Məktəblərdə kibertəhlükəsizlik qaydaları ilə bağlı maarifləndirmə tədbirləri gücləndirilir
Məlum olduğu kimi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi arasında Anlaşma memorandumu imzalanıb.
 
 
Layihə çərçivəsində Bakı və Abşeron üzrə 66, bölgələr üzrə isə 11 məktəbdə kibertəhlükəsizlik qaydaları ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Sözügedən tədbirlər üzrə, ümumilikdə 12 000 məktəblinin kibertəhlükəsizlik qaydaları və onlayn risklər barədə məlumatlandırılması hədəflənir.
 
 
Təhsil TV-də yayımlanan “Təhsil masası” proqramında qonaq olan “Məktəblinin dostu” layihəsinin rəhbəri Gündüz Tapdıqov bildirib ki, indiyə qədər məktəblərdə bu mövzuda təlimlər keçirilib və bu istiqamətdəki təlimləri daha da təkmilləşdirmək üçün Elektron Təhlükəsizlik Xidməti ilə Anlaşma memorandumu imzalanıb. Qeyd olunub ki, memorandumun imzalanmasında əsas məqsəd şagirdlərin internetdən təhlükəsiz istifadə imkanlarının möhkəmləndirilməsi üçün maarifləndirmə tədbirlərini intensiv həyata keçirməkdir. 
 
 
Lamiyə Əlimərdanova


28.03.2024 | 17:00