40 təhsil müəssisəsində inklüziv siniflər təşkil edilib
""Sağlamlıq imkanı məhdud" ifadəsi diskriminativ termindir. Biz bu ifadəni "xüsusi təhsilə ehtiyacı olan uşaqlar" ifadəsi ilə dəyişməyə çalışırıq və hazırda bu istiqamətdə iş gedir".
 
Bunu "Azərbaycan müəllimi" qəzetinə müsahibəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xüsusi təhsil sektorunun müdiri Anar Xələfov deyib.
 
O bildirib ki, Azərbaycanda təhsil siyasəti dünya praktikasına uyğun olaraq inklüziv təhsili dəstəkləyir. 
 
"Lakin inklüziv siniflərin təşkili hələlik 40 ümumi təhsil müəssisəsində reallaşıb. Hədəf bütün təhsil müəssisələrimizdə inklüziv təhsildir və buna nail olana qədərki dövrdə inteqrasiyalı təhsilə üstünlük veririk. İnteqrasiyalı təhsilə müvəqqəti, inklüziv təhsil təşkil edilənə qədər üstünlük verdiyimiz təhsil forması kimi baxırıq. Çünki birdən-birə bütün məktəblərdə inklüziv təhsili həyata keçirə bilmirik. Ümumi təyinatlı təhsi müəssisələrində xüsusi təhsilə ehtiyacı olan uşaqlar üçün lazım olan şəraitin yaradılması əsas məqsəd, təhsil siyasətində əsas hədəfimizdir. Ona görə də inteqrasiyalı təhsil tətbiq edirik. Əsas məsələ ailəsində qalmaqla təhsil hüququnun təmin olunmasıdır" - deyə o əlavə edib.


02.04.2024 | 16:27