Prorektor: Pedaqoji Universitetdə 22 ixtisas üzrə 29 ixtisaslaşmada magistr hazırlığı həyata keçirilir

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Təhsildə menecment və yeni təlim texnologiyaları” adlı magistrantların VII Respublika elmi konfransı öz işinə başlayıb.

 

Konfransın ilk günündə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov diqqətə çatdırıb ki, Azərbaycan müstəqillik əldə etdikdən, xüsusən, böyük Zəfərdən sonra ölkədə elm və təhsilin inkişafı sahəsində böyük işlər görülür. Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə - Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış”la bağlı xeyli sayda infrastruktur layihələri həyata keçirilir, təhsil ocaqları inşa olunur.

 

Rektor qeyd edib ki, son illərdə aparılan islahatlar, həyata keçirilən yeniliklər, layihələr universitetin yeni inkişaf mərhələsinə daxil olmasına şərait yaradıb.

 

Çıxış edən elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov bildirib ki, bütün fəaliyyəti xalqa xidmət nümunəsi olan Ümummilli Lider Heydər Əliyevin elm strategiyası milli quruculuq siyasətinin əsas istiqamətlərindən biri olub və hazırda da uğurla davam etdirilir.  O, ölkədə elm və təhsilin inteqrasiyası istiqamətində son illərdə aparılan islahatları elm və təhsilin inkişafında yeni mərhələnin başlanğıcı, bu vacib sahəyə yüksək diqqətin göstəricisi kimi xarakterizə edib.

 

Professor diqqətə çatdırıb ki, universitetdə magistratura və doktorantura səviyyəsində dövrün tələblərinə uyğun yeni nəsil mütəxəssislər hazırlanması işini təkmilləşdirmək məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Son dövrlərdə universitetdə ali təhsilin bütün sahələri üzrə mütəxəssis hazırlığında əsaslı irəliləyiş müşahidə olunur, beynəlxalq təcrübə öyrənilir, dövrün tələblərinə uyğun yeni ixtisaslar yaradılır, mövcud ixtisaslaşmaların məzmununun yenilənməsi istiaqmətində iş aparılır. Hazırda Pedaqoji Universitetdə 22 ixtisas üzrə 29 ixtisaslaşmada magistr hazırlığı həyata keçirilir.

 

Xüsusilə vurğulanıb ki, magistratura səviyyəsində ənənəvi ixtisaslaşmalardan başqa, son illərdə universitetdə yeni ixtisaslaşmalara qəbul aparılır. Onlardan Menecment (təhsilin təşkili və idarə olunması) ixtisaslaşması üzrə ABŞ-nin Corc Vaşinqton Universiteti ilə həyata keçirilən ikili diplom proqramı, Menecment ixtisaslaşması, MBA proqramı üzrə “Təhsilin təşkili və idarə olunması” və Təhsil üzrə marketinq fəaliyyəti ixtisaslaşmaları, eləcə də SABAH proqramı üzrə Təlim və tədrisin təşkili və metodikası ixtisaslaşmasını  göstərmək olar.

 

Prorektor bildirib ki, təhsilin keyfiyyəti anlayışının sürətlə dəyişdiyi dövrümüzdə yeni təfəkkür tərzinə malik mütəxəssislərin yetişdirilməsində ali təhsil müəssisələrinin gənc tədqiqatçıları və gənc müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Bu cür konfranslarda dövrün, təhsilin, tədrisin ən son problemləri diqqətdə saxlanılmalı,  magistrlik dissertasiya mövzularında ən aktual məsələlər elmi müzakirəyə cəlb olunmalıdır.

 

Qeyd edək ki, konfransda 306 məruzə dinləniləcək, müzakirələr aparılacaq.

 

 



06.04.2024 | 10:19