Paytaxt məktəblisi ABŞ-nin 5 nüfuzlu ali məktəbindən qəbul alıb
Bakı şəhəri Namiq Axundov adına 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Gülnur Ağakişiyeva  ABŞ-nin ən nüfuzlu universitetlərinə qəbul və təqaüd hüququ qazanıb. Belə ki, o, ABŞ-nin “Illinois Urbana Champaign”,  Purdue və Penn Dövlət universitetlərində təhsil almaq imkanı əldə edib, Corc Vaşinqton Universitetindən 15.000 dollar, Fordham Universitetindən isə illik 25.000 dollar dəyərində təqaüd hüququ qazanıb.
 
     
G.Ağakişiyeva ABŞ hökuməti tərəfindən maliyyələşdirilən “FLEX” (Future Leaders Exchange Program) proqramının finalçısıdır.
 
   
Onu da qeyd edək ki, Gülnur həm  yerli, həm də  beynəlxalq olimpiadaların iştirakçısı olub. 
 
 
Məktəblimiz respublika fənn olimpiadalarında Azərbaycan dili və ədəbiyyat fənni üzrə və Azərbaycan Linqvistika Olimpiadalarında finalçı, “HIPPO-2023” və “TeenEagle” beynəlxalq ingilis dili olimpiadalarında isə müvafiq olaraq respublika birincisi və qızıl mükafatçısı olub.
 
     
Yeniyetməmiz dünyanın daha bir neçə universitetinə müraciət etdiyini və bununla bağlı cavab gözlədiyini, seçimini isə yekun siyahıdan edəcəyini deyib. 
 
Samirə KƏRİMOVA


11.04.2024 | 12:46