Müəllimin peşəkarlığının artırılmasında metodiki işin rolu | |
Müasir şəraitdə məktəbin əsas vəzifəsi şagird şəxsiyyətinin inkişafına kömək edən təhsil mühiti yaratmaqdır. Bu məsələnin həllində isə pedaqoji kadrların peşə səriştəliliyi də əhəmiyyətli rol oynayır. Peşə və şəxsi keyfiyyətlərin toplusu olan peşə səriştəliliyi pedaqoji fəaliyyətini yerinə yetirmək üçün müəllimin nəzəri və praktiki hazırlığıdır və pedaqoji ustalığını müəyyən edir. Səriştəli müəllim pedaqoji fəaliyyətini yüksək səviyyədə qurur və şagirdlərinin təlim-tərbiyəsində stabil nəticələr əldə edir. Müəllimin peşə səriştəliliyinin inkişaf etdirilməsi onun pedaqoji innovasiyaları qəbul edə bilməsi, dəyişən pedaqoji mühitə uyğunlaşa bilməsi qabiliyyətlərinin formalaşdırılmasıdır.
Müasir təhsil sistemində baş verən dəyişikliklər müəllimin təkmilləşməsini, peşəkarlığının yüksəlməsini tələb edir. Çünki yalnız müstəqil düşünən, öz fəaliyyətinin nəticələrini əvvəlcədən görə bilən, təhsil prosesini modelləşdirən müəllim qarşıya qoyulmuş məqsədə çatmağın qarantı ola bilər. Bəs müəllimin günün tələblərinə cavab verən peşə kompetensiyalarım necə inkişaf etdirməli? Bunun üçün, hər şeydən əvvəl, müəllimdə peşəkarlığını artırmaq istəyi olmalıdır. Eyni zamanda pedaqoji inkişaf üçün əlverişli təhsil şəraiti və motivasiya yaradılmalıdır. Elə şərait ki, müəllim özünün pedaqoji keyfiyyətlərinin səviyyəsinin yüksəldilməsi zərurətini hiss etsin.
Müəllim özünün pedaqoji təcrübəsini müxtəlif istiqamətlərdə təkmilləşdirə bilər: - Peşə sahəsində (öz fənnini bilməsi). - Tədrisin metodikası sahəsində (müasir texnologiyaları, təlimin yeni metod və formalarını mənimsəməsi). - Pedaqoji psixologiya sahəsində.
Təkmilləşmək üçün metodiki mövzunu müəllim öz ehtiyaclarına uyğun seçir. Seçdiyi mövzu əsasında qarşısına qoyduğu problemə uyğun şəxsi iş planını hazırlayır.
Müəllim aşağıdakı istiqamətləri nəzərə alaraq peşə inkişafı planını tərtib edir: - Psixoloji-pedaqoji ədəbiyyatın öyrənilməsi. - Təlim-tərbiyə prosesinin proqram-metodiki təminatının işlənib hazırlanması. - Özünütəhsilin mövzusu üzrə iş. - Məktəbin metodiki iş sistemində iştirakı. - Digər müəllimlərin peşə inkişafı təcrübəsindən istifadə.
Planın yazılması yaradıcı işdir. Planda nəzərdə tutulan hər bir fəaliyyətin icra müddəti qeyd olunmalıdır.
Həmin planın reallaşması yolları aşağıdakı fəaliyyətlərdən keçir: - ixtisasartırma sistemi; - özünütəhsil; - metodiki birləşmələrin, pedaqoji şuraların işində, seminar, konfrans, ustad dərslərdə fəal iştirak etmək; - müasir təhsil texnologiyalarına, metodiki üsullara, pedaqoji vasitələrə yiyələnmək; - informasiya-kommunikasiya texnologiyalarını mənimsəmək; - müxtəlif müsabiqələrdə, layihələrdə, tədqiqat işlərində iştirak etmək; - öz təcrübəsinin ümumiləşdirilməsi və yayılması, nəşrlərin yaradılması. Müəllimin təkmilləşmə kurslarında iştirakı dərsdənsonrakı fəaliyyətinə aiddir. Məktəbdəki fəaliyyətdən ayrılmamaqla müəllimin peşəkarlığının artırılması isə vacibdir. Məhz buna görə də məktəbdə metodiki birləşmələrin apardığı işin keyfiyyətinin yüksəldilməsi zərurətə çevrilir.
