaraq layihənin davamlı olması və icra mexanizmi ilə əlaqədar təkliflərini bildiriblər.
Tədbirin sonunda pilot layihənin icrasında fərqlənən müəllimlərin bir qrupuna fəxri fərmanlar təqdim olunub.
|
|
03.11.2018 | 10:18 | |
|
|
|