Avtomobil çilingəri, montyor, arıçı... | |
20 illik hobbisini əsas peşəyə, gəlir mənbəyinə çevirməyə qərar verdi, adı gündəm oldu, atdığı addım dillərə düşdü. Bəziləri təəccübləndi, bəzilərinə örnək oldu, bir çoxlarına stimul verdi. Əslində, barəsində söhbət açacağımız Musa Mahmudovun uğurlarla dolu həyat hekayəsi çoxları üçün örnək ola bilər. 73 yaşlı həvəskar arıçı Musa Mahmudov “Azərbaycan müəllimi”nə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi olmağa qərar verməyindən danışdı, bu təhsilin ona lazım olduğunu izah etdi.
Peşədən peşəyə
Sadə, kasıb bir ailənin nadinc uşağı olub. Arzusu həyətdə-bacada bir az da oynamaq olan bu dəcəl kənd uşağı 1969-cu ildə ilk dəfə evdən Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna sənəd vermək məqsədi ilə çıxıb. Amma tale onu peşə sahibi etməkdə qərarlı idi. İlk uğursuzluq onu institut qapısından uzaqlaşdırıb, peşəyə istiqamətləndirib. Əvvəlcə, vaxtını boş keçirməmək üçün avtomobil çilingəri ixtisası üzrə peşə məktəbinə daxil olub. Peşə öyrənmə bacarığı, əlinin yatımlılığı indi adını belə unutduğu peşə məktəbində onu ustalarının sevimlisinə çevirib: “Təhsilimi tamamlayıb təcrübəyə getdim. Usta yanında maşın mühərriki yığırdım. Günlərin birində çağırış gəldi. Ustam əlaçı olduğum, bacarığım barədə məlumat verdi və diplomumu qısa müddətdə hazırlayıb məni hərbi xidmətə diplomlu olaraq yola saldılar”.
Təhsil sənədini alıb hərbi xidmətə yollanan gənc M.Mahmudovun yenicə yiyələndiyi bacarığa Kalininqrad şəhərində keçdiyi hərbi xidmət dövründə zərurət yaranmayıb. Amma başqa bir peşə ilə bağlı bacarığı formalaşıb. Bu dəfə qazanxanada iş təcrübəsi qazanıb və yüksəlib: “2 ay işlədim, vəzifəmi yüksəltdilər, 8 ay sonra tərifnamə verib məzuniyyətə göndərdilər”.
Gəl gör ki, Kalininqradda keçirtdiyi 2 illik hərbi xidmət dövründə qazandığı qazanxana təcrübəsi də lazım olmayıb ona. Özünə yenidən, özü də 0-dan yeni yol cızıb. Bu dəfə peşə məktəbində öyrəndiklərini inkişaf etdirmək istəyib: “Bir “3”, bir “4” alıb Məişət-Texniki Texnikumuna daxil oldum. Avtomobil nəqliyyatının istismarı ixtisası üzrə təhsil almağa başladım. Amma heç vaxt bu ixtisas üzrə işləyə bilmədim. Ailəm kasıb olduğu üçün özüm oxuyub, özüm də işləməliydim. Ona görə də Mingəçevir Texniki Rezin Məmulatları zavodunda fəhlə kimi işə başladım.Ancaq təhsilimi tamamladıqdan sonra zavoddan çıxa bilmədim. Ev, maşın növbəsinə yazılmışdım. Almadan çıxmaq istəmədim”.
Beləliklə, taleyini zavoda, zavodla yanaşı Mingəçevirə də bağlayıb. İctimai iş olaraq zavodda fotoqraf vəzifəsi də tapşırılıb ona, onun da öhdəsindən layiqincə gəlib Musa Mahmudov. İş ağır olduğu üçün bronxlarında problem yarananda işdən ayrılıb. 1988-ci ildə elektrik stansiyasında növbətçi kimi işə başlayıb. Burada da onun uğur hekayəsi davam edib: “Qısa müddətdə işin öhdəsindən uğurla gəldiyimi müşahidə etdilər. “İşi diplomlu işçilərdən yaxşı bacarırsan”, - deyib mənə tələb olunan imtahanı verib elektrik montyoru işinə girməyi təklif etdilər, mən də bu tövsiyəyə əməl etdim. İmtahan verib IV qrup III dərəcəli elektrik montyoru oldum”.
Hobbisi idi, peşəsinə çevrildi
Bəs, arıçılıq? Bu sahədə yetişmək fikri haradan ağlına gəlib? Ömrü mühərriklərlə, elektrik naqilləri, ya da rezin məmulatları arasında keçən biri nə vaxt arılara maraq sarıb?
