Şagirdlərin yaş xüsusiyyətləri və sosial təsirlər | |
Hazırda təhsilimiz və eləcə də ailələrimiz üçün aktual olan məsələlərdən biri də müəllim-şagird, müəllim-valideyn və valideyn-övlad münasibətləri və bu münasibətlərin formalaşmasında iştirak edən psixoloji və sosial təsirlərdir.
Məktəbdə birbaşa pedaqoji fəaliyyətlə məşğul olanlar və valideynlər yəqin ki, mənimlə razılaşarlar ki, yaşadığımız dövrdə istər məktəbdə, istərsə də ailədə uşağı idarə etmək xeyli çətinləşib. Təsadüfi deyildir ki, ara-sıra böyüklərlə uşaqlar arasında konfliktlər baş verir və bunlardan bəziləri ölkə gündəmini də zəbt edir. Problemi araşdırandan sonra bir neçə səbəblər müəyyən etdik. Bunlardan ikisinin üzərində daha ətraflı dayanmaq istəyirik.
Məlumdur ki, müasir dövrdə psixologiya elminin əhəmiyyəti artmışdır. Mübaliğəsiz demək olar ki, hazırda bütün dünyada hər cür fəaliyyətin və insan münasibətlərinin səmərəliliyini psixoloji biliklərin tətbiqində görürlər. Təsadüfi deyildir ki, görkəmli rus psixoloqu A.N.Leontyev XXI əsri psixologiya əsri adlandırmışdır. Azərbaycanın bu sahənin aparıcı mütəxəssisləri də müasir təhsil sistemində psixologiya elminin nailiyyətlərindən istifadənin vacibliyinə diqqəti çəkmişlər. Görkəmli psixoloq, professor Əbdül Əlizadə qeyd etmişdir ki: “XXI yüzillikdə Azərbaycan məktəbinin uğurları bütün başqa şərtlərlə yanaşı, həm də məhz psixoloji biliklərin məktəb təcrübəsində nə dərəcədə səriştə ilə gerçəkləşməsindən asılı olacaqdır. Bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da məktəb öz öyüd-nəsihətli saatını gec-tez psixoloji ölçülər axarında kökləyəcəkdir”.
Məktəbyaşlı uşaqların psixologiyası haqqında ədəbiyyatla tanış olarkən, bir daha əmin olursan ki, istər şagirdlərimizlə, istərsə də övladlarımızla münasibətdə çoxlu səhvlər buraxırıq.
Burada belə nəticəyə gəlmək olar ki, müasir təhsil müəllimlərdən peşəkar psixoloji hazırlıq səviyyəsi tələb edir. Müəllim gündəlik həyatında əldə etdiyi psixoloji təcrübə və biliklərlə şagirdi idarə etməkdə çətinlik çəkir.Müəllim öz şagirdlərini o şərtlə düzgün öyrənə və həm də öyrədə bilər ki, uşağın təbii inkişafının psixoloji qanunauyğunluqlarını, meyil və maraqlarını bilsin. Bunu bilmək həm də ona görə önəmlidir ki, məktəb təhsili və tərbiyəsi nəinki şəxsin daxilində baş verən qarşıdurmaların uğurla aradan qaldırılmasına kömək edir, eyni zamanda, bu işə düzgün yanaşma olmadıqda, həmin qarşıdurmaların yaranmasına və inkişafına səbəb ola bilir.
Sosial təsirlər
Müəllimlə şagird arasında konfliktlərin artmasının səbəblərini təkcə psixoloji aspektlərlə izah etmək düzgün olmazdı. İnsan şəxsiyyətinin formalaşmasına mühitin və ictimai-tarixi şəraitin də təsiri böyükdür. Hər birimiz zəmanəmizin övladlarıyıq, hərəkətlərimizə, davranışlarımıza, rəftarımıza, yaş xüsusiyyətlərimizlə yanaşı konkret yaşadığımız dövr və tarixi şərait də öz təsirini göstərir. Münasibətlərin xarakterini şərtləndirən psixoloji və sosial səbəbləri müəyyən etmək, müasir məktəblinin sosial xarakteristikasını hazırlamaq və məktəbdə şagirdlərlə işi düzgün qurmaq üçün peşəkar sosioloqlara araşdırma sifariş olunmalıdır. Araşdırmanın nəticələri və bunun əsasında hazırlanan tövsiyələr bütün təhsil müəssisələrinə və eləcə də təhsili idarəetmə qurumlarına göndərilməlidir.
