AFFA-nın İcraiyyə Komitəsinin üzvü Leyla Xəlilova Rzazadə:“Azərbaycanda nəinki ölkə, hətta dünya səviyyəsində uğurlu ola biləcək istedadlı uşaqlar var”

Məlum olduğu kimi, aprelin 2-də AFFA-nın Hesabat-Seçki Konfransında qurumun yeni rəhbərliyinin tərkibi müəyyənləşdirilib. Eyni zamanda İcraiyyə Komitəsinin yeni tərkibi məlum olub. Yeni üzvlərdən biri də Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və icraya nəzarət şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin qalibi Leyla Xəlilova Rzazadədir.

 

O, AFFA-ya yeni təyinatı, gələcəkdə qarşıda duran vəzifələr, hədəflər, nəzərdə tutulan yeniliklərlə bağlı “Azərbaycan müəllimi” qəzetinə açıqlama verib.  

 

L.Xəlilova Rzazadə öncə AFFA-nın İcraiyyə Komitəsinin üzvü seçilməsinə münasibət bildirib: “Məlum olduğu kimi, bir neçə gün öncə AFFA-nın yeni rəhbərliyi və növbəti dövr üçün İcraiyyə Komitəsinin tərkibi seçildi. İnanıram ki, yeni rəhbərliyin dövründə Azərbaycan futbolunun inkişafı üçün mühüm qərarlar qəbul olunacaq və bu istiqamətdə ciddi addımlar atılacaq. Düşünürəm ki, Yeni İcraiyyə Komitəsi üzvlərinin bir çox fərqli sahələri təmsil edən peşəkarlar olması növbəti mərhələdə Azərbaycan futbolunun inkişafı naminə veriləcək qərarlarda müsbət rol oynayacaq. Mən də öz növbəmdə bu prosesin bir hissəsi olmaqdan çox məmnunam və həmin istiqamətdə öz üzərimə düşən işləri layiqincə yerinə yetirəcəyəm”.

 

Futbolun inkişafının əsas sütunlarından birinin təhsil olduğunu vurğulayan Elm və Təhsil Nazirliyinin şöbə müdiri qeyd edib ki, futbol təhsilinin səviyyəsinin yüksəldilməsi, müasir tələblərə cavab verməsi əsas prioritetlərdən biri olmalıdır: “Futbol təhsilindən danışarkən, mən bunu bir-biri ilə bilavasitə bağlı olan iki hissəyə ayırardım. Bunlardan biri futbol sahəsində ixtisaslı kadrların hazırlanmasıdır. İstər məşqçilərin bilik və bacarıqlarının, müxtəlif kateqoriyalar üzrə yüksək ixtisaslı məşqçilərin sayının artırılması, istərsə də, idman idarəçiliyi sahəsində peşəkar mütəxəssislərin hazırlanması baxımından bu sahəyə diqqətin yönəlməsinə ehtiyac var”.

 

Uşaq futbolunun inkişafını futbol təhsilinin ən önəmli istiqaməti kimi dəyərləndirən L.Xəlilova Rzazadə istər paytaxtda, istərsə də regionda istedadlı məktəbyaşlı uşaqların futbola cəlb edilməsi, onların yaxşı şəraitdə məşq keçməsi, yüksək ixtisaslı məşqçilərdən dərs almasının uzun müddətdə Azərbaycan futboluna ciddi uğurlar qazandıracağını diqqətə çatdırıb. AFFA-nın İcraiyyə Komitəsinin üzvü əlavə edib: “Uşaq futbolunun inkişafından danışarkən futbol klublarının da rolunu qeyd etməliyəm. Ölkədə aşağı yaş qruplarının futbol akademiyalarının inkişafına ehtiyac vardır. Düşünürəm ki, Azərbaycanda, nəinki ölkə, hətta dünya səviyyəsində uğurlu ola biləcək istedadlı uşaqlar var. Bizim qarşımızda duran əsas məsələlərdən biri həmin uşaqları tapmaq və onların inkişafına nail olmaqdır”. 

 

Komitə üzvü Azərbaycan futbolunun ölkə səviyyəsində inkişafının uzunmüddətli strateji qərarların verilməsinə və onların uğurlu icrasına bağlı olduğunu bildirib: “Ölkə futbolunun inkişafının klub səviyyəsindən milli səviyyəyə keçidi qısa müddətli qələbələrə deyil, uzunmüddətli strateji hədəflərə əsaslanmalıdır. İnanıram ki, AFFA-nın rəhbərliyi və İcraiyyə Komitəsinin yeni tərkibi bu istiqamətdə mühüm işlər görəcək və mən də komandanın bir hissəsi olaraq proseslərə öz töhfəmi verəcəyəm”.

 

Lamiyə Əlimərdanova

 



05.04.2024 | 10:54