Türkiyənin Hacettepe Universiteti ilə ADPU arasında elmi əlaqələrin qurulması müzakirə olunub

Türkiyənin Hacettepe Universitetinin təhsil elmləri üzrə professoru Səlahəddin Gelbal Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olub.

 

Qonaq ADPU-nun rektoru professor Cəfər Cəfərov və beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova ilə görüşüb. Görüşdə, həmçinin elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, strateji inkişaf məsələləri üzrə prorektor Könül Pirverdiyeva, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Ali təhsil müəssisələri ilə iş sektorunun müdiri Elza Səmədova və ADPU-nun Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Rufanə Əhmədova iştirak ediblər.

 

Görüş zamanı rektor  Cəfər Cəfərov ADPU haqqında ətraflı məlumat verib, Pedaqoji Universitetlə Türkiyə universitetləri arasında mövcud əlaqələrdən danışıb.

 

Görüşdə  elmi əlaqələrin qurulması, akademik heyətin, tələbələrin qarşılıqlı mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin təhsildə qiymətləndirmə və monitorinqin əhəmiyyəti vurğulanıb və bu sahədə əməkdaşlıqla bağlı ətraflı fikir mübadiləsi aparılıb.

 

 



16.04.2024 | 15:33