Aqrar Universitet ilə Diclə Universiteti arasında memorandum imzalanıb

Türkiyənin Diclə Universitetinin rektoru Mehmet Karakoç və beynəlxalq şöbənin əməkdaşı Cihad Gündüz Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər edib.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərin məqsədi Aqrar Universitetin maddi-texniki bazası və akademik heyəti ilə yaxından tanış olmaqla yanaşı, birgə əməkdaşlığın perspektivlərini nəzərdən keçirmək olub.

 

Qonaqlarla görüşən ADAU-nun rektoru Zəfər Qurbanov ölkəmizin yeganə ali kənd təsərrüfatı yönümlü ali təhsil müəssisəsi ilə Diclə Universiteti arasında əməkdaşlıq imkanlarını müzakirə edib. Rektor hər iki universitet arasında davamlı və səmərəli əməkdaşlıq əlaqələrinin əhəmiyyətini xüsusi vurğulayıb.

 

Mehmet Karakoç Azərbaycan Dövlət Aqrar Universitetində olmaqdan məmnunluğunu bildirərək, birgə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

 

Sonda ADAU ilə Diclə Universiteti arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

Daha sonra qonaqlar ADAU-nun müasir laboratoriyaları, tələbə parkı, baytarlıq klinikası, açıq və qapalı balıq yetişdirmə laboratoriyaları, istixana və heyvandarlıq kompleksi və sahəvi laboratoriyalarına baş çəkiblər.

 

 



22.04.2024 | 17:41