NDU müəllimləri ADA Universitetində müxtəlif təlimlərə cəlb ediləcək

ADA Universitetinin Kənd təsərrüfatı və Qida fakültəsinin dekanı, professor Matteo Vittuari və fakültənin əməkdaşları Naxçıvan Dövlət Universitetində (NDU) olublar.

 

NDU-nun rektoru Elbrus İsayev qonaqlara universitetin tarixi, mövcud ixtisasları, kadr potensialı barədə məlumat verib. Qeyd edilib ki, klassik universitet modelinə malik olan universitetin nəzdində 3 kollec və bir Beynəlxalq məktəb fəaliyyət göstərir. Ali təhsil ocağında 5 ixtisas üzrə ingilisdilli tədrisin aparıldığını vurğulayan rektor bildirib ki, muxtar respublikada ingilisdilli mühitin yaradılmasında ali təhsil ocağında fəaliyyət göstərən IELTS və SAT Qeydiyyat və İmtahan mərkəzlərinin mühüm rolu var. E.İsayev universitetdə tikintisi davam etdirilən Texnologiyalar parkı və gələcəkdə burada ofisləri yaradılacaq rezident şirkətlər barədə də danışıb.

 

ADA Universitetinin Kənd təsərrüfatı və Qida fakültəsinin dekanı, professor Matteo Vittuari birgə elmi-tədqiqat, magistratura və doktorantura proqramları, ikili diplom məsələləri haqqında məlumat verib. Bildirilib ki, NDU müəllimlərinin ADA Universitetində müxtəlif təlimlərə cəlb edilməsi barədə razılıq əldə olunub.

 

Görüşdə NDU-nun Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində mövcud olan ixtisasların ikili diplom məsələləri, müxtəlif təcrübə proqramları barədə fikir mübadiləsi aparılıb.

 

Sonra ADA Universitetinin Kənd təsərrüfatı və Qida fakültəsinin dekanı Matteo Vittuari və fakültənin müəllimləri NDU-nun Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin müəllim və tələbələri üçün təlim keçiblər.

 



08.04.2024 | 12:25