Qran-pri mükafatçısı Məhəmməd Quluzadənin uğur hekayəsi

Məktəblərimizdə istedadlı uşaqlar yetərincədir. “Azərbaycan müəllimi” vaxtaşırı belə uşaq və yeniyetmələrin uğurları ilə oxucularını tanış edir. Tanıtmaq istədiyimiz növbəti istedadlardan biri də  Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının VII sinif şagirdi Məhəmməd  Quluzadədir.

 

5 yaşından violin alətində ifa etməyi öyrənən Məhəmməd hazırda Gimnaziyanın “Orkestr“ şöbəsində “Violin” ixtisası üzrə  təhsil alır.

 

Məhəmməd müxtəlif respublika və beynəlxalq müsabiqələrə qatılıb  və laureat adına layiq görülüb. Belə ki, müxtəlif illərdə Mədəniyyət Nazirliyi və Azərbaycan Gənclər İttifaqının dəstəyi ilə keçirilən “Ümid - 2020” müsabiqəsində “Child 1” yaş kateqoriyası üzrə I yeri qazanıb və diplomla mükafatlandırılıb. Türkiyədə keçirilən “Caspi Art Uluslararası Sanat Yarışması”, “Muzik bölümü”ndə II yeri, “I İnternational competition of music and arts” “Magic stars of Edinburgh” da (United Kingdim, Edinburgh 2021) 9-10 yaş kateqoriyası üzrə I yerin laureatı olub.  “İnternational Festival & Contest” “Tallinna gold mix”-Summer 2021 festivalı”nda “İnstrumental music” nominasiyası üzrə I dərəcəli laureat diplomuna və “Special Prize-Professional” adına layiq görülüb.

 

Məhəmmədin uğurları bununla bitmir. 

 

2024-cü ildə Azərbaycan Gənclər İttifaqının dəstəyi ilə keçirilən “Ümid -2024 beynəlxalq incəsənət müsabiqəsində I dərəcəli laureat adına layiq görülüb. 2024-cü ildə isə Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət İdarəsinin dəstəyi ilə və Qazaxıstan Respublikasının- Общественный фонд «Бакытты елдiн урпагы» təşkilatçılığı ilə keçirilən “Международный многожанровый конкурс” «Бiз бакытты баламыз» («Biz xoşbəxt uşaqlarıq») beynəlxalq müsabiqədə, 11-13 yaş kateqoriyası üzrə «Два солнца» (“İki günəş”) adlanan duet ifasına görə “Qran-Pri” mükafatına layiq görülüb.

 

Qeyd edək ki, Məhəmməd Quluzadə, həmçinin İncəsənət Gimnaziyasının müxtəlif tədbir və konsertlərində  iştirak edir. Beynəlxalq müsabiqələrdə və konsertlərdə  həm solo, həm də gimnaziyanın orkestr və ansambl kollektivləri ilə  xarici və Azərbaycan bəstəkarlarının əsərlərini ifa edir.

 

O, həmçinin uşaq yaşlarından kitab oxumağı çox sevir. Oxuduğu və kolleksiya kimi topladığı kitabları var. Onlardan müasir dövrün maraqlı personajlarını yaradan Marvel kino kainatı kitabları, Marvel Sinematik Kainat komikslərinin demək olar ki, bütün nəşrləri onun kiçik ev kitabxanasını bəzəyir. Eyni zamanda Disney kanalının animasiyaları əsasında çoxcildli “Qraviti Folz” adlı kitabların müxtəlif nəşrlərini oxuyub. Müxtəlif mövzulu ensiklopediyalarla da maraqlanır.

 

İngilis yazıçısı Coan Roulinqın “Harri Potter” adlanan fantastik romanlarının tam kolleksiyası Məhəmmədin kitab rəfinin ön sırasında dayanır. İstedadlı yeniyetmənin maraq dairəsinə kağız üzərində rəsm və kompüterdə qrafik rəsmlər çəkmək də daxildir.

 

Uğurlarını saymaqla bitməyən bu istedadlı yeniyetmənin parlaq gələcəyinə müəllimlərinin və ailəsinin inamı böyükdür. Biz  də inanırıq ki, qeyri- adi  istedad sahibi olan  Məhəmmədin səsi  daha mötəbər yarışmalardan gələcək.

 

Sifai SƏFƏROVA

 



18.04.2024 | 17:26