“2023-cü ildə imtahan verib, müsahibədən keçən 282 nəfər tərbiyəçi-müəllim kimi fəaliyyətə başlayıb” | |
“2022-ci ildən başlayaraq bu ilə qədər 6000-ə qədər tərbiyəçi-müəllim və müdirlərin təlimləri həyata keçirilib. Təlimlər Bakı, Abşeron, Xızı təhsil idarələrinin, eyni zamanda region təhsil idarələrinin müdirlərini əhatə edib. Bu il üçün də regionları əhatə edəcək 3500 nəfərin təlimləndirilməsi gözlənilir”.
Bunu MÜTDA-nın Məktəbəqədər təhsil şöbəsinin müdiri İlahə Rəsulova Məktəbəqədər Təhsil üzrə Dövlət Agentliyinin Facebook səhifəsində canlı yayımda sualları cavablandırarkən bildirib.
Şöbə müdiri əlavə edib ki, 2 ildir mərkəzləşdirilmiş qaydada tərbiyəçi-müəllimlərin işə götürülməsinə başlanılıb. İ.Rəsulovanın sözlərinə görə işə götürülən namizədlərin məktəbəqədər təhsil ixtisası üzrə ali və ya orta təhsili olmalıdır:”2022-ci ildə 200-ə yaxın, 2023-cü ildə isə mərkəzləşdirilmiş qaydada imtahan verib, müsahibədən keçən 282 nəfər tərbiyəçi-müəllim kimi fəaliyyətə başlayıb və bu proses davam etməkdədir”.
İ.Rəsulova vurğulayıb ki, məktəbəqədər təhsil müəssisələrinə müdir vakansiyası üçün müraciət edən namizədlərin mütləq olaraq ali məktəbəqədər təhsil ixtisası və ya pedaqoji ali təhsili ilə yanaşı, məktəbəqədər təhsil müəssisələrində 3 illik iş təcrübəsi olmalıdır:”Keçən il ilk dəfə mərkəzləşdirilmiş qaydada məktəbəqədər təhsil müəssisələrinə müdir vakansiyasına qəbul prosesi zamanı birinci mərhələdə 300 nəfərdən 173 nəfər uğur qazanıb, müsahibə mərhələsindən isə müvəffəqiyyətlə keçən 55 nəfər adaptasiya seminarlarına dəvət olunub".
Lamiyə ƏLİMƏRDANOVA
|
|
04.04.2024 | 20:03 | |
|
|
|