Naxçıvanda sertifikatlaşdırma imtahanlarında iştirak edəcək müəllimlərlə maarifləndirici görüş keçirilib | |
Aprelin 8-də Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində Azərbaycan dili və Ədəbiyyat, riyaziyyat, ibtidai sinif, həmçinin xarici dil tədris edən və ilk dəfə olaraq təhsilverənlərin mərkəzləşdirilmiş qaydada keçirilən sertifikatlaşdırma imtahanında iştirak edəcək müəllimlərlə maarifləndirici görüş keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, müəllimlərə dəstək məqsədilə keçirilən görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov bildirib ki, təhsilverənlərin sertifikatlaşdırılmasında əsas məqsəd ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrini və peşə yararlılıqlarını yoxlamaq, onların peşəkar inkişafına nail olmaqdır. Qeyd olunub ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesi təhsilin keyfiyyət göstəricilərinə təsir etməklə yanaşı, həmçinin sertifikasiya nəticəsi müəllimlərin karyera inkişafına və əməyinin stimullaşdırılmasında da böyük rol oynayır.
Elxan Nəcəfov iştirakçıların diqqətinə çatdırıb ki, bu il Naxçıvanda ilk dəfə olaraq təhsilverənlərin sertifikatlaşdırılması Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə birgə mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının Sosial-İqtisadi İnkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq bu istiqamətdə texniki məsələlər həl edilir və proses tam şəfaf qaydada, hərkəsə bərabər imkanlar yaradılmaqla həyata keçiriləcək.
Görüşdə Azərbaycan Respublikası Təhsil İnstitutunun şöbə müdirləri Muxtar Hacıyev təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təşkili qaydaları, Aynur Rüstəmova isə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin qiymətləndirmə çərçivəsi haqqında iştirakçılara geniş məlumat verib. Qeyd olunub ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesi 2 mərhələdən, test imtahanı və müsahibə mərhələsindən ibarətdir. İmtahanın test mərhələsində 50 ixtisas və 10 metodika və pedaqogika olmaqla 60 sualla müəllimlərin bilik və bacarıqları ölçülür. Müsahibə mərhələsinin meyarları Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş və müəllimlərə elan edilmişdir. Bildirilmişdir ki, həmçinin imtahanın test mərhələsinin çərçivə sənədində müxtəlif fənlər üzrə mövzular və sualların sayı artıq təhsilverənlərə elan olunub, buda müəllimlərin imtahana hazırlaşmasına kömək edir. İmtahandakı mövzular üzrə suallar müəllimlərin bilik və bacarıqlarını nəzəri və praktik şəkildə, metodika və pedaqogikadan isə situativ suallar isə müəllimlərin tədris prosesinə pedaqoji yanaşmasını ölçməyə xidmət edir.
Görüşdə müzakirələr aparılıb, müəllimləri maraqlandıran suallar ətraflı cavablandırılıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən sertifikasiya imtahanlarında iştirak edəcək müəllimlər üçün maarifləndirici məlumatlar mütəmadi olaraq nazirliyin sosial şəbəkə hesablarında paylaşılacaq.
|
|
09.04.2024 | 08:41 | |
|
|
|