Metodiki iş müəllimi inkişaf etdirən peşə mühitinin formalaşmasına yönəldilməlidir. Metodiki işin vəzifəsi pedaqoji kollektivin və şagirdlərin potensialını maksimum dərəcədə reallaşdırmağa imkan verən təhsil mühitini yaratmaqdır.
Müəllimin qarşısında qoyulan müasir tələbləri nəzərə alaraq məktəb müəllimin peşəkarlığının artırılmasının aşağıdakı yollarını müəyyən edir: - Metodiki birləşmələrdə, yaradıcı və ya problem qruplarında iş. - Müəllimin innovativ fəaliyyəti. - Peşə ustalığı müsabiqələrində, ustad dərslərində, forum, festivallarda iştirakı. - Şəxsi pedaqoji təcrübənin ümumiləşdirilməsi və yayılması. - Müəllimlərin attestasiyası, ixtisasının artırılması. - Fəal iş formaları ilə peşə səriştəliliyinin artırılması.
Müəllimlərin inkişaf edən peşə mühitinin formalaşmasında onlarla keçirilən təlim mühüm rol oynayır. Məktəbdə öyrədici seminarların, təlimlərin keçirilməsi vacibdir. Seminarlar öyrənənin ədəbiyyatla müstəqil iş üzərində qurulmuş nəzəri məşğələ formasıdır, geniş öyrədici işdir. Seminarlarda iş zamanı pedaqoji kollektiv toplanmış materialları ümumiləşdirir və öyrənilən məsələlərə yeni yanaşmaları qəbul edir. Seminarların sonunda “dəyimi masa”nm keçirilməsi lazımdır.
Müəllimlər keçilən dərslərin keyfiyyətini aşağıdakı göstəricilərə görə qiymətləndirirlər:
- Şagirdlərin yaş və fərdi imkanlarına uyğunluq; - Şagird işlərinin təşkili formaları; - Şagirdlərin həyat fəaliyyətləri ilə əlaqənin olması; - Yenilik; - Praktiki fəaliyyətin nəzəri əsaslandırılması...
Seminar-praktikumlar müəllimlərin bilik və bacarıqlarını zənginləşdirən effektiv iş formasıdır. Bu, eyni zamanda biliklərin sistemləşdirilməsi və təkmilləşdirilməsi üzrə təlim fəaliyyəti, bacarıqların formalaşması üzrə iş və məlumat əldə etməyin mənbəyidir. Bir sözlə, bu, həm söz (iştirakçıların çıxışları), həm fəaliyyət (seminarda müxtəlif praktiki məşğələlərin keçirilməsi), seminarın mövzusu üzrə əyani nümayiş, həm də pedaqoji təhlildir. Eləcə də seminarın gedişində pedaqoji təcrübənin yayılması məsələləri müzakirə olunur. Bu səbəbdən, məktəbdə aparılan metodiki işin fəal forması kimi seminar-praktikumların keçirilməsinə böyük əhəmiyyət veririk.
Müasir dünyada sosial-iqtisadi və elmi-texniki inkişafın dinamikası müəllimlərin yeni informasiya texnologiyalarını bilmələrini qabarıq şəkildə aktuallaşdırır. Bu baxımdan müəllimin pedaqoji fəaliyyətinə olan vacib tələblərdən biri informasiya- kommunikasiya texnologiyalarını dərindən mənimsəməsidir. Bu məqsədlə məktəbimizdə “Müxtəlif fənlərin tədrisində İKT-nin tətbiqi” üzrə seminar-praktikumlar keçirilir. Bunun nəticəsidir ki, müəllimlərimiz sinif təşkilat saatları, valideyn iclasları, metodiki birləşmələrdə, pedaqoji şurada çıxışlarını İKT-dən geniş istifadə etməklə təşkil edirlər.
