“Forbes”in siyahısına düşən SABAH məzunu: “Özünəinam uğurlu nəticəyə aparan yolda ilkin addımdır” - MÜSAHİBƏ

O, Bakı Dövlət Universitetinin məzunudur. Azərbaycanın savadlı,bacarıqlı, hazırlıqlı, bilikli və istedadlı gənclərindən biridir. Qazandığı uğurlarla diqqəti özünə cəlb etməyi bacaran Günay İmanzadə növbəti dəfə öz adından söz etdirib. Azərbaycanlı gənc dünyada məşhur biznes jurnalı olan “Forbes”in siyahısında yer alıb. Belə ki, minlərlə gənc arasından seçilərək jurnalın 30 yaşa qədər uğur qazanan 30 nəfərin siyahısına düşüb. Günay İmanzadənin uğur hekayəsini “Azərbaycan müəllimi”nin oxucuları ilə bölüşürük.

             

“Uğurlarımın başlanğıcı məktəb illərindən qoyulub”

       

- Günay xanım, özünüz haqqında bizə bir az məlumat verərdiniz. Harada təhsil almısınız? Məktəb illərinizi necə xatırlayırsınız?

- Orta təhsilimi Bakı şəhəri 10 nömrəli  tam orta məktəbdə almışam. Məktəb illərində müxtəlif olimpiada və müsabiqələrdə uğurlu nəticələrim olub.  Azərbaycan Respublikasının Ombudsman Aparatının təşkil etdiyi “Azərbaycan Uşaq və Gənclərin Sülh şəbəkəsi” təşkilatının üzvü kimi müxtəlif təlim və tədbirlərdə iştirak etmiş, eləcə də Almaniyanın İnsan Hüquqları İnstitutunun “İnsan Hüquqları” təlim proqramını müvəffəqiyyətlə başa vurmuşam. Deyərdim ki, elə uğurlarımın başlanğıcı da orta məktəb illərindən qoyulub.

     

SABAH mənim həyatımda dönüş nöqtəsi oldu”

 

- Yüksək balla Bakı Dövlət Universitetinə daxil olan gənclərdən biri olmusunuz. Və təhsilinizi SABAH qruplarında davam etdirmisiniz. SABAH sizə nə verdi?

- 2013-cü ildə Bakı Dövlət Universitetinin “Kimya” ixtisasının ingilis dili  bölməsinə, 2014-cü ildə isə SABAH qruplarına qəbul olmuşam. Bilirsiniz, SABAH mənim həyatımda dönüş nöqtəsi oldu. SABAH qrupları mən deyərdim ki, Elm və Təhsil Nazirliyinin biz tələbələr üçün öz bilik və potensialımızı üzə çıxarmaq eləcə də dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması baxımından ən uğurlu layihələrdən biridir.

 

2015-ci ildə “İlin ən yaxşı tələbəsi” seçilmiş, SABAH Tələbə Forumunda çıxış etmişəm. Həmin ildə Elm və Təhsil Nazirliyi tərəfindən Birləşmiş Krallıqda keçirilmiş Yay məktəbində iştirak haqqı qazanmış 25 tələbədən biriyəm, eləcə də, Macarıstanda “Erasmus Plus Youth Exchange”  və Elm və Təhsil Nazirliyinin Elm və təhsil şöbəsində təcrübə proqramlarında iştirak etmişəm.Təcrübə proqramını müvəffəqiyyətlə bitirdikdən sonra, nazirliyin adıçəkilən şöbəsində işə qəbul edilmişəm. “SABAH İnnovasiya Forumu”nun təşkilatçısı olmuşam. Universitet illərində elmi fəaliyyətlə də məşğul olmuş, 2017-ci ildə Almaniyada “Texniki termodinamika: termofiziki xassələr və enerji sistemləri” konfransında elmi məqaləm ilə çıxış etmişəm.

