Təhsil Qarabağa qayıdır

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində geniş bərpa-quruculuq işləri uğurla həyata keçirilir. Artıq həmin ərazilərin bir çoxunda sosial infrastruktur layihələri yekunlaşdırılıb, bir sıra layihələrin icrası istiqamətində isə işlər davam edir. Sürətlə gedən bərpa-quruculuq işləri işğaldan azad edilmiş ərazilərdə keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını tezləşdirməklə bölgənin dirçəldilməsinə, canlandırılmasına xidmət edir.

 

Elm və Təhsil Nazirliyi də bu prosesdə fəallıq göstərərək, işğaldan azad edilmiş ərazilərdə təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərini həyata keçirir. Nazirlik tərəfindən görülmüş və hazırda davam etdirilən işlərin xronikası ilə tanış olaq.

 

Ağdam

 

2021-ci il mayın 28-də Prezident İlham Əliyev tərəfindən işğaldan azad edilmiş Ağdam şəhərində təməli qoyulmuş 960 şagird yerlik 1 nömrəli tam orta məktəbin tikintisinə başlanılıb. Tikinti işlərinin 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur. Dövlət başçısının “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə dəyişiklik edilməsi haqqında Sərəncamına əsasən, Ağdam şəhər 2 nömrəli 160 yerlik körpələr evi-uşaq bağçasının və Ağdam şəhər 2 nömrəli 960 şagird yerlik tam orta məktəb binalarının tikintisinin layihələndirilməsi 2024-cü ildə başa çatdırılacaq.

 

Füzuli

 

2022-ci ilin sentyabr ayında Özbəkistan Hökumətinin dəstəyi ilə Füzuli şəhərində 960 şagird yerlik ümumtəhsil məktəbinin tikintisinə başlanılıb. 23 avqust 2023-cü il tarixində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və birinci xanım Ziroatxon Mirziyoyeva Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər.

 

Füzuli şəhərində layihələndirilməsi və tikintisi nəzərdə tutulmuş Füzuli Peşə Liseyinin 10 may 2022-ci il tarixində ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən təməli qoyulub. Liseyin tikintisi ilə bağlı layihə-smeta sənədləri hazırlanıb, tikinti işlərinə başlanılıb və 2025-ci ildə başa çatdırılması nəzərdə tutulur.

 

Şuşa

 

İşğaldan azad olunmuş Şuşa şəhərində 12 may 2021-ci il tarixində Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş 960 şagird yerlik 1 nömrəli tam orta məktəbin tikintisinə başlanılıb, 2023-cü ilin sentyabrında təmir-tikinti işləri başa çatdırılıb. Bundan əlavə, Şuşa şəhərində Şuşa Realnı Məktəbinin binasının layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında ölkə başçısı  İlham Əliyev tərəfindən müvafiq sərəncam imzalanıb. Hazırda Şuşa Realnı Məktəbinin layihələndirilməsi və bərpası ilə bağlı layihə-smeta sənədləri hazırlanıb, tarixi binanın qorunması işləri tamamlanıb, tikinti işlərinə başlanılıb və 2025-ci ilin sonunda başa çatdırılması planlaşdırılır.

 

Cəbrayıl

 

2021-ci il oktyabrın 4-də dövlət başçısı İlham Əliyev tərəfindən Cəbrayıl şəhərində təməli qoyulmuş akademik Mehdi Mehdizadə adına 960 şagird yerlik  tam orta məktəbin tikintisinə başlanılıb və işlərin 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur.

 

Kəlbəcər

 

Kəlbəcər şəhərində 960 şagird yerlik tam orta məktəb binasının layihələndirilməsi və tikintisi məqsədilə Prezident İlham Əliyev tərəfindən 7 sentyabr 2022-ci il tarixli Sərəncam imzalanıb. Məktəbin tikintisi ilə bağlı layihə-smeta sənədləri hazırlanıb,  tikinti işlərinə başlanılıb və 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur.

