Riyaziyyat və Mexanika İnstitutunda Yusif Əmənzadənin 110 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib | |
Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda görkəmli şəxsiyyət, böyük alim-pedaqoq, akademik Yusif Əmənzadənin 110 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.
İnstitutdan “Azərbaycan müəllimi”nə bildirilib ki, elmi sessiyada Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü professor Misir Mərdanov çıxış edib. O, görkəmli alimin ömür yolundan, zəngin yaradıcılıq fəaliyyətindən, onun Azərbaycan riyaziyyat elminə verdiyi dəyərli töhfələrdən, riyaziyyatçı alimlər nəslinin yetişməsində əhəmiyyətli rolundan danışıb.
Tədbirdə Bakı Dövlət Universitetinin nəzəri mexanika və bütöv mühit mexanikası kafedrasının müdiri professor Yusif Sevdimalıyev alimin həyatı və elmi yaradıcılığı haqqında məruzə ilə çıxış edib.
Qeyd edilib ki, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Yusif Əmənzadə 1959-cu ildən ömrünün axırına qədər Bakı Dövlət Universitetində nəzəri mexanika kafedrasının müdiri vəzifəsində çalışıb. 1968-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilib. 1972-ci ildə SSRİ-nin “Mexanika” üzrə Milli komitəsinin üzvü olub. Bakı Dövlət Universitetində deformasiya olunan bərk cisim mexanikasının əsasını qoyub. Y.Əmənzadənin elmi marağı, əsasən hissə-hissə bircins elastiki mühitdə gərginlik deformasiya vəziyyətinin tədqiqi və elastiklik nəzəriyyəsinin kontakt məsələləri ətrafında toplanılıb. Bu sahədə onun tərəfindən əsaslı nəticələr alınıb, yeni həll üsülları tapılıb. Onun 150-dən çox elmi məqaləsi çap olunub. Alimin 40-dan artıq elmlər namizədi və 5 elmlər doktoru yetirməsi var.
Sessiyada digər çıxış edənlər də alimin elmi nailiyyətlərindən bəhs edib, onun ölkəmizdən kənarda da nüfuzlu riyaziyyatçı alim kimi yaxşı tanındığını bildirib və akademiklə bağlı xatirələrini bölüşüblər.
|
|
18.04.2024 | 14:12 | |
|
|
|