Düşünürəm ki, innovasiyanın olduğu hər bir sahə cəmiyyəti daha sürətlə irəli aparır və bizlər-SABAH qruplarının məzunları, təhsildə baş vermiş innovasiyanın yetirmələriyik. SABAH qruplarında təhsil almağım yalnız akademik biliklərimi deyil, həm də bütünlükdə gələcəyimi formalaşdırdı. Daha da vacibi, o dönəmlərdə müxtəlif forumlar, görüşlər, konfranslar zamanı qurduğumuz ünsiyyət hələ də davam etməkdədir və yaranmış dostluqlar artıq əməkdaşlıqlara çevrilərək böyük işlər ortaya çıxarır. Bu gün  təhsil və iş sahəsində böyük uğurlara imza atmış SABAH həmkarlarımla fəxr etməmək mümkün deyil. Təhsildə baş vermiş yenilik və tərəqqi adətən uzun illərdən sonra nəticə versə də, bugünkü mənzərə, sadəcə möhtəşəmdir. Adıçəkilən layihənin iştirakçısı olan hər bir gənc elə ilk andan uğurlu bir karyeranın başlanğıcında olduğunu hiss edir.

     

- Özünün fərqli yüksək təlim mühiti ilə seçilən SABAH məzunlarının istər ölkəmizdə, istərsə də ölkə hüdudlarından kənarda xoş sorağı eşidilməkdədir. Siz də məhz belə gənclərdən birisiniz. Hazırkı fəaliyyətiniz barədə də danışmağınızı istərdik.

- Təhsilimi sonradan  İsveçrənin Federal Texnologiya Universitetində (EPFL - dünyada top 12-ci universitet) davam etdirmişəm. Həmin illərdə də elmi fəaliyyətlə məşğul olaraq bu səpkili jurnallarda (“The Royal Society of Chemistry”) elmi məqalələrim dərc olunub, eləcə də startapımı inkişaf etdirərək müxtəlif yarış, tədbir, eləcə də, beynəlxalq startap müsabiqəsi olan “Seedstars”ın finalında iştirak etmişəm. 2018-ci ildə təhsil aldığım universitetdə işə qəbul olunmuş, bir müddət çalışdıqdan sonra Çində Beynəlxalq Məktəbdə elm istiqaməti üzrə tədrisi aparmaq təklif alaraq müəyyən müddət fəaliyyətimi orada davam etdirmişəm.

 

Təsis etdiyim “Metatesk” startapı uşaq və yeniyetmələr üçün müasir və interaktiv onlayn təhsil platformasıdır  

 

Pandemiya dönəmində Azərbaycana qayıtdıqdan sonra uşaqlar üçün elmi məzmun istehsal edən animasiya studiyası, robototexnika və proqramlaşdırma təhsil mərkəzi, eləcə də “Metatesk” və “Enthouse” startaplarını təsis etmişəm.

     

Təsis etdiyim “Metatesk” startapı 6-14 yaşlı uşaq və yeniyetmələr üçün müasir və interaktiv onlayn təhsil platforması kimi fəaliyyət göstərir. Məsələn, uşaqlar kosmos sahəsinə maraq göstərirlərsə, bunu artıq kitabdan deyil, 3D formatında olan virtual dünyadan öyrənə biləcək, müəllim və sinif yoldaşları ilə birlikdə “raketdə səyahət edərək əyani şəkildə” tanış olacaqlar.

     

Bilirsiniz, pandemiya dövründə şagirdlər, yeniyetmə və gənclər onlayn şəkildə təhsil almağa məcbur oldular. Onlar sanki  “YouTube” üzərindən hansısa videoya baxıb dərs öyrənirdilər ki, bu da çox maraqsız idi. O dövrdə “Metaverse” texnologiyası sürətlə geniş yayılmağa başlayırdı və düşündüm ki, uşaqların oyunlara olan marağından istifadə edərək təhsil məzmunları yaradım. Beləliklə, ilk dərsi yaratdım, çox maraqla qarşılandığı üçün komanda böyüdü və mövzularımızın sayı artmağa başladı.