 

Qubadlı

 

Dövlət başçısının “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə dəyişiklik edilməsi haqqında Sərəncamına əsasən, Qubadlı şəhərində 600 şagird yerlik tam orta məktəb binasının tikintisinin layihələndirilməsinə başlanılıb və layihələndirmə işləri 2024-cü ildə başa çatacaq.

 

Laçın

 

Laçın şəhər 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri  və bərpası məqsədilə Prezident İlham Əliyev tərəfindən 22 sentyabr 2022-ci il tarixli Sərəncam imzalanıb. Sərəncama əsasən, məktəb binasında Elm və Təhsil Nazirliyi tərəfindən bərpa-gücləndirmə və əsaslı təmir işlərinə başlanılıb və yüksək keyfiyyətlə tamamlanıb. 2023-cü il avqustun 25-də ölkə başçısı İlham Əliyev ümumi təhsil müəssisəsinin açılış mərasimində iştirak edib.

Bununla yanaşı, Prezidentin müvafiq sərəncamına uyğun olaraq, 2023-cü ildə Laçın rayonu Zabux kənd 176 şagird yerlik tam orta məktəbin binasında bərpa gücləndirmə və əsaslı təmir işləri başa çatdırılıb.

 

Zəngilan

 

Zəngilan şəhər 960 şagird yerlik tam orta məktəb binasının layihələndirilməsi və tikintisi məqsədilə ölkə başçısı İlham Əliyev tərəfindən 7 sentyabr 2022-ci il tarixli Sərəncam imzalanıb. 960 şagird yerlik tam orta məktəb binasının tikintisi ilə bağlı layihə-smeta sənədləri hazırlanıb və tikinti işlərinin 2025-ci ildə başa çatdırılması nəzərdə tutulur. Sərəncama əsasən, Zəngilan şəhərində 160 yerlik körpələr evi-uşaq bağçasının tikintisinin layihələndirilməsinə başlanılıb və 2024-cü ildə layihələndirilmə işləri başa çatacaq. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Zəngilan rayonunun Ağalı kəndində müasir tələblərə cavab verən 288 şagird yerlik tam orta ümumtəhsil məktəbi və 60 yerlik məktəbəqədər təhsil müəssisəsi inşa edilərək istifadəyə verilib.

 

Hadrut, Talış və Suqovuşan

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2023-cü il mayın 5-də Hadrut qəsəbəsində 360 şagird yerlik tam orta məktəbin bərpası işləri ilə tanış olublar. İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin davamı olaraq Xocavənd rayonu Hadrut qəsəbəsində 360 şagird yerlik tam orta məktəb binasının bərpa-gücləndirmə və əsaslı təmiri nəzərdə tutulur, 2024-cü ildə layihələndirilməsi başa çatacaq.

Tərtər rayonunun Talış kəndində müasir tələblərə cavab verən 144 şagird yerlik ümumtəhsil məktəbi, 78 yerlik məktəbəqədər təhsil müəssisəsi və Suqovuşan kəndində 144 şagird yerlik ümumtəhsil məktəbi inşa edilərək istifadəyə verilib.

 

Laçın şəhəri 1 nömrəli 400 şagird yerlik tam orta məktəb binasının tikintisinin layihələndirilməsi, Xocalı rayonu Malıbəyli kənd 432 şagird yerlik tam orta məktəb binasının layihələndirilməsi, Xankəndi şəhəri Kərkicahan qəsəbə 624 şagird yerlik tam orta məktəbin, Xankəndi şəhəri Kərkicahan körpələr evi-uşaq bağçasının əsaslı təmirinin 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur. Xocalı şəhər körpələr evi-uşaq bağçasının, Xocalı şəhər tam orta məktəbin əsaslı təmiri, Ağdam, Zəngilan, Qubadlı peşə təhsili mərkəzlərinin tikintisinin layihələndirilməsi, Şuşa şəhər Peşə Təhsili Mərkəzinin layihələndirilməsi, Xankəndi şəhərində Qarabağ Universitetinin əsas korpusunun təmiri, həmçinin tələbələrə şəraitin yaradılması üçün yataqxanaların təmiri 2024-cü ildə başa çatdırılacaq.

 

Niyazi RƏHİMOV

 



19.04.2024 | 09:42