Dünyanın 100 ən yaxşı ali məktəbi siyahısında 5 universitetlə təmsil olunan Cənubi Koreyanın uğurunun sirri - TƏHLİL

“Azərbaycan müəllimi” “Ali təhsildə beynəlxalq təcrübə" rubrikası çərçivəsində növbəti yazısını təqdim edir:

Son onilliklərdə Cənubi Koreyanın ali təhsil sektoru böyük dəyişikliklərlə üzləşib. Bu, özünü bir neçə onilliklər ərzində “elit” təhsildən “universal” təhsilə keçid sürətində göstərib. Bu prosesdə mühüm rolu xaricdə təhsil almış yüksəkixtisaslı müəllimlər oynayıb. 2015-ci ildə “Bloomberg” agentliyi dünyanın 50 ən  yenilikçi ölkəsinin reytinqini təqdim edib. Cənubi Koreya ən yüksək yenilikçi potensialını göstərərək sıralamada 1-ci yeri tutub. Siyahı altı meyara görə tərtib edilib: yüksək texnoloji tədqiqatların sayı, adambaşına düşən universitetlərlə sənaye əməkdaşlığı (tədqiqat və inkişaf) xərcləri, istehsal sənayesinin ümumi əlavə dəyəri, adambaşına düşən patent və tədqiqat personalının sayı.
    

Uğurlu və bənzərsiz innovasiya sisteminin yaradılması və hökumətin insan resurslarının inkişafına və universitet-sənaye işbirliyinə verdiyi töhfə Cənubi Koreyanın dünyanın ən yenilikçi ölkəsi olmasına kömək edib. Bu müvəffəqiyyətin mühüm tərkib hissəsi nisbətən qısa müddətdə ali təhsil sistemində islahatların aparılmasının mümkün olması və öz innovativ təhsil strukturlarını yaratması idi.
    

Cənubi Koreyada universitet təhsili sahəsində islahatlar qlobal problemlərin təsiri altında həyata keçirilib. Qloballaşma kontekstində universitetlərin xarici bazara daim uyğunlaşmaları və hərəkətverici qüvvə rolunu oynayaraq milli iqtisadiyyatın tələblərinə cavab vermələri lazım idi. ABŞ-da ali təhsil sisteminin inkişafı təcrübəsini örnək götürən Cənubi Koreyanın universitetləri tədricən təşəbbüskarlıq modelini inkişaf etdirdilər, təhsil və tədqiqatı birləşdirməyi bacardılar.

  

Cənubi Koreyada ali təhsil əsasən universitetlər (milli tədqiqat universitetləri, sənaye universitetləri, müəllim hazırlığı universitetləri, yayım və qiyabi universitetlər, kiber universitetlər, aspiranturalar, açıq universitetlər və milli təhsil universitetləri) və kolleclər (kiber kolleclər, texniki universitetlər) tərəfindən təmin edilir.

   

Məlumdur ki, hazırda bütün dünyada təhsil sahəsində əsas tendensiya beynəlmiləlləşmədir. Beynəlmiləlləşmə dünya səviyyəsində yüksəkixtisaslı və rəqabətli mütəxəssis yetişdirmək üçün ali təhsil müəssisələrinin xidmət funksiyalarında zəruri elementə çevrilib. Buna görə də Koreya ictimaiyyəti xaricdə təhsilin qlobal əmək bazarında yaşamaq üçün bir zərurət olduğunu yüksək qiymətləndirir. Bu baxımdan koreyalı tələbələr bakalavr səviyyəsindən başlayaraq aspiranturaya qədər xaricdə təhsil alan ən böyük tələbə qruplarından birini təşkil etməkdədir. Onlar ABŞ-da üçüncü, Yaponiyada isə ikinci ən böyük beynəlxalq tələbə qrupunu təşkil edirlər. Koreya hökuməti beynəlxalq təhsil bazarında “qabaqcıl ölkə” statusuna nail olmağa çalışır və bunun üçün ali təhsilin rəqabət qabiliyyətinin artırılmasına diqqət yetirir. Buna görə 2004-cü ilin avqust ayında Koreyanın Təhsil Nazirliyi universitetlərin yenidən qurulması planını elan edib. Kütləvi informasiya vasitələrində geniş işıqlandırma ilə ictimaiyyət universitetlərdə yenilik və dəyişikliklərin əhəmiyyəti ilə bağlı konsensus əldə etməyə cəlb edilib. Bu planı beş əsas sahəyə bölmək olar:

 

1.Universitetlərin yenidən qurulması yolu ilə xüsusi sahələrdə ixtisaslaşmanın təşviqi:
- Milli universitetlərin idarəetmə sisteminin yenidən qurulması, onların  birləşməsi yolu ilə ittifaqların yaradılması.

