“Xaricdə təhsil mənə özümü daha geniş miqyasda tanıtmağa imkan verəcək” | |
Tanıtım. Ötən həftə daha bir Azərbaycan məktəblisinin uğuruna şahid olduq. Bakı şəhəri Namiq Axundov adına 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Gülnur Ağakişiyeva ABŞ-nin 5 nüfuzlu ali məktəbindən qəbul alıb. Belə ki, o, “Illinois Urbana Champaign”, Purdue və Penn Dövlət universitetlərində təhsil almaq imkanı əldə edib, Corc Vaşinqton Universitetindən 15.000 dollar, Fordham Universitetindən isə illik 25.000 dollar dəyərində təqaüd hüququ qazanıb.
Artıq bu ali təhsil müəssisələrinin siyahısına Kanadanın “British Columbia” Universiteti də əlavə olunub. “Azərbaycan müəllimi” qəzetinin qonağı olan Gülnur Ağakişiyeva 11 illik məktəb həyatından, əldə etdiyi uğurlarından, gələcək hədəflərindən söz açıb.
Uğurlarımın ilk başlanğıc məkanı məhz məktəbdir
Gülnur bir şagird olaraq 11 illik təhsil həyatının onun üçün olduqca maraqlı və kifayət qədər uğurlu nəticələrlə yadda qaldığını deyir: “Oxuduğum illər ərzində müxtəlif fəaliyyətlərim və nailiyyətlərim olub. Və mənim üçün uğurlarımın ilk başlanğıcı məktəbdir. VIII sinifdə Respublika fənn olimpiadalarının Azərbaycan dili və ədəbiyyat fənni üzrə yarımfinalçısı, IX sinifdə isə finalçısı olmuşam. X sinifdə Azərbaycan Linqvistika Olimpiadasının finalçısı və “HIPPO” beynəlxalq ingilis dili olimpiadasının respublika mərhələsinin birincisi olaraq ölkəmizi Türkiyədə təmsil etmişəm”.
Gülnur ABŞ hökuməti tərəfindən maliyyələşdirilən “FLEX” (Future Leaders Exchange Program) proqramının finalçısıdır. Builki “Teen Eagle” beynəlxalq ingilis dili olimpiadasının qızıl mükafatçısıdır. Məktəbdə öyrəndiklərini yarış və müsabiqələrdə əldə etdiyi nəticələri ilə təsdiqləyən yeniyetmə oxuduğu təhsil ocağının ictimai həyatında, eləcə də ölkəmizdə keçirilən tədbirlərdə, həmçinin bir sıra ölkələrdə təşkil olunan bilik yarışlarında, təhsil proqramlarında fəallığı ilə seçilib. O, “Bir könüllü” Tələbə Təşkilatının təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil edilən “Məktəbli könüllü” proqramının üzvüdür. Proqram çərçivəsində bu yaxınlarda keçirilən forumda təlimçi kimi çıxış edib. Yüksək reytinqli xarici ali təhsil müəssisələrinə qəbul almış “Məktəbli könüllü” proqramının fəallarından biri kimi məktəblimiz müxtəlif mübadilə, təqaüd proqramları və öz təcrübəsi barədə ətraflı məlumat verib.
Gülnur adıçəkilən proqramın onun bir yeniyetmə olaraq sosial inkişafında, komanda işini formalaşdırmaq təcrübəsi əldə etməyində, əməkdaşlıq, liderlik, analitik düşüncə keyfiyyətlərini gücləndirmək baxımından xüsusi önəmi olduğunu söyləyir: “Mənim üçün belə layihələrdə iştirak etmək olduqca maraqlıdır. Elm və Təhsil Nazirliyinin şagirdlər üçün keçirdiyi bütün layihələrin, müxtəlifyönümlü müsabiqələrin, yarışların bizim istedadımızın üzə çıxarılmasında, bilik və bacarığımızın inkişaf etdirilməsində, mən deyərdim ki, rolu əvəzsizdir”.
Gülnurun elmi-tədqiqat işlərinə də xüsusi marağı var. IX sinifdən məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın üzvüdür. O, “Vodevil” adlı 30 səhifəlik ədəbi araşdırma aparıb. Riyaziyyat fənni üzrə isə iki layihə hazırlayıb ki, onlardan biri “Kiçik Akademiya”ların rayon mərhələsində təmsil etdiyi məktəbin adını fərqlənən təhsil ocaqlarından edib.
“Doğrusu, bu xəbəri çox sakit qarşıladım...”
XI illik məktəb həyatının son dönəmini başa vurmaqda olan Gülnuru qarşıda xaricdə ali təhsil almaq imkanları gözləyir. Qeyd etdiyimiz kimi o, ABŞ-nin ən nüfuzlu universitetlərinə, eləcə də Kanadanın bir ali təhsil müəssisəsindən qəbul və təqaüd hüququ qazanıb. Özü bu barədə belə deyir: “Doğrusu, bu xəbəri alanda heç bir şiddətli emosiya keçirmədim, əksinə, deyərdim ki, çox sakit qarşıladım. Yəqin ki, bu, mənim özgüvənliyimdən, təmkinli xarakterimdən və özümə qarşı olan standartlarımın yüksək olmasından irəli gəlir. Mənə elə gəlir ki, elə belə də olmalı idi.
Yeri gəlmişkən onu da deyim ki, mən beynəlxalq sertifikatlardan SAT imtahanından (Scholastic Aptitude Test) 1600 maksimum baldan 1560 və TOEFL-dan isə (Test of English as a foreign language) 120 maksimum baldan 114 kimi nəticələr göstərmişəm.
Bilirsiniz ki, ABŞ-nin nüfuzlu ali təhsil ocaqlarına qəbul prosesi kifayət qədər mürəkkəb, daha dəqiq desək, çox mərhələlidir. Bu proses özündə məktəbdəki qiymət cədvəlindən tutmuş, akademik və qeyri-akademik məlumatların, nailiyyətlərin, beynəlxalq sertifikatların müraciət formatında öz əksini tapması, müəllimlərdən və digər münasib şəxslərdən tövsiyə məktublarının alınması, universitetlərin hər birində müxtəlif tələbləri olan inşaların yazılması kimi mərhələləri əhatə edir. Bu prosesdə mən beynəlxalq sertifikatlarımı əldə etməkdə əməyi keçən müəllimlərimin, hazırda xarici universitetlərin tələbəsi olan dostlarımın və təhsil məsləhətçilərinin professional dəstəyindən yararlanmışam”.
Gülnur hələ ki, hansı universitetdə oxuyacağına qərar verməyib. Özünün dediyinə görə, dünyanın daha bir neçə universitetinə müraciət etdiyini və bununla bağlı cavab gözlədiyini, seçimini isə sonda yekun siyahıdan edəcəyini bildirir: “Politologiya-siyasi elmlər üzrə ali təhsil almaq istəyirəm. Kiçik yaşlarımdan dövlət idarəçiliyinə və diplomatiyaya marağım var. Xatırlayıram ki, hələ 5-6 yaşlarımda televiziya kanallarında yerli və beynəlxalq siyasi tədbirləri böyük həvəslə və diqqətlə izləyərdim. Düşünürəm ki, müxtəlif millətlərin mədəniyyətlərinin qovuşduğu ABŞ-də diplomatiya üzrə təhsil almağım daha çox biliklər əldə etməyimə, özümü daha geniş miqyasda tanıtmağa, gələcəkdə siyasi elmlər üzrə elmi fəaliyyətlə məşğul olmağıma geniş imkanlar yaradacaq”.
Samirə KƏRİMOVA
|
|
19.04.2024 | 11:15 | |
|
|
|