“Məktəb liderliyi” proqramı çərçivəsində modullar üzrə yekun qiymətləndirmə başa çatıb

“Məktəb liderliyi” proqramı çərçivəsində tədrisi başa çatan “Məktəbdə səmərəli ünsiyyətin, sağlam psixoloji mühitin təşkili və idarə olunması”, “Məktəb sənədləri ilə iş”, “Təhsildə qiymətləndirmə və monitorinq”, “Məktəb heyətinin idarə olunması” modulları üzrə yekun qiymətləndirmə təşkil olunub.

 

"Azərbaycan müəllimi" xəbər verir ki, paytaxt da daxil olmaqla 37 digər şəhər və regiondan olan iştirakçılar ADPU-nun V tədris binasında əyani formada təşkil edilən yekun qiymətləndirmədə iştirak ediblər.

 

Bununla yanaşı, iştirakçılar üçün film izləmə saatı, keramika bəzəmə master-klası, YARAT Müasir İncəsənət Mərkəzi ilə tanışlıq, Türkiyənin Başkent Universitetinin professoru Servet Özdemirin ustad dərslərini dinləmək və s. imkanları əldə ediblər.

 

Xatırladaq ki, Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzi ilə birgə həyata keçirilən “Məktəb liderliyi” proqramı dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışan və ya çalışmaq arzusunda olan pedaqoji kadrların idarəetmə ilə bağlı bilik və bacarıqlarının təkmilləşdirilməsinə dəstək göstərən peşəkar inkişaf proqramıdır.

 

Direktor, direktor müavini və müəllimlərin şəbəkələşməsi, şagird nailiyyətlərinin yaxşılaşdırılması üçün düzgün liderlik strategiyalarının müəyyən edilməsi, problem həlli, əməkdaşlıq, kommunikasiya kimi bacarıqların aşılanması proqramın əsas hədəflərindəndir.

 

Proqramda 5 modul üzrə 145 saat tədris olunur. Noyabr ayından etibarən modullar üzrə təlimlərə start verilib. Hazırda 2 əyani qrupda 53 nəfər, 3 onlayn qrupda isə 73 nəfər proqramın iştirakçısıdır.

 

 



17.04.2024 | 10:53