Ali təhsil müəssisələrimiz "TOP-800" hədəfinə çata biləcəklərmi? - TƏHLİL

Ali təhsil müəssisələrinin dövrün yeni çağırışlarına çevik və adekvat reaksiyası, sürətli transformasiya onların inkişaf üfüqlərini müəyyən edir. Bu baxımdan müasir universitetlərin bir sıra keyfiyyət göstəricilərində öz əksini tapan inkişaf dinamikası bu və ya digər dərəcədə qlobal reytinqlərdə də müşahidə olunur. Məlumdur ki, reytinqlər ali təhsil müəssisələrinə qlobal brend şüurunu artırmağa, strateji tərəfdaşlıqlar qurmağa və beynəlxalq istedadları cəlb etməyə kömək edir. 

     

Ölkə başçısının 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən 2026-cı ilə qədər Azərbaycanın ən azı 3 ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin top-800-də yer alan  universitetlərin reytinq siyahısına düşməsi hədəf kimi müəyyənləşdirilib.

     

Nəzərə alsaq ki, artıq 2024-cü ildir və strategiyada nəzərdə tutulmuş hədəfə çatmaq üçün 2 ildən də az vaxt qalıb, bu müddət ərzində ali təhsil müəssisələrimiz dünya universitetlərinin əsas sıralamasında göstərilən mövqeyə çıxa biləcəkmi?  
  

Dünyanın  “Times Higher Education”nun “Impact Rankings” və “QS World University Rankings”in Avropa və Mərkəzi Asiyanın inkişaf etməkdə olan ölkələrinin ali məktəblərinin müvafiq tədqiqatlarında, eləcə də digər istiqamətlərdə olan sıralamalarda yer alsalar da, qlobal reytinqdə təmsil olunmaq, universitetlərimiz üçün daha prioritet vəzifə olmalıdır.

 

İlkin mərhələdə 2026-cı ilə qədərki hədəfdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin top-800-də yer alması var. Bu hədəfə nail olmaq universitetlərimizdən ciddi səylər tələb edir.

 

Reytinqlərə necə düşə bilərik?
 

İlk növbədə qeyd olunmalıdır ki, aparıcı reytinq sıralamalarında (“Times Higher Education World University Rankings” və s.) yer almaq  üçün qurumlar son beş ildə ən azı 1000 tədqiqat məhsulu və hər il ərzində minimum 150 elmi məqalə dərc etməlidir. Bundan əlavə, universitetlər qiymətləndirilərkən akademik mühitdə nüfuzu (40%), işə götürənlər tərəfindən qiymətləndirmə (10%), müəllimlərin və tələbələrin elmi işlərindən sitatgətirilmə (20%), müəllim və tələbələrin faiz nisbəti və digər amillər.
   

Beləliklə, dünya reytinqində mövqe tutmaq istəyən universitetlər üçün əsas istiqamət tədris mərkəzli universitetlərdən tədqiqat universitetlərinə keçidi sürətləndirmək və onların tədqiqat potensialını inkişaf etdirməkdir. Bundan əlavə, əsas hədəf olaraq universitetdə təhsilin və tədqiqatın keyfiyyətini yuxarı qaldırmaq lazımdır. 
 

Mühüm vəzifələrdən biri universitetlərimizdə dövrün tələblərinə uyğun olaraq “dar sahələr” çərçivəsindən çıxmaq və dünyanın nüfuzlu ali təhsil müəssisələrində olduğu kimi müasir və genişprofilli ixtisasların sayının artırılmasına nail olmaqdır. 
 

Yuxarıda qeyd etdiyimiz Strategiyanın “Elmi tədqiqatların və innovasiyaların inkişafının, elm və təhsilin inteqrasiyasının təmin edilməsi” fəaliyyət istiqamətlərindən xüsusi olaraq dövrün sonuna kimi impakt faktorlu jurnallarda çap olunan məqalə sayının baza illə müqayisədə 40% artması, ali məktəblərin yeni elmi tədqiqat ənənəsinin artması, dövrün sonuna qabaqcıl elmi-tədqiqat nəşrlərində aktiv iştirak edən 2 elmi-tədqiqat universitetinin fəaliyyət göstərməsi kimi hədəfləri göstərmək olar ki, bu sahələrdə irəliləyişlər, həm də ali təhsil müəssisələrimizin qlobal reytinqlərdə mövqeyini gücləndirə və hədəflərə çatmaqda mühüm rol oynaya bilər.

,

Universitetlərimiz dünya reytinqində
 

Qeyd etdiyimiz kimi, əsas hədəf dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinin qlobal reytinqində təmsilçilikdən gedir.  Bu sahədə son illərin əsas reytinqlərində iştirakımız çox aşağıdır. Məsələn, Times Higher Education” (THE) nəşrinin  dünyanın ən yaxşı universitetlərinin 2024-cü il üzrə  qlobal sıralamasınında Azərbaycanı əsas reytinqdə yalnız 1500+yerdə Bakı Dövlət Universiteti təmsil edir. Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Xəzər Universiteti, Naxçıvan Dövlət Universiteti, Qərbi Kaspi Universiteti sıralamya yalnız “reportyor” qismində daxil olub.  Bu universitetlər  THE-nin uyğunluq meyarlarına cavab verməyiblər və yekun cədvəldə “reportyor” kimi göstəriliblər.

 

Digər reytinq nəşri olan “QS World University Rankings”də  də vəziyyət ürəkaçan deyil. Bu günə qədər QS reytinqində yalnız iki Azərbaycan universiteti iştirak edir: Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC). Bu universitetlər QS-in əsas reytinqinin 1001-1200 aralığında yerləşiblər. 2024-cü il QS qlobal reytinqində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti  1201-1400-cü yerdədir.

 

Oruc Mustafayev

 



06.04.2024 | 17:16