         

Hazırda şagirdlərə yalnız bizim yaratdığımız təhsil məzmunları təqdim edilir. Lakin gələcəkdə investisiya cəlb etdikdən sonra çalışacağıq ki, bu platforma istifadəçilər üçün daha əlçatan olsun, tədris müəssisələri, müəllimlər öz istəklərinə uyğun mövzuları yarada bilsinlər. Şagirdlərə 2 ilə hesablanmış 60-a yaxın təhsil məzmunu təqdim edilir və onlar həftədə bir dəfə olmaqla, 1 saat ərzində bu dərslərə qoşula bilirlər. Ödənişli əsaslarla həyata keçirilən dərslər hazırda yalnız ingilis dilində aparılır.

       

Startapımız “Google for Startups” akselerasiya proqramının məzunudur. Bu akselerasiya proqramı məhsulumuzu və biznes planımızı daha da inkişaf etdirmək üçün bizə çox kömək oldu. Həmin proqramı uğurlu nəticələrlə başa vurduğumuz üçün qrant dəstəyi də aldıq. Bundan başqa, “Draper University” tərəfindən keçirilmiş “Hero Training” proqramının da məzunuyuq. Qürur hissi ilə bildirmək istəyirəm ki, Avropa Yenidənqurma və İnkişaf Bankının nüfuzlu “Star Venture” proqramına da qəbul olunaraq, startapımızı inkişaf etdirmək üçün qrant və mentorluq dəstəyi qazanmışıq.

 

- Bu layihəyə maraq necədir?

- İştirakçıların sayı baxımından da xarici ölkələrdən layihəyə qoşulanların sayı çoxdur. Fikrimcə, bu tendensiyanın bir necə səbəbi var. Bunlardan biri insanların yeni texnologiyalara adaptasiya sürətidir.

       

Onu da qeyd edim ki, əsas gəlir mənbəyimiz Çin Xalq Respublikasıdır. Bu ölkədə insanlar texnoloji yeniliklərə daha açıqdırlar və daha asan şəkildə onu qəbul edə bilirlər. Təklif etdiyimiz qiymət də qaneedici olduğundan, çinli müştərilərimizin sayı artmaqdadır.

         

Layihəni inkişaf etdirmək fikrindəyik. Hər bir məktəb üçün fərqli təhsil məzmunu hazırlamaq böyük resurs və vaxt tələb edir. Ona görə də investisiya cəlb etməyə çalışırıq ki, insanlar vahid platformadan istifadə etməklə özlərinə uyğun məzmun hazırlaya bilsinlər. Hazırda əldə etdiyimiz gəliri yenidən layihəyə qoyaraq inkişaf etdirməyə çalışırıq. Ən böyük çətinliyimiz sürətlə bağlıdır. Virtual dünyada nələrinsə inkişaf etdirilməsi oyun proqramlaşdırması ilə bağlıdır. Bu da proqramlaşdırma sahəsində ən böyük büdcəli istiqamətlərdən biridir. Bununla bağlı mütəxəssislərin sayı çox azdır və məzmunun hazırlanması kifayət qədər zaman aparır. Bu baxımdan, investisiya alacağımız təqdirdə layihəyə yeni bacarıqlı əməkdaşları cəlb etməklə məzmunların yaradılması sürətini artıra və daha da  inkişaf edə bilərik.

 

İnnovasiya  sahəsində kifayət qədər uğurlarınız var və "İlin İKT sahibkarı" seçilmisiniz. Azərbaycanda keçirilmiş "Texnofest-2022"nin qalibi olmusunuz. Bu barədə də məlumat verməyinizi xahiş edirik.