2.Universitetlərin tədqiqat potensialının dünya səviyyəsinə qaldırılması:

-Nüfuzlu universitetlərin tədqiqat potensialının məşhur “Koreya beyni 21” kimi müxtəlif layihələrlə və ya elm,  mühəndislik sahəsində təhsil alan tələbələrə təqaüd verməklə dünya səviyyəsinə qaldırılması.

3.Peşəkar aspiranturaların məqsədyönlü inkişafı:

- Akademik rəqabətin təşviqi.

4. Yerli ali təhsil müəssisələri sənaye və regional inkişaf universitetləri arasında əməkdaşlığın mərkəzində:

- universitet və icma arasında əməkdaşlıq və regional sənaye ilə güclü əlaqələr.

5. Ali təhsilin qloballaşması:

- Beynəlxalq tələbələrin cəlb edilməsi üçün kompleks tədbirləri özündə cəmləşdirən “Koreyanı öyrən” layihəsi

- “Koreya universitetləri xaricdə” layihəsi (onlayn tədris proqramları, xaricdəki kampuslar, Koreya təhsil mərkəzləri və s.).

- Müəllim və tələbə mübadiləsi haqqında hökumətlərarası razılaşmalar.

Universitetlərin yenidən qurulması öz bəhrəsini verib. İlk vaxtlarda əməkdaşlıq və mübadilə proqramları Şimali Amerikanın ali təhsil müəssisələri ilə həyata keçirilib, bu, koreyalı tələbələrin ABŞ-nin universitetlərində təhsil almağa marağının çox olması səbəbindən baş verib.  2007-ci ildə ABŞ-da 59 022 koreyalı tələbə təhsil alırdı. Lakin Avropa universitetləri ilə əməkdaşlıq müqavilələrinin sayı daim artıb, digər tərəfdən Koreyaya gələn avropalı tələbələrin sayında da getdikcə artım baş verib.

   

Hər il 100 mindən çox əcnəbi Cənubi Koreya universitetlərinə təhsil almağa gəlir. Əcnəbilərin Koreyada tez-tez təhsilə can atmasının əsas səbəbi potensial olaraq daha yüksək keyfiyyətlə daha ucuz qiymətə magistr və ya bakalavr dərəcəsi almaqdır. Bununla belə, Cənubi Koreya əcnəbilərin əldə edə biləcəyi imkanları genişləndirir. Dünyanın hər yerindən olan tələbələr artıq Koreya təhsil sistemində bir çox sahələrdə doktorluq dərəcələri əldə edə bilirlər. Əcnəbi tələbələrin doktorantura təhsili ala biləcəyi sahələrin sayı bəzi ölkələrdə məhdudlaşsa da, Cənubi Koreya onların genişlənməsini sürətləndirir. Cənubi Koreyada əcnəbi tələbələr üçün ən populyar təhsil sahələrindən bəziləri texnologiya, kompüter proqramlaşdırması və veb dizayndır 

  

Ölkə təhsilin inkişafı üçün çox iş görür və universitetləri dəstəkləyir. Üstəlik, Cənubi Koreyanın ÜDM-in təxminən 5-7%-i məhz təhsil sektoruna göndərilir və bunun sayəsində ali təhsil müəssisələri qabaqcıl maddi təminat alır və yüksək səviyyəli müəllimləri cəlb edir.
       

Koreyanın Təhsil Nazirliyi Asiya və Avropa ali təhsil müəssisələri arasında daha sıx əməkdaşlığın və mübadilənin inkişaf etdirilməsinin zəruriliyini qeyd edir.

