IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib

Aprelin 20-də IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib.

 

Bu barədə “Azərbaycan müəllimi”nə Bakı Dövlət Universitetindən (BDU) məlumat verilib.

 

Bildirilib ki, BDU-da və Naxçıvan şəhərində STEAM Təlim-Tədris Mərkəzində keçirilən müsabiqədə olimpiadanın respublika turunu keçən 100-ə yaxın şagird iştirak edib.

 

Olimpiadanın təşkilatçıları BDU, Azərbaycan Respublikasının Təhsil İnstitutu,  Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Həvəskar Astronomiya Cəmiyyəti” İctimai Birliyidir.

 

Olimpiadanın final mərhələsinin qalibləri bu il 17-26 avqust tarixlərində Braziliyada keçiriləcək XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaq və seçmə imtahanından uğurla keçən komanda ölkəmizi beynəlxalq olimpiadada təmsil edəcək.

 

Qaliblər Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Təhsil İnstitutunun dəstəyi ilə iştirak edir. IV Azərbaycan Astronomiya Olimpiadası və XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilir.

 



21.04.2024 | 14:30