“Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüş keçirilib

Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə icra olunan “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüş keçirilib.


Görüşdə çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli bildirib ki, bu proqram tələbə və məzunlara təhsil sahəsi üzrə təcrübi bilik və bacarıqlar qazandırmaqla yanaşı, nazirliyin müxtəlif strukturları üçün kadr ehtiyatı bazasının formalaşdırılması baxımından da əhəmiyyətlidir. Mətin Kərimli əlavə edib ki, proqram müddətində iştirakçılar nazirliyin müvafiq bölmələrində təcrübə keçəcəklər, həmçinin müxtəlif təlimlərə cəlb olunacaqlar. 

 

Mətin Kərimli proqrama seçilən iştirakçıları təbrik edib, onlara uğurlar arzulayıb.

 

Qeyd edək ki, “Maarifçi” tələbə-məzun təcrübə proqramına qoşulmaqla bağlı müraciət etmiş 1 958 nəfərdən 690-nın test imtahanında iştirakı müvafiq hesab olunub. Onlardan uğurlu nəticə əldə edən 105 nəfər müsahibə mərhələsinə dəvət olunub və 28 namizəd proqramda iştirak hüququ qazanıb.

 

Proqram ərzində 13 nəfər Elm və Təhsil Nazirliyi, 2 nəfər Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, 6 nəfər Peşə Təhsili üzrə Dövlət Agentliyi və 7 nəfər Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq struktur bölmələrində təcrübə keçəcəklər.

 

Proqramda ali təhsilin bakalavriat səviyyəsi üzrə müvafiq ixtisaslarda təhsil alan III və IV kurs tələbələri, magistratura səviyyəsində təhsil alan tələbələr, eləcə də son 3 il ərzində məzun olmuş şəxslər iştirak ediblər. 

 

Elm və Təhsil Nazirliyi və qurumlarında təcrübə imkanları yaradan “Maarifçi” proqramının məqsədi elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək olmaqdır.

 

Proqram 3 ay müddətində davam edəcək. Sonda isə iştirakçılara sertifikat təqdim olunacaq.

 

 



01.04.2024 | 17:11