AzMİU-nun beynəlxalq əlaqələri genişlənir

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədovanın rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyanın Milan Politexnik Universitetinə (POLİMİ) səfər edib.

 

AzMİU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, Milan Politexnik Universitetinin dəvəti ilə reallaşan səfərin ilk günü AzMİU heyəti POLİMİ-nin Memarlıq məktəbinin rəhbəri professor Andrea Kampioli, Memarlıq, ətraf mühit və inşaat mühəndisliyi bölümünün rəhbəri Stefano Kopolonqo, Şərqi Avropa ölkələri ilə əlaqələr üzrə nümayəndəsi Mauro Filippini, Memarlıq fakültəsinin professoru Nora Lombardini, Beynəlxaq mobillik şöbəsinin rəhbəri Kristika Aqazzini və Memarlıq məktəbinin beynəlxalq əlaqələr üzrə nümayəndəsi professor Marco Bovati ilə görüşüb.

 

Görüşdə AzMİU və POLİMİ arasında memarlıq sahəsində həyata keçirilən ikili diplom müqaviləsi layihəsinin mövcud vəziyyəti və inkişaf perspektivləri, hazırda POLİMİ-də təhsil alan AzMİU tələbələrinin tədris prosesi və layihənin davamlılığının təmin edilməsi üçün gələcəkdə atılacaq addımlar barədə müzakirələr aparılıb. Həmçinin iki universitet arasında memarlığın digər sahələri və “Ekologiya mühəndisliyi“ ixtisası üzrə yeni ikili diplom layihələrinin hazırlanması barədə fikir mübadiləsi olub.

 

Görüşdən sonra AzMİU nümayəndə  heyəti Milan Politexnik Universitetinin maddi-texniki bazası ilə tanış olub və strukturu barədə məlumatlandırılıb.

 

Daha sonra professor Gülçöhrə Məmmədova ikili diplom proqramı üzrə Milan Politexnik Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.

 

 



10.04.2024 | 16:49