Yalnız məşqçilərin nəzarəti altında | |
Ölkədə bədən tərbiyəsi və idmanın inkişafında, yüksək dərəcəli məşqçilərin, idmançıların hazırlanmasında idman məktəbləri, cəmiyyətlərinin və klublarının rolu böyükdür. Təhsil Nazirliyinin tabeliyində olan “Təhsil” Respublika İdman Mərkəzinin 10 nömrəli Uşaq-Gənclər İdman Məktəbi də məhz belə müəssisələrdəndir. Nərimanov rayonunda yerləşən idman məktəbi 1956-cı ildən fəaliyyət göstərir.
Məktəbin direktoru İlqar Nuriyev bizimlə söhbətində son vaxtlarda idman sahəsində qazanılan nailiyyətlərdən danışaraq bildirdi ki, uğurlarımız həm dövlətin ümumi inkişaf səviyyəsini, həm də iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri kimi təbliğati-siyasi məzmun kəsb edir. Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla bir paralellik təşkil edir: “Həm qazandığımız medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət halında idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir. Məktəbimizdə 84 qrupda 927 idmançı 5 idman növü üzrə (cüdo, sambo, yunan-Roma güləşi, basketbol və badminton) məşğul olur. Cüdo bölməsində 14, basketbolda 9, yunan-Romada və badmintonda 4 məşqçi-müəllim çalışır. Təkcə onu deyim ki, son vaxtlar məktəbin yetirmələri şəhər, respublika, beynəlxalq yarışlarda uğurla çıxış edirlər. Məktəblilər arasında keçirilən dünya gimnaziyadasında yetirməmiz Məhəmməd Nuri III yerə layiq görülüb. Bu, son bir il ərzində bizim nailiyyətlərimizdən biridir. İdman məktəbində məşqlər planauyğun aparılır”.
İdman məktəbinin direktoru məktəbdə olan həkim nəzarətindən də danışaraq qeyd etdi ki, ildə iki dəfə biz idmançılarımızı həkim nəzarətindən keçiririk. Bu, çox vacib məsələdir. Yarışlara çıxmaq üçün tibbi müayinə lazımdır. Onsuz biz idmançılarımızı yarışlara buraxa bilmərik. Ümumiyyətlə, bölmələrə təzə yazılıb hər hansı bir idman növü ilə məşğul olmağa başlayan uşaqlardan tibbi arayış tələb olunur: “Baxırıq ki, bu uşaq sağlamdırmı, idmanla məşğul ola bilərmi? Ondan sonra öz həkimimiz də onları müayinə edir, razılıq verir. Sonra biz onları məktəbə qəbul edirik. İdmanla məşğul olmaq istəyən insan sağlam olmalıdır, ələlxüsus da onun ürəyinə çox fikir veririk”.
- İlqar müəllim, valideynlər, adətən, uşaqların idmanla məşğul olmasını istəyirlər. Onlara nə məsləhət görə bilərsiniz? - Övladlarının idmanla məşğul olmasını istəməsi valideynlərin arzusudur. Daha kiçikyaşlı uşaqların idman zallarına gəlməsinə ehtiyac yoxdur.
Əgər uşağınızın sağlamlıqla bağlı problemi varsa, həkim tərəfindən müəyyən olunmuş, özünə uyğun olan bir idman növü ilə məşğul olması çox əhəmiyyətlidir. Uşaqlıq dövründəki idman oyuna istiqamətli olmalıdır. Bu dövrdə idmana başlayan kəslərlə, yuxarı yaşlarda idman etməyə başlayanlar arasında fiziki, sosial, ruhi və şəxsiyyət inkişafına qədər hər sahədə fərqliliklər olur. Uşaqlar yalnız məşqçilərin nəzarəti altında idman etməlidirlər.
Peşəkar idmançıların yetişməsində məşqçi-müəllimlərin rolu danılmazdır. Elə bu məqamda məşhur bir idmançının belə bir fikri yadıma düşür. O, deyirdi: “Mən məşqçini idmançının bələdçisi kimi görürəm. Həmin bələdçi idmançını düz yolla aparanda uğur, səhv yolla aparanda isə müvəffəqiyyətsizlik meydana çıxır”. Belə olduqda məşqçi-müəllimlərin çiyinlərinə böyük yük düşür desək, yanılmarıq. İdman məktəbinin cüdo bölməsinin məşqçi-müəllimi Natiq Əhmədov da yaxşı müəllimlərimizdəndir, həm də yetirmələrinin uğurları ilə öyünən biridir. Natiq müəllim 1997-ci ildən məşqçi-müəllim kimi fəaliyyət göstərir. O, bizə bu idman növünün sirlərindən danışdı: “Cüdo idman növü 1882 -ci ildə Yaponiyada yaranıb. Bu idman döyüş sənətinin təməlini Yaponiya Olimpiya Komitəsinin ilk prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü Ciqaro Kano qoyub. Cüdo - yapon sözüdür və Cü - yumşaq, elastik, Do isə yol, prinsip anlamını verir. Ciqaro Kano Ciu-Cutsu döyüş növünün əsasında cüdonun əsas qaydalarını, məşq prinsiplərini, mübarizə üsullarını işləyib hazırlamışdır. O vaxt yaponların milli idman növü sayılan əlbəyaxa silahsız döyüş növü olan ciu-cutsu təkcə yaponlar deyil, eləcə də əksər dünya xalqları arasında geniş yayılmışdır. Lakin bu idman növü üzrə məşğələlər, yarışlar düzgün keçirilməsə saysız-hesabsız zədələnmələrə gətirib çıxara bilər. Ona görə də biz uşaqların məşq proseslərinə çox ciddi nəzarət edirik. Məşq prosesində əvvəlcə uşaqlar qızışdırıcı hərəkətlər edir. Sonra hansı fəndi bu gün keçəcəyiksə həmin fənd üzərində işləyirik. Daha sonra ümumi və xüsusi hazırlıq tapşırıqlarını, məşqlərini keçirik.
