Qran-pri mükafatçısı Əminə Əmrahovanın uğur hekayəsi
Əminə Əmrahova: “Duet ifamıza görə Qran-pri-yə layiq görüldük”
 
  
 
     
Musiqi məktəblərimizdə  erkən yaşlarında ifaçılıq sənətinə yiyələnmək arzusunda olduğunu israrla bildirən  yeniyetmələrimiz çoxdur. Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdi Əminə  Əmrahova da belə istedadlı yeniyetmələrimizdəndir.  2012-ci ildə Bakı şəhərində anadan olub. Biz onunla gimnaziyada həmsöhbət olduq. O, söylədi ki, atası iqtisadçıdır, anası isə fortepiano müəllimidir.
 
                     
Anası arzulayıb ki...
 
   
Anası arzulayıb ki,  Əminə də  onun kimi fortepiano ifaçısı olsun, amma  qızının lap  kiçik yaşlarından  skripkaya  böyük həvəsi olduğunu bilib. Həmçinin 3-4 yaşında olarkən rəsm çəkməklə məşğul olduğunu, 5 yaşında isə Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan  sərgidə iştirak  etdiyini vurğulayıb. Rəsm ilə bu günə kimi də hobbisi olaraq məşğul olur. Musiqi ilə isə son altı ildir ki, peşəkar səviyyədə  çalışır. 6 yaşında Azərbaycan Milli Konservatoriyası tərkibində  İncəsənət Gimnaziyasına skripka ixtisası üzrə birinci sinfə qəbul olub. Ona ən böyük dəstək verən, ilk növbədə, valideynləri, Əməkdar müəllim Fəridə Mövsümova və İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova  və başqaları olmaqla  hər  kəsə təşəkkürünü bildirir.
 
                   
Müəllimlərinin ümidlərini doğrultmağa çalışır
 
 
Qeyri-adi  istedad  sahibi Əminə Əmrahova deyir ki,  Fəridə  Mövsümova  ona skripkadan dərs keçir: "Sevimli müəllimimə hörmət və ehtiramım sonsuzdur. Fəridə müəllim skripkanın dərin bilicisidir və  bildiklərini də  biz şagirdlərə bacarıqla, təmkinlə öyrədir. Bizimlə işləyərkən o, ürəyini qoyur, yolumuzu işıqlandırır, biz də onun ümidlərini doğrultmağa çalışırıq. Ötən illərdə Fəridə xanım məni müxtəlif ölkələrdə - Türkiyə, Qazaxıstan, Rusiya, Polşa, Almaniya, Böyük Britaniya, İtaliyada keçirilən beynəlxalq müsabiqələrə hazırlayıb və bütün iştirak elədiyim müsabiqələrdə mükafatlara layiq görüldüm. 8 dəfə 1-ci, 2 dəfə 2-ci və 1 dəfə 3-cü yeri qazanmışam. 2024-cü il 28-29 mart tarixlərində İncəsənət Gimnaziyasının şagirdi Məhəmməd  Quluzadə  ilə duet ifamıza görə isə Qran pri-yə layiq görüldük. Müsabiqələrdə iştirakım zamanı mənə çox dəstək olan, ifalarımı müşayiət edən konsertmeyster Sevinc Cəbrayılzadəyə və sevimli müəllimim Şəfiqə Məmmədovaya da dərin təşəkkürümü bildirirəm. Qazandığım uğurlarım məni daha yüksək nailiyyətlərə qazanmağa motivasiya edir. Yüksək nəticələri əldə etmək üçün  çox məşğul olmaq lazımdır".
 
                 
İdmanın  “Cüdo” növü  ilə məşğul olur
 
 
Gün ərzində vaxtımı əsasən dərslərə həm musiqi, həm də digər dərslərə həsr elədiyimə baxmayaraq, kitab oxumağa, idman və rəsm ilə məşğul olmaq üçün də zaman ayıra bilirəm. “Cüdo” idman növü ilə məşğul olmuşam, hətta 2023-cü ildə 11-12 yaşlı uşaqlar arasında keçirilən yarışda 2-ci yeri qazandım. Lakin skripkada yüksək səviyyədə ifa etmək istəyim ilə əlaqədar olaraq artıq idmanın döyüş növlərindən əl çəkmişəm. İştirak elədiyim müsabiqələr və qazandığım mükafatları yuxarıda qeyd etdiyim kimi çoxdur.
 
     
Bu sözləri deyəndən sonra  Əminə  çantasında hazır vəziyyətdə olan bir vərəqi çıxarıb mənə uzatdı. Həmin vərəqdə istedadlı qızın skripka ifaçılığı sahəsində qazandığı bütün uğurlar səliqə ilə qeyd olunub.
 
 
....Əminənin  dediyinə  görə: "Əsas məsələ budur ki, mən  bu musiqi alətinin ən azı müəllimlərim qədər bilicisi olacağımı qarşıma məqsəd qoymuşam və inşallah olacağam da".
 
     
Sifai   SƏFƏROVA


19.04.2024 | 10:52