“Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti”

XIX əsrin birinci yarısından etibarən Azərbaycanda maarifçilik ideyalarının  yayılması ilə baş vermiş köklü ictimai-siyasi, mədəni dəyişikliklər yeni tipli teatrın, məktəbin və mətbuatın  yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi  üçün zəmin hazırladı. XX əsrin əvvəllərində  milli təfəkkürə və qan yaddaşına, soy-kökünə qayıdış, milli oyanış, özünüdərk, xalqın  ruhunda, təfəkküründə  yaşayan azadlıq yanğısı gerçək həqiqətə çevrildi.

 

Daha çox Əli bəy Hüseynzadənin adı ilə bağlı olan bu dövr Azərbaycan ictimai fikir tarixində  yeni mərhələdir.  Məhz o, ictimai fikri  yeni istiqamətə yönəltdi, qəflət yuxusundan, zülmətdən uzaqlaşdırmağa, həmrəyliyə, birliyə əsaslanan istiqlal yoluna xidmət etməyə yönəltdi. Milli özünüdərkin və istiqlal düşüncəsinin yaradıcısı kimi müstəqil milli dövlətçiliyin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak etdi, türkçülük və  azərbaycançılıq ideyasının yayılmasında müstəsna xidmətlər göstərdi. Ə.Hüseynzadə və onun məsləkdaşları tərəfindən formalaşdırılan milli istiqlal konsepsiyasının dolğunluğu, onun səmərəli şəkildə təbliği və tətbiqi azad Azərbaycan vətəndaşının tərbiyə olunması, ictimai mübarizələr səhnəsinə atılması vəzifəsini qarşıya  qoymaqla Azərbaycan gəncliyinə  təlqin edirdi  ki, milli müstəqilliyə malik olmayan bir millət azadlığını və haqqını qoruya  bilməz. Milli ziyalılar yeni məktəbləri maarifçiliyin milli şüur təliminin müqəddəs idealı hesab edirdilər. Milli maarifçiliyi  milli-mənəvi diriliyin mühüm şərti kimi dəyərləndirən parlaq məfkurəli ziyalılar milli mətbuat, milli məktəb, milli partiya yaratmaqla, xalqa milli istiqlal, mücadilə və mübarizə dərsi keçməklə milli məfkurə, nəticədə isə milli dövlət  - Azərbaycan Xalq Cümhuriyyəti  yaratmağa nail oldular. 

 

1918 -ci ilin mayın 28-də milli müstəqilliyimizi  elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətində başlıca istiqamətlərdən birini  ölkənin ərazi bütövlüyünün qorunması, digərini isə xalq maarifinin yeni əsasda, milli platformada təşkili təyin edirdi. Təhsilin, maarif və mədəniyyətin  milli əsasda qurulması dövlətin əsas təməl prinsiplərindən biri hesab olunurdu.  Mübarizə milli mədəniyyətin bütün sahələrini əhatə etsə də, əsas etibarı ilə xalq maarifinin milli ruhda, yeni tərzdə  təşkili, məktəblərin milliləşdirilməsi, ana dilində məktəblərin yaradılması, milli ali və orta  ixtisaslı kadr hazırlığı və təlimin məzmunu ətrafında  mərkəzləşmişdi ki,  bunu da təsadüfi hal hesab etmək olmaz. Çünki məktəb mədəniyyətin əsas həlqəsini, təməlini təşkil edir. Cəmiyyət necə oxuyursa, eləcə də yaşayıb inkişaf edir. Bu səbəbdən də  hələ vaxtilə N.Nərimanov yazırdı: “Hər bir millətin mədəni tərəqqisi məktəblə, məktəbin tərəqqi tapması isə  müəllimlərlə bağlıdır”.  Elə bu səbəbdən də Cümhuriyyətin ilk maarif naziri Nəsib bəy Yusifbəyli  deyirdi: “İstiqlalımız, istiqbalımız həp maariflə bağlıdır. Əgər milli maarifimiz, milli məktəbimiz tərəqqi etməzsə, bizim üçün fəlah (qurtuluş, xoşbəxtlik - F.R.)  və nicat ümidi qalmaz”.

 

Azərbaycan Xalq Cümhuriyyəti dövrünün təhsil məsələlərinin öyrənilməsində Milli Arxiv İdarəsinin Baş məsləhətçisi Rafiq Bahadur oğlu Səfərovun səmərəli  fəaliyyəti olmuş, bu problemlə bağlı xeyli fakt və hadisəni üzə çıxarmış, tədqiqat predmetinə çevirmişdir. Onun sistemli araşdırmalarının nəticəsi kimi meydana gələn “Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti (1918-1920-ci illər)” (Bakı: 2023, 224 s) monoqrafiyası bu baxımdan mühüm elmi-nəzəri və praktik əhəmiyyət kəsb edir. Monoqrafiyanın məsul redaktoru və ön sözün müəllifi Milli Arxiv İdarəsinin rəisi, filologiya elmləri doktoru professor Əsgər Rəsulov, rəyçilər professorlar  Fərrux Rüstəmov, Müseyib İlyasov və Firdovsiyyə Əhmədovadır.

