Peşə təhsili və dövlət-özəl tərəfdaşlığına dair regional forum keçirilib | |
Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Bərdə şəhərində Qarabağ, Şərqi Zəngəzur və Mərkəzi Aran iqtisadi rayonlarında peşə təhsili və dövlət-özəl tərəfdaşlığına dair regional forum keçirilib. Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi, Dövlət Məşğulluq Agentliyi, KOBİA və digər dövlət qurumlarının rəsmiləri, həmçinin sözügedən iqtisadi rayonlarda fəaliyyət göstərən özəl sektor nümayəndələri və peşə təhsil müəssisələrinin rəhbərbərləri iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə Bərdə Peşə Liseyinin infrastrukturu və maddi-texniki bazası ilə yaxından tanış olublar. İştirakçılara mərkəzdə tələbələr üçün yaradılmış imkanlar, tədris olunan ixtisaslar haqqında ətraflı məlumat verilib. Qonaqların diqqətinə çatdırılıb ki, 1200-dən çox tələbənin təhsil aldığı müəssisədə, əsasən İKT, kənd təsərrüfatı, sənayenin digər sahələri üzrə peşə ixtisaslarının tədrisi həyata keçirilir. Qeyd edilib ki, liseyin qarşısına qoyulan əsas məqsəd regionda əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması prosesinə dəstək verməkdir.
Tədbirdə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində işəgötürənlərlə peşə təhsili sistemi arasında əməkdaşlıq imkanları da geniş müzakirə olunub. Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbəri Ceyhun Kərəmov bildirib ki, Böyük Qayıdış prosesi regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır:” Bu proses çərçivəsində xüsusilə də işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tikinti, enerji, kənd təsərrüfatı və sənaye sahələrindəki işəgötürənlərlə qısa və uzunmüddətli kadr hazırlığı üçün yaxından əməkdaşlıq etməkdə maraqlıyıq”. Agentlik rəhbəri onu da qeyd edib ki, 2026-cı ilə kimi regionda 8 yeni peşə təhsil müəssisəsinin tikilməsi ilə yanaşı, 1000 nəfərin ixtisas artırma, 5000 nəfərin isə qısamüddətli təlimlərə cəlb olunması nəzərdə tutulub. Bu prosesdə Bərdə Peşə Liseyi mühüm rol oynayacaq.
Daha sonra regionda fəaliyyət göstərən dövlət və özəl işəgötürən təşkilatların nümayəndələrinin təklifləri dinlənilib. İşəgötürən qurumların nümayəndələri xüsusilə dual təhsil modeli əsasında peşə təhsil müəssisələri ilə işin qurulmasının hər iki tərəf üçün əlverişli olduğunu qeyd ediblər.
Xatırladaq ki, regional forumların keçirilməsində əsas məqsəd işəgötürənlərin peşə təhsili sisteminə cəlb edilməsi, kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun aparılması və təhsildə dövlət-özəl tərəfdaşlığı sisteminin həyata keçirilməsi perspektivlərinin müzakirəsidir.
|
|
31.03.2024 | 10:54 | |
|
|
|