Şagirdlərimiz Böyük Qayıdış ideyalarını bilik yarışında yaşadacaqlar

Məlum olduğu kimi, ölkəmizin ümumtəhsil müəssisələrinin şagirdləri arasında Qərbi Azərbaycana qayıdış” mövzusunda olimpiada təşkil olunacaq.  Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında olimpiadanın əhəmiyyəti və təşkili barədə məlumat verib.

    

F.Qarayev qeyd edib ki, Qərbi Azərbaycan mövzusu və Qərbi Azərbaycana qayıdış məsələsi, hər zaman Azərbaycan xalqının düşündüyü məsələ olub və Şanlı II Qarabağ müharibəsindən sonra daha çox aktuallaşıb. Ölkə  başçısı müxtəlif platformalarda çıxışı zamanı Qərbi Azərbaycanla bağlı bizlərə öz önəmli mesajlarını çatdırıb. Qərbi Azərbaycanın tarixini, coğrafiyasını, folklorunu, irsini, mədəniyyətini, toponimlərini, tarixi şəxsiyyətləri və ictimai xadimləri unutmamalı, öyrənilməli və gənclər arasında təbliği aparılmalıdır. Məhz bu məqsədlə məktəblərdə sözügedən istiqamət üzrə şagirdlərin biliklərinin artırılması və dərindən öyrənilməsi məqsədi ilə çoxsaylı tədbirlər həyata keçirilir. Belə ki, “dəyirmi masa”lar təşkil edilir, müxtəlif qonaqların iştirakı ilə Qərbi Azərbaycanla bağlı mühazirələr oxunur. Bunlarla yanaşı, bu il Elm və Təhsil Nazirliyi tərəfindən “Qərbi Azərbaycana qayıdış” adlı olimpiadanın təşkili və keçirilməsinə qərar verilib.

 

“Ölkənin bütün ümumtəhsil müəssisələrindən şagirdlərin iştirak edəcəyi bu olimpiadaya marağın olduqca böyük olacağına əminik. Olimpiadanın təşkil edilməsi şagirdlərin  Qərbi Azərbaycanın tarixinin, coğrafiyasının, ədəbiyyatının, folklorunun, toponimlərinin öyrənilməsi məqsədi ilə müxtəlif ədəbiyyatlara müraciət etmələrinə, araşdırma işlərinin, müzakirələrin aparılmasına səbəb olacaq. “Qərbi Azərbaycana qayıdış” olimpiadası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Naxçıvan MR Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və  Qərbi Azərbaycan icmasının əməkdaşlığı çərçivəsində təşkil ediləcək”. 

 

Olimpiadanın təşkili və keçirilməsi qaydalarına gəlincə, Fuad Qarayev bildirib ki, bilik müsabiqəsi IX-X sinif şagirdlərinin iştirakı ilə rayon (şəhər), regional və respublika olmaqla 3 mərhələli olaraq təşkil ediləcək. Olimpiadanın rayon ( şəhər) mərhələsi ölkənin bütün rayon və şəhərlərində, regional mərhələ Naxçıvan MR, Bakı şəhəri və regionlarda, final Respublika mərhələsi isə Naxçıvan MR-da təşkil olunacaq. Respublika mərhələsində 36 şagirdin iştirakı və onlardan 18 nəfərin qalib elan edilməsi nəzərdə tutulur.
   

Olimpiadanın finalında iştirak edən bütün iştirakçılara İştirakçı Sertifikatı təqdim ediləcək. Qaliblərə müvafiq olaraq I, II və III diplomları, medallar və hədiyyələr təqdim ediləcək. Olimpaidada şagirdlərə təqdim ediləcək tapşırıqlar öncədən müəyyən edilmiş münsiflər heyəti tərəfindən hazırlanacaq. Qərbi Azərbaycanla bağlı məlumatların əldə edilməsi üçün üçün Azərbaycan Respublikasının Təhsil İnstitutu və Qərbi Azərbaycan İcması tərəfindən şagirdlərə faydalı ədəbiyyat siyahısı, müvafiq məlumatların olduğu saytların siyahısı təqdim ediləcək.

 

Olimpiada ötən ilin noyabr ayında Naxçıvanda təşkil olunmuş “Qərbi Azərbaycana qayıdış” festivalı və “Qərbi Azərbaycan: Böyük Qayıdışa gedən yol” konqresi çərçivəsində müzakirə edilən təkliflərin reallaşdırılmasının davamı kimi həyata keçiriləcək.
  

Qeyd edək ki, hazırda ölkə rəhbərliyinin diqqət və qayğısı ilə yüksək səviyyədə icra olunan Qarabağa Böyük Qayıdış, eləcə də Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış Qərbi Azərbaycana qayıdış konsepsiyası müasir tariximizin şanlı səhifəsini təşkil edən Böyük Zəfərin yaratdığı tarixi nailiyyətdir.
Bu Zəfər xalqımızın bütövləşmək, milli özünüdərk, milli kimlik ideyalarının, azərbaycançılıq məfkurəsinin təntənəsidir.

 

Oruc MUSTAFAYEV

 



06.04.2024 | 14:57