    

Ümumiyyətlə, Cənubi Koreya ali təhsil sahəsində çox çalışır və beynəlmiləlləşməyə çox sərmayə qoyur. Koreya hökuməti tərəfindən təklif olunan müxtəlif strategiyalar beynəlxalq, mədəniyyətlərarası və qlobal komponentin universitetlərin funksiyalarına daxil edilməsinin vacibliyinin tanındığını göstərir. Bununla birlikdə, proses vaxt tələb edir, xaricdən gələn tələbə və xarici müəllimlərin sayı baxımından tez bir zamanda yaxşı nəticələr əldə etmək çətindir.    “Böyük qonşular” - Çin və Yaponiya arasında yerləşməsi sayəsində Koreya əcnəbi tələbələri ölkəyə cəlb etmək üçün çox səy göstərməli olub. Son illərdə bu səylər daha məhsuldar olub və ümumi iqtisadi artım nəzərə alınmaqla, beynəlxalq tələbələrin və xarici müəllimlərin sayının daha da artacağını güman etmək olar.
      

Cənubi Koreyanın universitetləri dünyanın ən yaxşı 50 təhsil müəssisəsinin siyahısında yer almaqdadır.  Koreya ali məktəblərinin məzunları dünyanın ən yaxşı şirkətlərində yüksək vəzifələrdə çalışırlar. Amerika Birləşmiş Ştatları orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirmək istəyənlərin sayına görə dünyanın ilk ölkəsidir, ikinci yerdə isə Cənubi Koreyadır.
    

Koreya digər ölkələrdən tələbələrin cəlb edilməsində maraqlıdır, buna görə də onlara təhsil dəyərinin 30%-ni təmin edən müxtəlif təqaüd proqramları təklif edir, ən populyar təqaüdlərdən biri olan “Global Korea Scholarship”dır. Proqram tələbələrin təhsil və yaşayış xərclərini tam əhatə edir. Belə ki, Koreyada yüksək səviyyəli təhsil ABŞ-da, Avropa ölkələrində və hətta Rusiyada olduğundan daha az məbləğə başa gələ bilər.
    

Beləliklə də hazırda Cənubi Koreyada ali təhsil sahəsi sürətlə inkişaf edir: bir çox ali təhsil müəssisələri dünya reytinqlərində yüksəlməyə və beynəlxalq aləmdə möhkəmlənməyə çalışırlar. Universitetlər qabaqcıl müəllimləri və lektorları dəvət edir, eləcə də elmi-texniki bazalarının inkişafı üçün vəsait ayırırlar. Belə ki, Cənubi Koreya təhsili dünyada ən qabaqcıl təhsil sayılır və əksər ölkələrdə qiymətləndirilir.

      

Koreya universitetləri daha əlçatan ediləcək
  

Cənubi Koreya ali təhsildə daha çox əcnəbi tələbənin cəlb olunmasını planlaşdırır. Bunu necə edəcək?  Bu sualın cavabını ölkənin təhsil naziri Li Zhu Ho verib. O, ölkəsinin 2027-ci ilə qədər 300.000 xarici tələbəni cəlb etməyi planlaşdırdığını açıqlayıb. Plan, ilk növbədə, STEM proqramları üzrə təhsil verən və eyni zamanda böyük şəhərlərdən kənarda yerləşən universitetlər üçün nəzərdə tutulacaq dövlət təqaüd kvotasının artırılmasını əhatə edir. Təxminən 2,7 min təqaüd təbiət elmləri tələbələrinə ayrılacaq, 6 minə qədər təqaüd isə humanitar proqramlarda tələbələr üçün əlçatan olacaq. Üstəlik, abituriyentlər arasında bölgələrin cəlbediciliyini artırmaq üçün hökumət yerli idarələrlə sıx əməkdaşlıq etməyi planlaşdırır və ayrı-ayrı ərazilər dünyanın hər yerindən istedadların inkişafına yönəlmiş təhsilin beynəlmiləlləşməsinin xüsusi zonaları elan oluna  bilər.

 

Təqaüd planlarına əlavə olaraq, universitetlərə "magistr və aspiranturaya dəstək layihələri" ilə kömək üçün 60,4 milyon dollar ayrılacaq. Bu  layihələr, ümumiyyətlə, kampusdakı beynəlxalq tələbələrin təcrübəsini yaxşılaşdırmağa yönəldilib.
 

