Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” tədbiri keçirilib | |
Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” tədbiri keçirilib. Tədbirdə ictimaiyyət və işəgötürən təşkilatların nümayəndələri, Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərindən ümumilikdə 700-ə yaxın şagird və müəssisənin uğurlu məzunları iştirak ediblər.
Tədbirdə Mərkəzin inzibati binasında 30 ixtisas üzrə təşkil olunmuş əl işlərindən ibarət sərgi nümayiş etdirilib və master klasslar göstərilib. Tədbir iştirakçıları və qonaqlar aşpaz, qənnadıçı-şirniyyatçı, kimyəvi analiz laborantı, laborant-mikrobioloq, neft-kimya sənayesi aparatçısı-operatoru, mebel ustası, dülgər, ağac nəqqaşı, moda dizaynı, saç kəsimi və gözəllik xidmətlərinin təşkili, elektronika və kommunikasiya sistemlərinin istismarı, rabitə avadanlıqlarının quraşdırıcısı, bərbər, bərbər-vizajist-manikürçü, tikiş avadanlıqlarının operatoru, geyim üzrə dizayner və s. ixtisaslar üzrə təşkil olunmuş ustad dərslərini izləyiblər.
“Açıq qapı” günündə iştirakçılara peşə təhsilində dual təhsil və xidmətlər, 2024/2025-ci tədris ili üzrə qəbul aparılacaq ixtisaslar və peşə təhsil müəssisələrinə qəbul qaydaları barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, “Açıq qapı” günlərinin əsas məqsədi peşə təhsil müəssisələri haqqında məlumatlılıq səviyyəsini artırmağa, eləcə də gənclər üçün müvafiq təhsil seçimlərindən biri kimi peşə təhsilinin uğurlu təqdimatına kömək etməkdir.
|
|
05.04.2024 | 17:05 | |
|
|
|