Aprel zəfəri paytaxt məktəblərinin təqdimatında

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində Aprel zəfərinin səkkizinci ildönümünə həsr olunmuş tədbirlər keçirilir.

 

Təhsil müəssisələrində 2016-cı ildə baş vermiş hadisələrə həsr olunan "Aprel döyüşləri – böyük Zəfərin başlanğıcı", “Hərb tariximizin şanlı səhifəsi”, “Aprel döyüşləri şanlı tariximizdir", “Aprel döyüşləri-zəfər salnaməsi” və digər mövzularda konfranslar, mühazirə və “Dəyirmi masa”lar, xüsusi dərslər, ədəbi-bədii kompozisiyalar təşkil edilib.

 

Həmçinin təhsil müəssisələrində Aprel döyüşləri ilə əlaqədar stendlər və guşələr, bülletenlər hazırlanıb, şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib.

 

Tədbirlərdə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçən Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərə Azərbaycanın müasir hərb tarixinə Dördgünlük müharibə kimi düşən Aprel döyüşləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, 2016-cı ilin Aprel döyüşləri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu göstərib. Bu döyüşlər dövlətin və ordunun gücünü, xalqın birliyini, vətənpərvərliyini və Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun, ərazi bütövlüyünü bərpa edəcəyini bütün dünyaya sübut edib.

 

Qeyd edilib ki, 4 günlük Aprel döyüşləri 44 günlük Vətən Müharibəsindəki qələbəyə aparan şanlı yol olub, xalqımıza qələbə sevinci yaşadıb, tariximizə şanlı səhifə kimi yazılıb.

 

Tədbirlərdə Aprel döyüşlərində ordumuzun əks-hücumu zamanı əsgərlərimizin göstərdikləri şücaətlərdən bəhs olunan videoçarxlar da nümayiş etdirilib.

 

 



05.04.2024 | 12:47