Stanford Universitetinin orta məktəbinə yüksək göstəricilərlə qəbul olan Azərbaycan məktəblisi

Bakı şəhəri, Nərimanov rayonu 36 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi  Raul Səlim  dünyanın nüfuzlu universitetlərindən olan ABŞ-nin Stanford Universitetinin orta məktəbinə (“Stanford University Online High School”) yüksək göstəricilərlə qəbul olub. O, bu məktəbdə onlayn təhsil alacaq.

 

Raulun uğur hekayəsi müsbət məqamlarla xeyli zəngindir.  Belə ki, o, 2023-ci il noyabrın 18-də şahmat üzrə təsnifat turnirində 9 raundun hər birində qalib gələrək, I yerə layiq görülüb. III dərəcə rang sahibidir.  

 

2022-ci il iyulun 19-23-də Frankfurtda keçirilən Beynəlxalq STEM Olimpiadasının böyük finalında Coding üzrə bürünc medal, riyaziyyat üzrə də bürünc medal qazanıb.  2023- cü il iyulun18-23-də  Parisdə keçirilən Beynəlxalq STEM Olimpiadasının böyük finalında Coding üzrə gümüş medala, riyaziyyat üzrə bürünc medala layiq görülüb.

 

Tennis üzrə də bir neçə yarışların iştirakçısı olan Raul orta məktəb dərslərini əla oxuyur,  buna görə də sinif  yoldaşlarından fərqlənir.  

 

Raul “Evrotenis”in və Çernoqoriyada tədris olunan “Liderlər Məktəbi”nin üzvüdür. Eyni zamanda Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alır.

 

Bundan əlavə, Raul  IDEA-nın  “Ətraf mühütün mühafizəsi naminə beynəlxalq dialoq” İctimai Birliyinin üzvü və könüllüsüdür. İngilis və rus dillərini mükəmməl bilən Raul hal-hazırda Çin və fransız dillərini də öyrənir.

 

Raul maraq dairəsini, hədəflərini  “Azərbaycan müəllimi”nə belə anladıb:  “Ən  çox sevdiyim fənn riyaziyyat və coğrafiyadır. Dərsdənkənar tennislə,  şahmatla və üzgüçülüklə də məşğul oluram. Stanford məktəbinə bank sisteminə aid özünəməxsus bir layihə və esse  vermişdim.  Çünki bank və maliyyə  sistemini yaxşı bilirəm. Qazandığım uğurlara aid xeyli sayda sertifikatlar almışam.  ABŞ-də məktəbə girməkdə hədəfim şəhər meri olmaq və ya yüksək bir vəzifə  qazanıb, Azəbaycanımı - Vətənimi təmsil etməkdir. Hələ kiçik yaşlarından bu fikir məndə formalaşıb. Uğurlarımda ailəmin, oxuduğum məktəbin müəllimlərinin rolu  olub. Çalışacağam ki, arzumlarım, hədəflərim həyata keçsin.”

 

Raulun oxuduğu məktəbin direktoru Gülnarə Cəfərova da fikirlərini bizimlə bölüşüb:”Raul Səlimlə 3 il əvvəl ilk tanışlığımızda onun istedadlı şagird olduğunu  gördüm. Həmişə  sevdiyi işlə  məşğul olur və  diqqətini  çəkməyən  layihələrə, olimpiadalara  qoşulmur. Bu isə  Raulun yaşının  az olmasına  baxmayaraq,  xarakterindən, məqsədyönlülüyündən irəli gəlir. Məktəbdə istedadlı şagird kimi ona xüsusi yanaşılır. Bilirik ki, gözəl gələcəyi var”.

 

Biz də “Azərbaycan müəllimi” qəzeti olaraq istedadlı yeniyetməni qazandığı  nailiyyətlərə  görə  təbrik edir, ona bol  uğurlar arzulayırıq.

 

Şakir CƏFƏROV



01.04.2024 | 16:11