Türkiyə tələbələr üçün lazımsız proqramlardan imtina edir | |
Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar bazar, məşğulluq, mədəniyyət, sənət və ədəbiyyatla əlaqəsi azalmış proqramları tədricən dəyişdirdiklərini söyləyib. “Biz tələbəyə bir şey qazandırmayan proqramları sistemdən çıxarmağa və yerinə daha çox məşğulluq yönümlü proqramlar tətbiq etməyə başladıq”, - deyə E.Özvar universitet rektorları ilə görüşündə bildirib. O, vurğulayıb ki, süni intellekt, rəqəmsallaşdırma və böyük məlumatlar kimi yeni proqramların tətbiqi də bu transformasiyanın bir hissəsidir.
E.Özvar qeyd edib ki, iqtisadiyyat, mədəniyyət, incəsənət və turizmin mərkəzi olan İstanbul Türkiyənin ali təhsil sistemində çox mühüm və müstəsna mövqeyə malikdir. İstanbulda ümumilikdə 61 ali təhsil müəssisəsinin olduğunu, 1,5 milyondan çox tələbənin təhsil aldığını və 41 minə yaxın müəllimin çalışdığını deyən E.Özvar əlavə edib: “İstanbul universitetləri bir tərəfdən öz tələbələrinə yüksək keyfiyyətli təhsil imkanları təqdim edir, digər tərəfdən isə ölkənin elmi, mədəni, iqtisadi, sosial və bədii inkişafına əvəzsiz töhfələr verir”.
Ali Təhsil Şurasının həyata keçirdiyi son işlərindən danışan E.Özvar xatırladıb ki, onlar süni intellekt, rəqəmsallaşdırma və böyük məlumatlar sahəsində 5 bakalavr proqramı, o cümlədən 12 yeni assosiasiya proqramı açmağa qərar veriblər. O vurğulayıb ki, onlar bu sahədə baş verən hadisələri yaxından izləməyə və lazımi tədbirlər görməyə davam edəcəklər.
Ali təhsil və sektorlara transformativ təsir göstərəcəyi proqnozlaşdırılan mikro- kvalifikasiyalarla bağlı Avropa ali təhsil qaydalarına uyğun prosedurları və prinsipləri müəyyən etmək üçün bütün maraqlı tərəflərlə apardıqları prosesləri qısa müddətdə başa çatdıracaqlarını bildirən E.Özvar tezliklə mikrokvalifikasiyalara kreditin verilməsi prosesinə başlamağı planlaşdırdıqlarını söylədi.
“Biz ali təhsil sistemimizin keyfiyyətinin daha da yüksəldilməsi üçün addımlar atırıq”
E.Özvar ali təhsildə keyfiyyətə yönəlmiş bir yanaşma nəticəsində yeni magistratura proqramlarının açılması və açıq proqramların davam etdirilməsi üçün müəyyən etdikləri yeni şərtləri universitetlər və ictimaiyyətlə bölüşdüklərini və “Akkreditasiya” və “İxtisaslı nəşr” tələblərinin tətbiq olunduğunu xüsusi qeyd edib. “Verdiyimiz bu qərarlar, hər fürsətdə diqqətlə düşündüyümüz və vurğuladığımız ali təhsil sistemimizin keyfiyyətini daha da artırmaq üçün anlayışımıza və səylərimizə tam uyğundur. Biz addımlarımızı bu istiqamətdə atırıq. Məmnuniyyətlə qeyd etmək istərdim ki, qəbul etdiyimiz qərarlar universitetlərimiz tərəfindən də çox müsbət qarşılanıb”, -deyə E.Özvar qeyd edib.
“Beynəlmiləlləşmə vizyonumuzun vacib hissəsidir”
E.Özvar Ali Təhsil Şurasının vizyonunda beynəlmiləlləşmənin mühüm yer tutduğunu qeyd edib: “Biz daim universitetlərimizi beynəlxalq tanınmalarını artırmağa çağırırıq”.
Ali təhsil sahəsində böyük qlobal rəqabətin olduğunu və gələcəkdə daha da artacağını ifadə edən E.Özvar əlavə edib: “Universitetlərimizin ən qısa zamanda bu rəqabətə hazır olması çox vacibdir”.
Ali təhsil müəssisələrinin professor-müəllim heyətinin keyfiyyətli və yüksək impaktlı jurnallarda publikasiya aktivliyini gücləndirməsi və layihələrdə iştirakının beynəlxalq tanınma baxımından son dərəcə vacib olduğunu vurğulayan E.Özvar rektorlardan universitetlərinin beynəlxalq imicini artırmaq üçün xüsusi səy göstərmələrini istəyib.
Oruc MUSTAFAYEV
|
|
15.04.2024 | 14:34 | |
|
|
|