 

Azərbaycan Respublikası Dövlət Arxivində (ARDA), Azərbaycan Respublikası Dövlət Tarix Arxivində (ARDTA), Azərbaycan Respublikası Dövlət Ədəbiyyat  İncəsənət Arxivində (ARDƏİA), Milli Arxiv İdarəsinin Elmi-məlumat kitabxanalarında  AXC-nin təhsil sahəsindəki  fəaliyyətinin   zəngin arxiv sənədləri və elmi materiallar əsasında ərsəyə gətirilməsi  kitabın ən vacib məziyyətlərindən hesab edilməlidir. Müəllif müqayisəli-tarixi metodun köməyi ilə 1918-1920-ci illərdə milli hökumətin təhsil siyasətinin mahiyyətini şərh edir, onun inkişaf  istiqamətlərini müəyyənləşdirir, “irqindən, cinsindən, milli mənsubiyyəti”ndən asılı olmayaraq hər kəsin “ümumi, məccani və pulsuz” təhsillə təmin edilməsinin şərtlərini  açıqlayır, təhsilin müxtəlif pillə və səviyyələrinin inkişaf mərhələlərini müəyyənləşdirir.

 

Kitabın uğurlu alınmasının digər bir səbəbi  müəllifin həm tədqiqatçı, həm də peşəkar arxiv işçisi olması ilə bağlıdır. Qeyd edək ki, Rafiq Səfərovun 2018-ci ildə nəşr edilmiş “Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti (1918-1920-ci illər) adlı sənədlər məcmuəsinin hazırlanmasının təşəbbüskarı və iştirakçısı olub. Azərbaycan Xalq Cümhuriyyətinin təhsil fəaliyyəti ilə bağlı xeyli arxiv materialları aşkar edilərək həmin topluya daxil edilmişdir. Rafiq müəllim tərəfindən  arxiv sənədlərinin və materiallarının aşkar edilməsi, seçilməsi və onların dərindən öyrənilməsi sanballı bir  monoqrafiyanın ərsəyə gəlməsinə vəsilə olmuşdur.

 

Monoqrafiyanın maraqlı strukturu vardır. İlk fəsildə Azərbaycan Xalq Cümhuriyyətində   təhsil sahəsində təşkilati və həyata keçirilmiş qanunvericilik tədbirlərindən,  həmçinin Xalq Maarif Nazirliyinin təsis edilməsi və strukturlaşdırılmasından, parlamentdə təhsil üzrə qanun layihələrinin müzakirəsi və qəbul edilməsindən, xalq və ali-ibtidai məktəb müfəttişlərinin və müəllim seminariyaları direktorlarının ilk qurultayından, xalq müəllimlərinin II qurultayından geniş bəhs edilir. Arxiv sənədlərinə istinad edərək R.Səfərov  təsdiq edir ki, milli maraqlara cavab verən yeni məktəb quruculuğu istiqamətində Xalq Maarif Nazirliyi xeyli islahatlar həyata keçirə bilmişdir. Respublikada çar Rusiyası dövründən qalmış  xalq məktəbləri tədris dairələrinin direktoru vəzifələri ləğv edilmiş, yeni xalq  məktəbləri müfəttişliyi yaradılmış, məktəb - maarif işinin idarə edilməsi Xalq Maarif Nazirliyinin və  xalq məktəbləri müfəttişlərinin ixtiyarına verilmişdi. İslahatlarda əsas məqsəd təhsilin və maarif işlərinin milli dövlətçilik  prinsiplərinə uyğun qurulmasından ibarət olmuşdur.

 

Monoqrafiyanın ikinci  fəslində 1918-ci ilin mart qırğınında azğın millətçi erməni-daşnak qüvvələri tərəfindən dağıdılmış, yandırılmış və əmlakı talan edilmiş məktəblərin bərpa edilməsi, yeni məktəb və tədris ocaqlarının tikilməsi və yaradılması istiqamətində Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti, Parlamenti və Xalq Maarif Nazirliyinin birgə fəaliyyəti araşdırılmışdır.

 

Gəncədə hərbi məktəbin açılması, Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin  Azərbaycanın Qazax şəhərinə köçürülərək müstəqil seminariyaya çevirilməsi, təhsilimizin flaqmanı olan BDU-nun təsisi arxiv sənədləri əsasında müqayisəli şəkildə tədqiq edilmişdir. Bu fəsildə əsaslandırılır ki, Xalq Maarif Nazirliyi  planlaşdırdığı işlərin böyük bir hissəsini həyata keçirə bilməyib. Pedaqoji və Kənd Təsərrüfatı İnstitutlarının,  Konservatoriyanın, Dövlət İncəsənət İnstitutunun yaradılması haqqında qanun layihələri  Azərbaycanın sovet Rusiyası tərəfindən işğalı nəticəsində elə layihə halında qaldı. Milli hökumətin süqutu ilə təhsilin milli əsasda, milli platformada inkişafı dayandırıldı...

 

Rafiq Bahadur oğlu Səfərovun  elmi-nəzəri və praktik əhəmiyyəti ilə diqqəti cəlb edən “Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti (1918-1920-ci illər)” (2023) adlı monoqrafiyasının nəşrini təhsil tarixinə, mədəniyyət və mənəviyyat tariximizə dəyərli töhfə hesab edirəm.

 

Fərrux RÜSTƏMOV,

ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi

 



01.04.2024 | 16:43