“Bir könüllü” məktəbli

Təhsil sistemində tələbə birliyi olaraq başlayıb bu günə qədər 40 mindən çox tələbəni birəşdirərək tək ürəyə çevrilən könüllü hərəkatı daha da genişlənir. Artıq 3 aydır ki, məktəblilər də bu hərəkata qoşulmağa başlayıb. Sosial məsuliyyətli və ictimai fəal məktəbli profilinin yaradılması məqsədilə təşkil olunan “Məktəbli könüllü” proqramı ölkədə ilk dəfə şagirdlərin sistemli şəkildə könüllü fəaliyyətə cəlbini təşkil edir. Bu ilin yanvar ayından etibarən ictimaiyyətə elan edilən proqram hazırda 350 şagirdi birləşdirib.

 

“Proqramı özüm üçün əla fürsət olaraq dəyərləndirirəm”

 

Onlardan biri Sevinc Məmmədova 284 nömrəli tam orta məktəbin X sinif şagirdidir. Məktəbin fəal şagirdlərindən biridir: “Məni məktəbimizin direktor müavini Günay Nəzərova bu proqrama yönəltdi. Məktəbimizin fəal şagirdi kimi, bu hərəkata töhfəm olacağını, burada iştirakdan çox şey qazanacağımı düşünürəm. Burada olmaq çox xoşuma gəldi. Məncə, məktəblilər belə proqramlarda iştirak edərək öz dünyagörüşünü, əhatə dairəsini genişləndirməlidir. Proqramı özüm üçün əla fürsət olaraq dəyərləndirirəm”.

 

S.Məmmədova deyir ki, 350 şagird arasında yer ala bilməyinin səbəbi bu layihəyə qoşulmaq istəyini necə əsaslandırmasından asılı olub: “Ona görə bu layihədəyəm ki, əhatəmi genişləndirmək istəyirəm. Dünyagörüşümü inkişaf etdirə biləcəyim bir mühit olaraq baxıram könüllülüyə. Bu fürsətdən lazımınca faydalanacağam”.

 

“Məktəbli könüllü” proqramına qoşulmaq istəyənlərin yarıdan çoxu qızlar olub

 

Yarandığı gündən etibarən könüllülük hərəkatının inkişafına təkan verən “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi artıq 8-ci ildir ki, ətrafında birləşən minlərlə tələbə-könüllü ilə birlikdə fəaliyyətini davam edir.

 

“Məktəblu könüllü” proqramının rəhbəri Leyla Zeynalovanın sözlərinə görə, könüllülüyün Azərbaycan tələbələrinin gündəlik həyat səviyyəsinə çevrilməsini hədəfləyən ictimai birlik ətrafında bu günə qədər 40000-dən çox tələbə qeydiyyatdan keçib. Cəmiyyətin inkişafı, parlaq və təhsilli gələcək naminə çalışan ictimai birlik bu yolda məktəb şagirdlərinə də töhfə verməyi qarşısına hədəf qoyub. Leyla Zeynalova deyib ki, ictimaiyyətə elan ediləndən bəri “Məktəbli könüllü” proqramına qoşulmaq istəyənlərin yarıdan çoxu qızlar olub: “ 56.2 faiz qadın, 43.8 faiz kişi olmaqla, ümumilikdə 1087 nəfər müraciət edib. Hazırda 350 şagirdi bir çətir altında birləşdirən proqram bir sıra faydalı fəaliyyətlərin təşkilini hədəfləyib”.

 

Bu hədəfinə çatmaq üçün həm tələbələr, həm də şagirdlər arasında həyata keçirilən tədbirlərə diqqət çəkən L.Zeynalova məlumat verib ki,2023-cü il ərzində 17284 tələbəni əhatə edərək 589337 könüllü fəaliyyət saatı təşkil edilib.1000-dən çox layihə və tədbir həyata keçirilib. Proqram barədə məlumatlılığın artırılması məqsədi ilə yanvar, fevral aylarında ümumilikdə 11 ümumi təhsil müəssisəsində 1068 şagirdin iştirakı ilə məlumatlandırma sessiyaları təşkil edilib.Proqram üzvləri arasında uğurlu şəbəkələşmənin təmin edilməsi məqsədi ilə “Məktəbli könüllü”lərin ilk şəbəkələşmə görüşü həyata keçirilib”.

 

“Məktəbli könüllü” proqramının açılışı

 

Martın 15-də isə 132-134 nömrəli təhsil kompleksində “Məktəbli könüllü” proqramının açılış mərasimi keçirilib. Könüllülüyə cəlb edilən məktəblilərin özünün iştirakı ilə keçirilən tədbir Elm və Təhsil Nazirliyinin dəstəyi, “Bir könüllü” Tələbə Təşkilatının təşəbbüsü ilə reallaşan proqramın gələcək uğurundan xəbər verib.

 

Həmin tədbirdə iştirak edən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasovun fikrincə, sosial məsuliyyətli və ictimai fəal məktəbli nəinki təhsil sistemi, bütövlükdə cəmiyyət üçün faydalıdır. Amma könüllü fəaliyyətə cəlb olunmaq, ilk növbədə, məktəblinin düzgün yetişməsi, yəni onun özünə, özünü daha yaxşı tanımağı, qiymətləndirməyi baxımından faydalıdır. O hesab edir ki, məktəblilərin  yarış və layihələrə qoşulmağı həm də yumşaq bacarıqlarının inkişafına səbəb olur.

 

Direktor müavini qeyd edib ki, məktəbin əsas məqsədi sağlam düşüncəli insan yetişdirməkdir, 600 bal toplayan şagird deyil.

 

Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova məktəblilərin könüllülük fəaliyyətinin onların yetişməsində, formalaşmasında müstəsna əhəmiyyətini qeyd edib. Məktəbin bütün şagirdlərin sevdiyi yer olması baxımından da könüllülük fəaliyyətinin rolu olacağına inanan  idarə rəisinin müavini bəzi planlardan da danışıb: “Məktəbdə uşaqların özünü təhlükəsiz hiss etmələri üçün nə lazım olduğunu onların özlərindən soruşacağıq. İstəyirik ki, uşaqlar özləri desin ki, özlərini təhlükəsiz hiss etmələri üçün məktəbdə nəyə ehtiyac var. Bu məsələdə məktəbli könüllülərin çox böyük dəstəyi olacağını düşünürəm”.

 

Məktəbli könüllülər öz məharətlərini göstərdilər

 

Açılış mərasimində idarəetmə məktəbli könüllülərdə idi. Məktəbdə qonaqları qarşılayan, düzgün yönləndirən, hər kəsin çağırışına hay verib, sualını cavablandıran məhz onlar idi. Axırda da elə özlərinin hazırladıqları maraqlı ifalarla tədbirə rəng qatdı məktəbli könüllülər.

 

Ruhiyyə DAŞSALAHLI

 



29.03.2024 | 12:21