Yeni “Study Korea 300K” layihəsi Hindistan, ABŞ, Pakistan, Polşa və BƏƏ-dən olan tələbələrə Koreyada təhsil almaq üçün “Global Korea Scholarship”-dən kvota və təqaüdlərin artırılmasını nəzərdə tutur. Hökumət, Koreya təhsilini populyarlaşdırmaq üçün beynəlxalq tələbə xidmətləri mərkəzlərinin yaradılacağını da açıqlayıb.

    

Təhsil naziri bildirib ki, elmi və texniki ixtisasların məzunları üçün yeni sürətləndirilmiş viza sistemi yaradılacaq. Magistr və ya doktorluq dərəcəsi alan tələbələrin, ölkədə üç il qaldıqdan sonra Koreya vətəndaşlığı üçün müraciət edə və daimi yaşayış statusu ala biləcəyi, əvvəlki tələb olunan yaşayış müddətini yarıya endirəcəyi də ehtimal olunur.
   

“Texnoloji üstünlük uğrunda mübarizənin gücləndiyi bir dövrdə elmi  istedadların yetişdirilməsinə ciddi ehtiyacımız var. Yaponiya, məsələn, 2033-cü ilə qədər 400.000 xarici tələbəni cəlb etməyi hədəfləyib. İndi xarici istedadların strateji cəlb edilməsinin vaxtı yetişib", - deyə nazir bildirir.

       

Qeyd edək ki, ötən il ölkənin təhsil müəssisələrinə 205.167 əcnəbi tələbə qəbul olunub. Beləliklə də əcnəbi tələbə sayı son 10 il ərzində 2 dəfə artıb.

    

 2022-ci ildə Cənubi Koreyada ali təhsil müəssisələrinin məzunlarının məşğulluq səviyyəsi 69,6 faiz təşkil edib. Ən yüksək nisbət -  83 faiz aspirantura, daha sonra Politexnik Kollec məzunları arasında müşahidə olunur.

     

2023-cü ildə Cənubi Koreyada bakalavr dərəcəsi alan məzunların sayı təxminən 544.000, magistr dərəcələrinin sayı təxminən 84 min, Cənubi Amerikada doktorluq dərəcəsi alan məzunların sayı  təxminən 17.700 olub. 2022-ci ildə Cənubi Koreya OECD ölkələri arasında ali təhsil məzunlarının ən yüksək nisbətinə sahib idi: əhalisinin təxminən 70 faizi 25 ilə 34 yaş arasında məzun olub.  

  

Cənubi Koreya dünyanın ən yaxşı təhsil sistemlərinin sıralamasında ilk 10-luqda yer alıb. Böyük Britaniyanın  dünyanın ən yaxşı təhsil sistemlərinin “QS Higher Education System Strength”  reytinqində Cənubi Koreya 9-cu sırada qərarlaşıb.  Reytinq dörd göstəriciyə əsaslanır: universitetlərin sayı və onların QS World University Rankings-dəki mövqeləri, ali təhsilə əlçatanlıq, reytinqdəki ən yaxşı universitetlərin sayı əsasında milli ali təhsil sisteminin qiymətləndirilməsi və ali təhsil sisteminin inkişafına milli sərmayə. Cənubi Koreya reytinqin bütün göstəriciləri üzrə qiymətləndirmələrdə həm Asiya, həm də dünyanın aparıcı  ali təhsil müəssisələri arasında lider mövqeyini möhkəmləndirib.

  

Bu gün Cənubi Koreya bütün beynəlxalq qiymətləndirmələrdə  ən yüksək nailiyyətlərə müəlliflik edir. Ümumi təhsil sahəsində əldə olunan şagird nailiyyətləri ali təhsil sisteminin də uğurlu inkişafını təmin etməkdə və cəmiyyətin inkişafına öz töhfələrini verməkdədir. 

 

Bu gün Cənubi Koreya uğurlu ali təhsil modeli olaraq getdikcə daha çox populyarlıq qazanır. Yerli universitetlər beynəlxalq reytinqlərdə yüksək yer tutur: bunlardan 43-ü 2024-cü ildə dünya universitetlərinin QS reytinqinə daxil olub, onlardan 5-i ilk 100-lükdə (Seoul National University (41), Korea Advanced Institute of Science and Technology (56), Yonsei University (76), Korea University (79), Pohang University of Science and Technology (100)) yer alıb.

 

Oruc MUSTAFAYEV



16.04.2024 | 11:21