QS-in regional direktoru: “Azərbaycan universitetlərinin reytinqlərimizdə artan iştirakı sevindirici haldır” | |
Aprelin 10-da Böyük Britaniyanın “Quacquarelli Symonds” (QS) agentliyi bütün dünyada universitetlərdə tədris və tədqiqatların keyfiyyətinin qiymətləndirilməsinə həsr olunmuş “QS World University Rankings by Subjects 2024” fənn reytinqinin nəticələrini açıqlayıb.
“QS Quacquarelli Symonds” Agentliyinin regional direktoru Sergey Xristolyubov “Azərbaycan müəllimi”nə ali təhsil müəssisələrimizin reytinqlərdə iştirakına dair açıqlama verib.
“Azərbaycan universitetlərinin reytinqlərimizin bütün sıralarında artan iştirakı, şübhəsiz ki, sevindirici haldır. Qeyd etmək vacibdir ki, nəşr olunan reytinqlərə daxil olan iki universitetlə (Azərbaycan Dillər Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti) yanaşı, ölkənin digər aparıcı universitetləri də bir sıra fənlər üzrə nəşr olunan mövqelərə sürətlə yaxınlaşır və yaxın gələcəkdə onlara daxil olmaq potensialını artırır. Reytinqlərdə daha da irəliləmək üçün əsas imkanlar beynəlmiləlləşmə strategiyalarının hazırlanması və həyata keçirilməsi, elmi tədqiqatların aparılması, yüksək rüblük elmi jurnallarda iştirakın gücləndirilməsi və xarici tərəfdaşlarla birgə tədqiqat layihələrində fəal iştirak etməkdir" – deyə o bildirib.
Qeyd edək ki, “QS World University Rankings by Subject 2024” dünyanın aparıcı universitetlərini konkret fənlər üzrə qiymətləndirən nüfuzlu qlobal reytinqdir. Bu reytinqlər ali təhsil müəssisələrinin 16.400-dən çox təhsil proqramının müstəqil müqayisəli təhlilindən ibarətdir. Bu proqramlardan 95 ölkədə fəaliyyət göstərən 1500 universitetin tələbələri yararlanır. Reytinq 5 geniş kateqoriyada 55 fənn sahəsini əhatə edir.
Tərtibçilər tədris olunan hər bir fənn üçün qiymətləndirmə meyarları kimi akademik nüfuz və işəgötürənlər arasında nüfuz, müəllim və tələbələrin Scopus/Elsevier biblioqrafiya verilənlər bazasından əldə olunmuş məlumatlar əsasında elmi məqalələrindən sitatgətirilmə, beynəlxalq əməkdaşlıq və Hirş indeksini əsas götürüblər.
Oruc MUSTAFAYEV
|
|
11.04.2024 | 14:40 | |
|
|
|