Son 5 ildə Bakı Dövlət Universitetinin Hirş indeksi 1,7 dəfə artıb | |
“Təhsil-elm-istehsalat” formatında fəaliyyətini mütəmadi olaraq genişləndirən Bakı Dövlət Universitetində (BDU) təbiət-dəqiq və humanitar-ictimai elm sahələri üzrə 75-dən çox elmi istiqamətdə aparılan tədqiqatlar uzun illərdir formalaşmış BDU elmi məktəblərində uğurla davam etdirilir. Multidissiplinar və interdissiplinar sahələri əlaqələndirməyə imkan verən elmi-tədqiqat infrastrukturuna malik olması, məhz öz akademik heyətinin və tələbələrinin elmi fəaliyyəti nəticəsində alınan və ölkəmizin sosial-iqtisadi problemlərinin həllində istifadə edilə biləcək fundamental və tətbiqi xarakterli elmi nəticələri ilə BDU elmin etik normalarına riayət edir, plagiatla mübarizə aparır, alınmış yeni və etibarlı elmi nəticələri tətbiq edir. BDU-da elmi fəaliyyət üzrə kompleks tədbirlərin həyata keçirilməsi elmi nəticələrin keyfiyyətinin kifayət qədər artmasına səbəb olub.
Agentliyin rəsmi məlumatına əsasən, BDU-nun əməkdaş, doktorant və tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan dərgilərdə artıq 4298 elmi əsər nəşr edilib. Bu əsərlərə 33000-dən çox istinad edilib. Nəşr edilmiş elmi əsərlərə təkcə 2023-cü ildə 6807 istinad edilib ki, bu da 2018-ci ildə edilən istinadların sayından 3.8 dəfə, 2019-cu ildəkindən isə 3 dəfə çoxdur.
Həm struktur islahatlarının aparılması, həm də prioritet istiqamətlərin dəqiqləşdirilməsi 2023-cü ildə elmi nəticələrin keyfiyyətinin kifayət qədər artmasına səbəb olub. Belə ki, BDU əməkdaşlarının 2023-cü ildə Q1 və Q2 kateqoriyalı jurnallarda 101 məqaləsi dərc olunub.
Onu da qeyd edək ki, bu göstəricilərlə BDU Azərbaycan universitetləri arasında yenə liderdir. Bütün BDU ailəsini təbrik edir və daha böyük uğurlar arzu edirik!
|
|
06.04.2024 | 10:11 | |
|
|
|