Peşəkarlığın artmasında özünütəhsilin də rolu böyükdür. Özünütəhsil sosial təcrübələrin mənimsənilməsinin keyfiyyətcə yeni formasıdır. Müəllimi özünütəhsilə təhrik edən ehtiyaclar, motivlər aşağıdakılar ola bilər:
- Dərsə, valideyn iclasına, sinif saatına, məktəb tədbirinə, olimpiadaya hazırlaşan müəllim yeni məlumatlar axtarışına ehtiyac duyur. - Müəllimlik yaradıcı peşədir. Yenilik axtarışında olan müəllim işini daha maraqlı və canlı etməyə çalışır. Başqalarını öyrədən müəllim ətrafında olanlardan daha çox bilməlidir. Cəmiyyətin həyatında baş verən dəyişikliklər müəllimi daha çox öyrənməyə məcbur edir. - İndiki dövrdə sayılan, seçilən müəllim daha böyük nüfuza malikdir. Yaxşı müəllim olmaq zərurəti müəllimi öz üzərində daha çox işləməyə məcbur edir. Müəllim əməyinin qiymətləndirilməsi, müxtəlif adların, təltiflərin verilməsi müəllimin ustalığından asılıdır.
Yalnız bilik, bacarıqların təkmilləşməsi yolu ilə bunlara nail olmaq mümkündür.
Müəllim bu gün özünütəhsilin və təkmilləşmənin internet resursları və texnologiyalar vasitəsilə artırılmasının forma və üsullarından istifadə etməlidir. Bu məqsədlə: - Müəllim üçün distant kurslar, - Distant konfranslar. Distant seminarlar, - Distant müsabiqələr, - Distant olimpiadalar, - Pedaqoji forumlar təşkil etmək olar. Bir sözlə, hər gün öyrədən müəllim daim öyrənməlidir. Bu işdə isə özünütəhsil müəllimin peşə fəaliyyətinin vacib şərtidir.
Müəllimin peşə özünütəkmilləşdirmə prosesində innovativ fəaliyyəti mühüm rol oynayır. İnnovasiyalara hazırlıq onun peşə inkişafının vacib şərtidir. Bu səbəbdən innovativ proseslərin iştirakçılarının motivasiyası və stimullaşdınlması sistemini yaratmaq; innovasiyaları tətbiq edən müəllimlərin fəaliyyətinin effektli metodiki təşkilini təmin etmək məktəbdə təşkil olunan metodiki işin əsas hissəsidir.
Yeni pedaqoji ideyaları sınaqdan keçirmək məqsədilə müvəqqəti yaradıcı qruplar təşkil etmək məktəbdə aparılan metodiki işin fəal formalarından sayılır. Məktəbin, eləcə də metodiki birləşmə üzvlərinin metodiki mövzuları üzrə problemlərin həlli üçün yaradıcı qruplar təşkil olunur. Pedaqoji şuranın iclaslarında həmin qruplar layihələrlə çıxış edirlər. Bütün kollektiv həmin layihələrin müzakirəsində fəal iştirak edir.
