“Hər bir dərsin müxtəlif metodlarla tədris edilməsi çox önəmlidir” | |
Fatimə Vəliyeva 2018-ci ildən Hacıqabul rayon Xilə kənd F.Kərimov adına orta məktəbdə tarix müəllimi işləyir. İlk vaxtlar peşəsi ona çətin görünsə də, sonralar böyük təcrübə qazanıb. Çalışdığı məktəbin, şagirdlərinin maraqlarını, ehtiyaclarını öyrənərək, pedaqoji fəaliyyətini buna görə formalaşdırıb.
F. Vəliyeva diaqnostik qiymətləndirmə apararaq, ümumi müşahidələri nəticəsində şagirdlərin əyləncəli, kreativ, rəqabətcil, səmərəli və interaktiv bir təlim mühitinə ehtiyac duyduğu qənaətinə gəlib. Bunları nəzərə alaraq müxtəlif təlim metodlarından istifadə etməyə başlayıb.
Bu məqsədlə də işlədiyi məktəbdə dərsdənkənar “Tarix fənn aylığı” keçirir. Fənn aylığında bilik yarışı, dəyirmi masa təşkil edir və fənn bülletenləri hazırlayır.
Fatimə Vəliyeva öz metodikasını belə anladır: - Şagirdlərin fənn üzrə təlim nailiyyətlərinin yüksəldilməsi üçün hər bir dərsin müxtəlif metodlarla tədris edilməsi çox önəmlidir. Bu zaman həm müəllim, həm də dərs şagirdin diqqətini cəlb edir. Pedaqoji fəaliyyətim dövründə şagirdlərin ehtiyaclarına uyğun olaraq hər bir dərs prosesi zamanı müxtəlif təlim metodlarından istifadə etmişəm. Şagirdlərimin ən çox sevdiyi təlim üsullarından biri “Bilik ağacı”dır . Bu üsul şagirdlərin dərsə diqqətini cəlb etməklə yanaşı, eyni zamanda onlar arasında olan rəqabəti də gücləndirir. “Bilik ağacı” üsulunu tətbiq edərkən, lövhəyə hər şagird üçün bir ağac gövdəsi çəkilir, daha sonra növbə ilə şagirdlərə müxtəlif suallar verilir. Şagirdlərin verdiyi hər bir düzgün cavaba görə gövdəyə bir budaq çəkilir, sonda ən çox budağa sahib olan ağac günün qalibi seçilir. Bu üsul təlim prossesində şagirdin əldə etmiş olduğu bilikləri görməyə bizə imkan verir.
Təlim üsulları ilə yanaşı, müxtəlif metodlardan istifadə edərək şagirdlərin fənnə marağının artırılmasına nail oluna bilər. Kiçik bir kənd məktəbində minimum imkanlar daxilində müxtəlif metodlardan istifadə edərək, ən zəif təlim nəticəsinə malik şagirdləri belə təlim prosesinə cəlb edə bildim.
Məsələn, açıq havada dərs təşkil etmək şagirdlər üçün yeni bir təlim mühitini formalaşdırdı. Dərsə uyğun əl işlərinin hazırlanması şagirdlərin həm praktiki olaraq öyrənməsinə, həm də istedadlı şagirdlərin üzə çıxarılmasına şərait yaradır. Bu metodu tətbiq edərkən şagirdlər saxsı qablar, maketlər, müxtəlif layihələr hazırlamağı mənimsədilər.
Ümumi tarix fənnini tədris edərkən dünya tarixində öyrəndikləri hər bir ölkənin milli geyimi ilə dərsin keçirilməsi də əyləncəli təlim mühiti yaradır. Əyləncəli təlim metodlarından biri tarixi prosseslərin şagirdlər tərəfindən rollu oyunlar ilə canlandırılması metodudur. Bu metod şagirdlərin hadisələri analiz etmək və müstəqil qərar vermək bacarıqlarının formalaşdırılmasına xidmət edir.
Pedaqoji fəaliyyətim zamanı şagirdlərin ən sevdiyi metodlardan biri “muzey dərsləri”n təşkil edilməsidir. Hacıqabul rayon Tarix Diyarşünaslıq Muzeyi və Pir Hüseyn xanəgahında təşkil etdiyim muzey dərslər şagirdlərin yaddaşında iz buraxan dərslər oldu. Bütün bu metodlar şagirdlərin yalnız tarix fənninə deyil, eyni zamanda məktəbə, təhsil həyatına sevgi və marağını da artırır. Bu, şagirdlərin təlim nailiyyətlərinə olan təsirində özünü büruzə verir. Təlim nəticəsini yüksəltməyə nail ola bilməyən şagirdin belə, məktəbin ictimai işlərində fəallığının artdığı müşahidə edilir. Düşünürəm ki, hər bir şagird daim yenilik axtarır və məktəb şagirdə axtardığı yeniliyi verməlidir”.
Şakir CƏFƏROV
|
|
28.03.2024 | 16:29 | |
|
|
|