Məsuliyyət hissi və mənəvi borc azalıb
Müasir şagirdi fərqləndirən cəhətlərdən biri də ondan ibarətdir ki, valideynlərinin, qohumlarının, cəmiyyətin qarşısında olan məsuliyyətinə qarşı laqeyddir. O, pis bir iş görəndə, zərərli vərdişlərə qurşananda valideyn, məktəb və cəmiyyət qarşısında utancaqlıq hiss etmir. Məsələn, əvvəlki illərdə dərslərdən geri qalan uşaq bundan bir utancaqlıq hiss edirdi. İndiki halda isə biz bunu müşahidə etmirik. Sanki oxumayan uşaqların sayının çox olması artıq həm məktəb, həm də cəmiyyət tərəfindən adi hal kimi qarşılanır. Başqa bir misal, əvvəllər uşaq müəllimlə konfliktə girməkdən çəkinirdi, çünki bu, həm onu, həm onun tərbiyə aldığı ailəni hörmətdən salırdı. Belə hal baş verdikdə ailə onu cəmiyyətdən gizlətməyə çalışırdı. İndiki halda isə nəinki uşaq, hətta onun valideyni də müəllimlə konfliktə girir, onu təhqir edir və daha sonra bu hadisəni sosial şəbəkədə də yayır.
Kömək etməyə tələsmir, telefona çəkməyə tələsir
İnternet mətbuatında və digər mətbuatlarda sensasiya dalınca qaçma meyli hər kəsə öz təsirini göstərir, o cümlədən məktəblilərə də. Əvvəllər bir bədbəxt hadisə və ya ekstremal vəziyyət ilə üzləşəndə birinci ağla gələn şey köməyə tələsmək olurdusa, müasir dövrümüzdə belə hadisələrlə üzləşən insanlar onu ilk çəkib yayaraq “qəhrəman” olmaq fikrində olurlar. Nəzərə alsaq ki, belə çəkilişlər müqabilində pul və məşhurluq da qazanmaq olar, onda uşaqlarımızın niyə adi insani ağrılara, həyəcanlara, faciələrə laqeyd olduqlarını anlamaq çətin olmaz. Uşaq acımadan ona dərs deyən müəllimi sinifdə əsəbi gərginlik vəziyyətinə gətirir, onu münaqişəyə cəlb edir və daha sonra bu hadisəni telefonu ilə çəkərək sosial şəbəkəyə yerləşdirir və özünü qəhrəman hesab edir. Yaxın zamanlarda məktəblərimizdə baş verən bir neçə belə hadisənin şahidi olduq. Bu hadisələr ölkə gündəmini zəbt etdi və geniş müzakirələrə səbəb oldu. Narahatedici və düşündürücü haldır ki, uşaq məşhurluq qazanmaq naminə bilərəkdən başqasının həyatını pozmaqdan belə çəkinmir.
Müasir texnologiyalar
Ötən il dünya üzrə internet portallarında ən çox oxunan ikinci məqalə “Qadjetlər və yeniyetmələr” adlı məqalə olub. Məqalədə aparılan araşdırmaya uyğun olaraq mən də yuxarı sinif şagirdləri arasında kiçik araşdırma apardım. Araşdırmanın nəticəsi demək olar ki, müzakirələrə yer qoymur. Smartfon əldə etdikdən sonra yeniyetmənin təhsilə olan münasibəti mənfiyə doğru dəyişmişdir. İki qrup şagirdlər var: birinci halda smartfon əldə etdikdən sonra şagird əvvəlki səviyyəsindən aşağı oxuyur. İkinci halda isə, uşağın yanında daha təhsildən danışma. Sanki uşağın başında olan təhsilin qapısı bağlanmışdır və o, artıq belə informasiyaları qəbul etmir. Bunun çox sadə bir izahı var, smartfon çox cəzb-edici və maraqlıdır, ən əsası isə aludəçilik yaratmaq qabiliyyətinə malikdir. Məsələnin ciddiliyi məşhur Apple şirkətinin rəhbəri Stiv Cobsa da bəlli idi. Təsadüfi deyil ki, bir dəfə müsahibə zamanı jurnalist ondan soruşanda ki, onun uşaqları İPad-ı sevirlərmi? O cavab verir: “Uşaqlar ondan istifadə etmirlər. Biz evdə uşaqların yeni texnologiyalara həsr etdikləri vaxtı məhdudlaşdırmışıq”.