Hər bir insanın orqanizmi, götürmə qabiliyyəti, darta biləcəyi yük, fiziki göstəriciləri, əlbəttə ki, fərqlidir. Bu səbəbdən məşqçi idmançının fiziki durumu barədə ətraflı məlumata malik olmalıdır. O, idmançının daxilində məşğul olduğu idman növünə sevgi və istedadı bilməlidir. Bu, vacib şərtdir. Bir şeyi xüsusilə qeyd etmək istərdim ki, son illərdə ölkəmizdə idmana uşaqlar tərəfindən maraq çox böyükdür. Və onlar bu sahəyə çox həvəslidirlər. Uşağın sağlam böyüməsi üçün idman hava-su kimi lazımdır”.
Təbii ki, məşq zamanı müxtəlif əzilmələrlə zədə almaq riski də böyükdür. Bu baxımdan 10 nömrəli Uşaq-Gənclər İdman Məktəbində bu işə nəzarət güclüdür. Məşq zamanı həkimlər də iş başında olurlar. Onlar hər hansı bir ehtiyatsızlıqdan zədə alan idmançılara ilk yardım göstərirlər. Bu işdə 30 illik həkim-pediatr təcrübəsi olan məktəbin həkimi Təranə Qasımova ilk yardımını əsirgəmir: “Məşq zamanı bizə əsasən burun qanaxmaları, dırnaqların zədələnməsi, dəri tamlığının az miqdarda pozulması, yüngül gematomalarla bağlı müraciətlər edirlər”.
Həkim Təranə Qasımova uşaqları müayinə edərək onların sağlam olmasını, idmana uyğun olub-olmamalarını müəyyən edir, şübhələndiyi məqamda isə təkrar müayinəyə göndərir. Onun sözlərinə görə, fəaliyyəti dövrdə belə hallarla çox qarşılaşıb: “İdmanda ilk növbədə ürəklə bağlı heç bir problem olmamalıdır. Mən üç ildir ki, bu idman məktəbində həkim kimi çalışıram. Fəaliyyətim dövründə elə uşaqlar olub ki, onları müayinə edərkən ürəklə bağlı, əsasən revmatizm xəstəlikləri aşkar etmişəm. Onu da qeyd etmək istərdim ki, istər oğlanlarda, istərsə də qızlarda əzələ kütləsinin inkişafında, bədənin formalaşmasında idmanın rolu müqayisəolunmazdır. Mən həkim olaraq uşaqlara idmanla məşğul olmağı məsləhət görərdim. Xüsusən də oğlan uşaqları özünü müdafiə etməyi bacarmalıdır, bu, mütləqdir”.
Olimpiya çempionu olmaq idmançıdan işgüzarlıq, peşəkarlıq, prinsipiallıq tələb edir. Bu zirvəyə çatmaq üçün iradə mühüm şərtdir. Böyük uğurlar qazanmaq, yaddaqalan nailiyyətlər əldə etmək üçün çox çalışmaq lazımdır. Bu fikirləri bizlərlə bölüşən 10 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin yeniyetmə idmançıları bu yolda mütləq böyük uğurlara imza atacaqlarmı söylədilər. İdmançı İbrahim Şiriyev 6 ildir ki, cüdo ilə məşğul olur: “Yarışlara çıxarkən ancaq qələbə barədə düşünürəm. Əgər sən birinci deyilsənsə, deməli axırıncısan. Daim birinci olmağı qarşıma məqsəd qoymuşam”. Cəld, güclü, perspektivli idmançı gələcəkdə ölkəmizi olimpiya oyunlarında təmsil etməyə namizəd idmançılardandır.
İdman məktəbinin digər yetirmələri - Məhəmmədəli Həsənov və Murad Əmirşayev də yoldaşları İbrahim kimi olimpiya çempionluğuna gedən yolda bütün çətinliklərin öhdəsindən gələcəklərini bildirdilər. Biz də bu qələbəyə, birinciliyə gedən yolda uğurlar arzulayaraq onlardan ayrıldıq.
Beləcə biz Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Təhsil” Respublika İdman Mərkəzinin 10 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin bir günü ilə tanış olduq. Öyrəndik ki, idmanın kütləviləşməsi, xüsusən gənclərin idmanla məşğul olması, peşəkar idmançıların yetişməsi sağlamlığın rəhni olan idmandan başlayır.
Rəşad ZİYADOV |
|
02.11.2018 | 17:42 | |
|
|
|