 

 

Komandamla birlikdə ölkə başçısı İlham Əliyevdən ilk aldığımız mükafat birinci yerin qalibləri olaraq “Teknofest 2022”nin kuboku idi. Belə bir mötəbər texnologiya yarışının qalibləri kimi səhnədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Nobel mükafatı laureatı Əziz Sancarın yanında və minlərlə insanın, dövlət adamlarının qarşısında dayanmaq bizlər üçün ən  yaddaqalan, dəyərli anlar idi. Qalibiyyətimiz bizim üçün yeni uğurlu bir mərhələnin başlanğıcı oldu. Elə həmin il, innovasiya sahəsindəki uğurlarımıza görə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən “İlin İKT Sahibkarı” nominasiyasına layiq görüldüm.

  

Seçilənlərdən olmaq...

 

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2023-cü ildə innovasiya sahəsi üzrə Gənclər üçün Prezident mükafatına layiq görülmüsünüz. Bir neçə gün öncə daha bir uğura imza atmısınız. Adınız dünyada məşhur jurnal olan “Forbes”in 30 yaşa qədər uğur qazanan 30 nəfərin siyahısında yer alıb. Seçilənlərdən olmaq necə bir hissdir?

- Əlbəttə ki, sözlə ifadəsi mümkün olmayacaq qədər gözəl hisslərdir. Ölkə başçısı İlham Əliyev tərəfindən mükafatlandırılmaq bir gənc olaraq mənim üçün həm qürurverici, eyni zamanda böyük bir məsuliyyət, etimaddır.

     

Bu mükafat komandamla birlikdə innovasiya sahəsində göstərdiyimiz fəaliyyət və çəkdiyimiz zəhmətin ən uğurlu nəticəsi idi. Mükafatı qazandıqdan sonra, nailiyyətləri ilə seçilənlərdən biri olaraq ölkə başçısının bizə göstərdiyi  bu etimadı hər zaman doğrultmaq üçün daha da səylə çalışmağa başladıq.

Bütün dünyadan olan minlərlə gəncin və onların uğurlarının arasından seçilərək “Forbes”in siyahısına  düşmək mənim üçün gözlənilməz, eyni zamanda da sevindirici bir xəbər oldu. Təşkilatçılar tərəfindən üzün sürən sənədləşmə və məlumatların təsdiq edilməsi üçün elektron məktub mübadiləsi zamanı  son günə qədər belə nəticə ilə bağlı məlumat verilməmişdi. Aprelin 9-da “Forbes” tərəfindən aldığım təbrik məktubunda adımın builki siyahıda yeganə azərbaycanlı kimi yer alması mənim üçün çox həyəcanverici oldu.

     

- Gələcək hədəfləriniz nədir?     

- Növbəti yaxın zamankı hədəflərimizdən biri öz startapımızla Afrika ölkələrində də fəaliyyətə başlamaq, müasir tədris alətlərini və STEAM təhsilini oradakı uşaqlar üçün daha əlçatan etməkdir. Bu sahədə artıq beynəlxalq qurumlarla danışıqlara başlamışıq. Digər uzunmüddətli hədəflər isə investisiya əldə etdikdən sonra daha da səylə çalışıb startapımızı dünyada mövcud əsas təhsil platformasına çevirmək, bütün dünyadan olan təhsilalanları daha əlçatan və müasir virtual tədris məkanında cəmləməkdir.
 

      

- Uğurlu həyat yolu olan bir gənc kimi yaşıdlarınıza nə demək istərdiniz? Uğurlu olmaq üçün nə lazımdır?

- Hər kəsi özünə, bacarıqlarına inamlı olmağa çağırıram. Düşünürəm ki, özünəinam uğurlu nəticəyə aparan yolda ilkin addımdır. Digər bir vacib məqam isə, yeniliklərə açıq olmaq və daim öz üzərində işləyərək yeni bilik və bacarıqlar qazanmaq üçün səylə çalışmaqdır. Bu yolda tək öz inkişafın deyil, digərlərinin də inkişafına dəstək olmaq çox önəmlidir. Bilik və bacarıqlarımızı bölüşməklə Azərbaycan gəncliyi olaraq birlikdə ölkəmizin adını daha da ucalara qaldıra bilərik.

 

Samirə KƏRİMOVA

 



15.04.2024 | 16:50