M.Mahmudov bu dəfə hobbilərindən danışır: “Həmişə hobbim olub. Xoşum gəlirdi balıq tutmaqdan. Bir ara arılara da maraq sardım. 1 arı ailəm vardı, yavaş-yavaş 10-a, sonra 15-ə çatdı. Hazırda 60 arı ailəsi var. Arıya marağım artdıqca balıqçılığa olan həvəsimi unutdum”.
Artıq “arı olmasa, həyat olmaz”, deyə düşünür M.Mahmudov. Onlara qulluq edə-edə, arıların işini, həyatını izləyə-izləyə elə vurulub ki, nəinki balıq tutmaq həvəsi yadından çıxıb, hətta arıçılığı əsas gəlir mənbəyinə çevirməyi planlaşırmağa başlayıb: “Arılarıma görə yaşayış yerimi, həyat tərzimi dəyişdirdim. Mingəçevirdə lazımi şərait olmadığından yaz-yay aylarında Vəndama gedir, ancaq qışda gəlirəm Mingəçevirə. Əvvəllər arıları da özümlə aparıb-qaytarırdım. Amma artıq yaşlanmışam, gücüm çatmır”.
“Yaşlanmışam”, - deməyinə baxmayın. Düşüncələri, dünyagörüşü, öyrənmək həvəsinə görə özünü cavan hiss edir: “Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində arıçılıq qrupu yaradılanda çox sevindim, o qrupda təhsil almaq fikrinə düşdüm. Dostlarıma ilk dəfə bu fikrimi deyəndə çox təəccübləndilər. Ancaq sonradan özüm kimi həvəskar arıçılar olan dostum Nurməmməd Vəliyev və onun qardaşı Novruz Vəliyevi də Peşə Təhsil Mərkəzində oxumağa razı saldım. Həm də sinif yoldaşım olan dostum Nurməmmədlə indi də bir qrupda təhsil alırıq”.
Niyə TKTA-ya yox, PTM-ə gəldi?
20 illik təcrübə nəyinə yetmədi ki, üstəlik bir də peşə təhsili alır. Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edib sertifikatlı, “diplomlu arıçı” ola bilərdi. Niyə oxumaq istədi? M.Mahmudov deyir: “Peşə təhsilini diplom almaq üçün istəmədim. Arı yetişdirməyin çox sirləri var. Dedim o sirləri öyrənim, ana arı yetişdirməyi bacarım, arılarımı artırım. Arıçılıq elə bir işdir ki, kiçik səhvdən çox böyük ziyanlıq ola bilir. Mən indi arıçılıqdan yaxşı gəlir götürməyi, məhsullarını düzgün təqdim edib qazancımı artırmağı öyrənirəm. Burada işin nəzəriyyəsini öyrəndiyimiz yer ayrıdır, təcrübə sahəsi ayrıdır. Təcrübəli insanlardan dərs alırıq, təcrübə öyrənirik. Oxuduqlarımızı bir yerdə müzakirə edirik”.
Özlərini yenidən gənc hiss edən bu ilin ən maraqlı tələbələri təhsillərindən razıdırlar: “Yaxşı ki, gəldik burada təhsil almağa. Çox bacarıqlı, ağıllı müəllimlərimiz var. İndi onlardan öyrəndiklərimi yayda öz arılarımın üzərində tətbiq edəcəyəm”.
Peşə Təhsil Mərkəzində təhsil onlara, sadəcə arıçılığın sirlərini öyrətmir: “19 tələbə yoldaşımız var. Onlarla yaxşı münasibətlər qurmuşuq. Tanışlıqlar, dostluqlar başlayıb. Əhatə dairəmiz genişlənib. Artıq bilmədiyimiz bir şey olanda məsləhətləşəcəyimiz daha çox insan var”.
Həyat hekayəsi peşə təhsilinin getdikcə artan əhəmiyyətini ortaya qoyur
Bir sözlə, avtomobil mühərriki üzrə təhsil alıb, rezin məmulatları üzrə işləyib, axırda elektrik mantyoru olaraq təqaüdə çıxan bir peşəkarın həyat hekayəsi bu günlərdə tez-tez eşitdiyimiz “ömürboyu təhsil”, “sürətlə dəyişən tələblər”, “müasir dövrün çağırışları” kimi fikirlərin, o cümlədən peşə təhsilinin bundan sonrakı həyatımızda, gələcəyimizdə artan əhəmiyyətini ortaya qoyur. Hansısa ixtisas üzrə təhsil almaq karyeranı bu istiqamətdə quracağın anlamına gəlmədiyi kimi, təhsilin olmaması da peşəkar deyilsən demək deyil.
Ruhiyyə DAŞSALAHLI
|
|
29.03.2024 | 12:16 | |
|
|
|