Valideynlər və müəllimlər bir şeyi nəzərə almalıdırlar ki, uşağın tərbiyəsinə təsir imkanları artıq təkcə valideynlər, müəllimlər və kitablarla məhdudlaşmır.
Təhsilə maraq niyə azalır?
Müasir təhsilimizdə narahatçılıq yaradan cəhətlərdən biri də təhsil almağa marağı azalan uşaqların sayının artmasıdır. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri vardır. Bunlardan bir neçəsinin üzərində dayanmaq istərdik.
1. Təhsil həyatda uğur qazanmağın, özünü və ailəni təmin etmək üçün əsas və aparıcı şərt deyil. 2. Uzun müddət təhsildə yaranan boşluq nəticəsində (məsələn, müəllimliyə aşağı balla qəbul olunma) təlim-tərbiyə üçün yararsız pedaqoji kadrlar məktəbdə üstünlük təşkil etməyə başladı. Yalnız ailəsinin məişət tələbatlarını təmin etmək haqqında düşünən müəllimlərin dünyagörüşü şagirdlərə də mənfi təsir göstərir. Həyatda yüksək amallar uğrunda yaşayan, böyük insanlar yetişdirmək və bununla fəxr etməyi bacaran istedadlı insanları məktəblərimizə qaytarmalıyıq. 3. Məktəblə ailənin əlaqəsinin zəifliyi. Uşaq zəif ailə nəzarəti səbəbindən təhsildən uzaqlaşır, pis vərdişlərə qurşanır və s. Əgər əvvəllər ailə ilə məktəbin əlaqəsinin sıx olması daha çox şagirdin daha yaxşı təhsil alması üçün vacib idisə, hazırda bu, ilk növbədə, uşağın zərərli vərdişlərə aludə olmasının qarşısının alınması üçün vacibdir. Müşahidələr göstərir ki, müəyyən sayda uşaqlar təhsildən yayınaraq vaxtlarını internet klublarda və digər yerlərdə keçirirlər. Buna görə də ailə ilə məktəbin əlaqəsinin operativliyi vacibdir.
Kişi müəllimlərin azlığı
Müasir cəmiyyətimizin həyatımıza gətirdiyi yeniliklərdən biri də məktəblərimizdə və eləcə də ailədə uşağın tərbiyəsində qadınların rolunun artmasıdır. Bu gün ölkəmizin orta məktəblərində dərs deyən müəllimlərin 80 faizdən çoxu qadınlardır. Məktəblərimizdə müəllimlərin çoxunun qadın olması və ya kişi müəllimlərin azlığı bir sıra sosial problemlərə yol açır. Bu problemin ikisinin üzərində xüsusilə dayanmaq lazım gəlir.
Təbii ki, burda ilk öncə oğlan şagirdlərin bir şəxsiyyət olaraq formalaşmasındakı qüsurların üzərində dayanmaq lazım gəlir. Bütün dərslərin qadın müəllimlər tərəfindən tədrisi həssas oğlan uşaqlarında əks-cinsə məxsus duyğusal keyfiyyətlər formalaşdırır. Oğlanlar qadın müəllimlərdəki keyfiyyətləri götürürlər, emosional olurlar, hissləri tərəfindən idarə edilirlər. Buna görə daha çox qadın müəllimlərin dərs deməsi yetişməkdə olan oğlan uşaqlarına, xüsusilə onların emosional təfəkkürlərinə mənfi təsir göstərir. Özləri də bilmədən, hiss etmədən qadın müəllimlərin hərəkətlərini yamsılayırlar. Bu cür oğlan uşaqlarında kişilərə xas qətiyyət, konkretlik azalır, xaraktersizlik meydana gəlir. Gələcəyin kişisini yetişdirməkdə ancaq qadın psixologiyasının rol oynaması arzuolunan hal deyil.
