BMU ilə “BS-Avtomatika” MMC arasında əməkdaşlıq razılaşması imzalanıb | |
Bakı Mühəndislik Universiteti (BMU) ilə “BS-Avtomatika” MMC arasında əməkdaşlıq razılaşması imzalanıb.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, rektor Yaqub Piriyevlə “BS-Avtomatika” MMC-nin direktoru Pünhan Seyidovun imzaladığı sənəd universitetdə avtomatika, elektronika və energetika yönümlü ixtisaslar üzrə mütəxəssis hazırlığında tərəflərin maddi-texniki bazalarından və insan resurslarından qarşılıqlı istifadə üzrə əməkdaşlıq məqsədi daşıyır.
Bir çox istiqamətləri ehtiva edən razılaşmaya əsasən, ali təhsil müəssisəsi və MMC universitetin kitabxana-informasiya sisteminin informasiya resurslarının zənginləşdirilməsi, tələbələrin istehsalat təcrübəsinin, həmçinin “BS-Avtomatika”nın istehsal sahələrinə ekskursiyalarının təşkili, ixtisaslaşdırılmış iş yerlərinin yaradılması, müvafiq avadanlıq və proqram təminatı ilə təchiz edilmə layihəsinə dəstək, məzunlar üçün karyera imkanlarının yaradılması və s. kimi sahələrdə əməkdaşlıq edəcəklər.
Bundan əlavə, MMC-nin rəhbər və aparıcı mütəxəssislərinin tədris prosesinə, eləcə də tələbələrin buraxılış işlərinə və magistrlik dissertasiyalarına rəhbərliyə cəlbi nəzərdə tutulur. Bu məqsədlə “BS-Avtomatika”nın binasında universitetin Avtomatika, telekommunikasiya və energetika kafedrasının filialının yaradılması, orada BMU mütəxəssisləri tərəfindən MMC-nin xidmət göstərdiyi strukturların əməkdaşlarına müxtəlif kursların proqramları çərçivəsində təlimlərin keçirilməsi planlaşdırılır.
İmzalanma mərasimi tərəflər arasında maraq doğuran digər məsələlər üzrə geniş fikir mübadiləsi və müzakirələrlə yekunlaşıb.
|
|
17.04.2024 | 09:51 | |
|
|
|