Uşaqların əksəriyyəti I sinfə müsabiqəsiz qəbul edilir | |
Ölkə üzrə 4329 ümumi təhsil müəssisəsindən 12-si istisna olmaqla (lisey, gimnaziyalar, incəsənət yönümlü müəssisələr) dövlət ümumi təhsil müəssilərinə 1-ci sinfə qəbul prosesində heç bir müsabiqə həyata keçirilmir.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, bu da təxminən ölkə üzrə şagirdlərin ümumi sayının 0,5 faizindən də azdır.
Bəzi lisey və gimnaziyalara uşaqların qəbulu zamanı müsabiqə keçirilməsində məqsəd onların xüsusi hazırlıqlarının yoxlanılması üçündür.
Eyni zamanda dövlət ümumi təhsil müəssisələrinin isə tədris digər dillərdə aparılan birinci siniflərinə qəbul zamanı müsahibələr uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə təşkil olunur.
Digər hallarda isə I siniflərə qəbul www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə ərizələrin onlayn qeydiyyatı və məktəbəhazırlıq qruplarından avtomatik olaraq yerləşdirmə yolu ilə aparılır.
Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir. Qeydiyyat valideyn (və ya digər qanuni nümayəndə) tərəfindən aparıla bilər.
1-ci sinfə qəbul prosesi 1 may tarixində başladıqda Azərbaycan bölməsi üzrə 82 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq 1-ci sinfə qaldırılacaq. Bu da təxminən məktəbyaşlı uşaqların ümumi sayının 70%-ni təşkil edir.
Qeyd edək ki, 1 may tarixindən 13 sentyabr tarixinə qədər məktəbəqəbul elektron sistemində valideynlər qeydiyyatdan keçərək şəxsi kabinet yarada biləcəklər.
|
|
20.04.2024 | 16:19 | |
|
|
|