İkinci cəhət ondan ibarətdir ki, çətin xarakterə malik uşaqlarla məktəbdə təkbaşına işləmək qadın müəllimlər üçün çox çətindir. Əgər ibtidai təhsil səviyyəsində qadın müəllimlər işin öhdəsindən gəlirlərsə, yuxarı siniflərdə artıq kişi xarakteri lazımdır. Qadınlar bəzən qarşıdakına rəhmi gələrək, nəyəsə güzəştə gedə bilər, amma kişi bu cür hallarda daha sərt mövqedən çıxış edir, hisslərinə təslim olmur. Qadın müəllimlər bəzən həya edərək, yaxud bu cür uşaqların onların üzünə qayıdacaqlarından ehtiyatlanaraq, onlarla ünsiyyətdən yayınırlar. Bu da vəziyyəti daha da ağırlaşdırır. Qadınlar zəif məxluqdur, onun belə münasibətləri təbiidir. Bu zaman köməyə kişi müəllim gəlməlidir. Uşaqlar kişi zəhmi görməlidirlər, kimdənsə çəkinməlidirlər. Məktəbdə kişi müəllimlərin azlığı nadinc uşaqların sayının günü-gündən artmasına zəmin yaradır. Göründüyü kimi, uşağın tərbiyəsində kişi faktoru mühüm rol oynayır.
Ən vacib prinsip
Vaxt var idi nəinki şagirdin, heç onun valideynlərinin də ağlına gəlməzdi ki, müəllimin sözünün üstünə söz gətirsin. Bilirik ki, sovet dönəmində pedaqogika sərt idi, bəzi dövrlərdə hətta totalitar xarakter daşıyıb. İndi bütün cəmiyyətimizə yeni dəyərlər daxil olduğu kimi, təhsilimizdə də bunlar özünü göstərir.
Lakin bilməliyik ki, problemin yaranmasına ən böyük səbəb məktəblərimizdə möhkəm nizam-intizamın itməsidir. Bu vacib şərt təmin olunmadan uğurdan danışmaq olmaz. Dünyanın ən mötəbər təhsil müəssisələri ilk öncə özlərinin ciddi qanunları ilə fərqlənir. Bu qanunlara orada oxuyan hər bir şagird, orada işləyən hər bir pedaqoq ciddi əməl etməlidir. Məktəbdə riayət olunası ən vacib prinsip - məktəbin daxili nizam-intizam qaydalarına hamı tərəfindən birmənalı olaraq ciddi əməl etməsidir.
Səbr və sevgi uşağa sərf olunsa...
Bir çox valideynlər bildirirlər: “Gecə-gündüz çalışıram ki, ailəm heç nədən korluq çəkməsin, yeməyi, içməyi əskik olmasın, geyimlərini təmin edim”. Özəl günlərdə uşağı üçün hədiyyə kimi müasir texnoloji avadanlıqlar alan valideyn ən vacib olanı etmir - ona kifayət qədər vaxt ayırmır. Uşağının mənəvi və əxlaqi tərbiyəsi barədə valideyn çox az fikirləşir. Müasir valideyn öz vəzifəsini yalnız uşağını hərtərəfli təmin etməkdə görür. Valideyn tərbiyə işini bütövlüklə müəllimin çiyninə atır, halbuki, valideynin nəzarəti olmadan bu işdə uğur qazanmaq olmaz. Müasir həyat tərzi belədir ki, valideyn ailəni təmin etmək üçün bir neçə işdə çalışmalı olur. Bu səbəbdən onun faktiki olaraq uşaqların tərbiyəsinə ayırmağa vaxtı qalmır. Belə olan təqdirdə uşaq vaxtını keçirmək üçün ən maraqlı məkan kimi interneti seçir. Orada isə uşağın tərbiyəsi üçün zərərli olan materiallar qədərindən artıqdır. Bəs nə etməli? Valideyn, nə qədər məşğul və yorğun olsa da, uşağına daha çox diqqət yetirməlidir, onun problemləri ilə maraqlanmalıdır və onların həllinə çalışmalıdır. Məhz buna görə də ailə ilə çox vaxt keçirtmək, gəzintilər təşkil etmək böyük tərbiyəvi əhəmiyyətə malikdir. Valideynlər nə qədər tez uşaqlarının tərbiyə məsələlərinə diqqət ayırsalar, bir o qədər də gələcəkdə az problemlər yaranacaq. Nə qədər enerji, səbr və sevgi uşağa sərf olunsa, bir o qədər də o, özünün uğurları və nailiyyətləri ilə valideynlərini sevindirəcək.
Mais Quliyev, Lənkəran ŞTŞ-m aparıcı məsləhətçisi |
|
02.11.2018 | 15:17 | |
|
|
|