ADPU-nun Şəki filialında “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan tədbirlər keçirilir | |
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin ( ADPU) Şəki filialında silsilə tədbirlər təşkil olunur.
“Azərbaycan müəllimi” nə ADPU-dan bildirilib ki, növbəti belə tədbirdə ekoloji problemlər müzakirə olunub.
Tədbirdə filialın direktoru dosent Vurğun Məmmədov çıxış edərək çağdaş dünyanın müasir ekoloji problemləri, onların bəşəriyyətə vurduğu zərərlər, bu zərərləri önləmək üçün dünya miqyasında görülən işlər haqqında məlumat verib. Direktor deyib ki, cari ilin noyabr ayında ölkəmizdə keçirilməsi planlaşdırılan COP-29 sammitinin Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması baxımından müstəsna əhəmiyyətə malikdir. O, bu tədbir çərçivəsində alınacaq qərarların bütün dünyanın qarşıdakı illərdə ekoloji problemlərin həllinə ortaq yanaşmasının əsas norma və prinsiplərini təşkil edəcəyindən əminliyini bildirib.
Daha sonra filialın elmi işlər üzrə direktor müavini dosent Nuralı Çələbiyev, Tələbə Elmi Cəmiyyətinin sədri, baş müəllim Səadət Feyzullayeva və müxtəlif ixtisasların tələbələri məruzə və təqdimatlarla çıxış ediblər.
Konfransdan sonra filialın həyətində müəllim və tələbələrin iştirakı ilə həmişəyaşıl sərv ağacları əkilib.
Qeyd edək ki, filialın Tələbə Elmi Cəmiyyətinin və Şəki şəhər Rəşid bəy Əfəndiyev adına 10 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Ekodost” mövzusunda təlim də təşkil edilib.
|
|
18.04.2024 | 11:25 | |
|
|
|