Həmkarlarının qabaqcıl təcrübə dərslərinin dinlənilməsi və təhlili, ustad dərslərdə iştirak etməsi müəllimin peşəkarlığını artırır. Ona görə də müəllim həmkarlarının dərslərini dinləməli, onların fəaliyyətini təhlil etməyi öyrənməlidir. “Açıq dərs”ləri dinləyən müəllimlər yeni mövzunun öyrənilməsi zamanı məntiqi ardıcıllığa, şagirdlərin yaş xüsusiyyətlərinin nəzərə alınmasına, fəaliyyət növlərinin necə növbələşməsinə, tədqiqat vərdişlərinin inkişafına, müəllim-şagird əməkdaşlığının necə inkişaf etməsinə fikir verməlidirlər. Müəllimin öz dərsinin təhlili də vacibdir: işindəki nöqsanları görür,onu aradan qaldırmağa çalışır. Öz fəaliyyətinin təhlili pedaqoji təcrübənin dərk olunması prosesi olub işdə olan çətinliklərin aradan qaldırılması, özünütəkmilləşdirməyin stimuludur. Öz pedaqoji fəaliyyətini təhlil edə bilməyən müəllim şagirdlərinin bilik və bacarıqlarını necə qiymətləndirə bilər? Onların refleksiyasım necə təşkil edə bilər? Müəllim fəaliyyətinin özünütəhlil bacarıqlarını artırmaq üçün məqsədyönlü metodiki işin aparılması vacibdir.
Müəllimlərimiz bu sahədə fəallıq göstərirlər. Müasir dünyanın informasiya bolluğu şəraitində olması ilə əlaqədar “Şagirdlərin məlumat kompetensiyalarının formalaşdırılması” (“Azərbaycan məktəbi” elmi-nəzəri jurnalı) adlı məqalədə şagirdlərin informasiya ilə işləmək bacarıqlarının formalaşdırılması istiqamətində həmkarlara müəyyən tövsiyələr verilib. “Şagirdlərin kimya fənninə marağını necə artırmalı” (“Azərbaycan müəllimi” qəzeti) metodiki yazıda məqalə müəllifi fənn müəllimləri ilə öz fikirlərini bölüşüb, bəzi təkliflər irəli sürüb. Məktəbimizin müəllimləri müxtəlif səviyyəli pedaqoji konfranslarda da öz təcrübələrini yayırlar. Məsələn, onlar şəhər və respublika konfranslarında “Fasiləsiz təhsil: problemlər, axtarışlar, perspektivlər”, “Xarici dil müəllimlərinin peşə səriştəliliyinin formalaşması” və s. kimi mövzularda çıxışlar ediblər.
Müəllimin portfoliosu metodiki işin innovativ forması olub onun peşəkarlığının qiymətləndirilməsi metodlarından biridir. Portfolio müəllimin peşə səriştəliliyinin qiymətləndirilməsi üçün praktiki fəaliyyətinin ən əhəmiyyətli sayılan nəticələrini nümayiş etdirir. Yalnız fəaliyyətinin nəticələrini deyil, eləcə də əvvəlki nəticələrlə müqayisədə inkişafını göstərir. Hər bir metodiki birləşmənin elektron qovluğu olmalı və fənn müəllimlərinin özünütəkmilləşdirmək üçün metodiki mövzusu üzrə gördüyü işlər, təkmilləşmə kursları, iş təcrübəsinin ümumiləşdirilməsi və təqdimatı, şagirdlərinin müəllimin peşəkarlığını təsdiq edən nailiyyətləri və s. haqqında məlumatlar bu qovluqda öz əksini tapmalıdır.
Müasir şərtlərdə müəllimin fəal həyati mövqeyi, peşə ustalığının artırılması şagirdlərin keyfiyyətli təhsil almalarının qarantıdır. Bu səbəbdən müəllimin təkmilləşmə sistemi yenilənməli, inkişaf etdirilməli və işlədiyi təhsil müəssisəsində öyrədilməsi həyata keçirilməlidir. Metodiki iş təlim və tərbiyənin keyfiyyətinə, təhsil müəssisəsinin işinin son nəticələrinə əsaslı təsir göstərə bilir, onu təhsil prosesini idarə edən vacib faktor kimi qeyd etmək olar.
İradə HƏSƏNOVA, Sumqayıt şəhəri, 23 nömrəli tam orta məktəbin kimya müəllimi, kimya-biologiya fənləri üzrə metodiki birləşmənin rəhbəri |
|
02.11.2018 | 16:44 | |
|
|
|