Kolleclərdə monitorinqlər davam etdirilir: bir direktor və iki direktor müavini işdən çıxarılıb | |
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) tərəfindən orta ixtisas təhsili müəssisələrində monitorinqlər davam etdirilir.
Agentlikdən "Azərbaycan müəllimi" qəzetinin sorğusuna cavab olaraq bildirilib ki, monitorinqlərin keçirilməsində əsas məqsəd müəssisələrdə kadr potensialının möhkəmləndirilməsi, tədris prosesinin təşkilinin yaxşılaşdırılması, problem və ehtiyacları müəyyən edərək onlara uyğun tədbirlər görməkdir.
Ölkənin müxtəlif regionlarında yerləşən kolleclərdə keçirilən monitorinqlər zamanı müəllim və tələbə heyətinin problemləri, şikayət və təklifləri dinlənilib, müvafiq qeydlər aparılıb və suallar cavablandırılıb. Həmçinin tədris sənədlərinə (jurnallar, tədris planları, tələbələrin fərdi tədris planları, dərs yükü bölgüsü və s.) baxış keçirilərək müvafiq metodik tövsiyələr verilib.
Qeyd edək ki, tədrisin təşkili ilə bağlı nöqsanlar aşkar edilən kolleclərdə nöqsanların aradan qaldırılması istiqamətində Agentlik tərəfindən kadr və struktur islahatlarına başlanılıb. Belə ki, monitorinqlərin nəticəsinə əsasən Astara Pedaqoji Kolleci və Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktor müavinləri və Ağdaş Dövlət Humanitar Kollecinin direktoru vəzifəsindən azad edilib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən orta ixtisas təhsili müəssisələrində monitorinqlər davam etdiriləcəkdir.
Niyazi Rəhimov
|
|
06.04.2024 | 14:43 | |
|
|
|