“Azərbaycan xalqının tarixi yaddaşından silinməyən soyqırım”

Mingəçevir Dövlət Universitetində (MDU) humanitar fənlər kafedrasının təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Azərbaycan xalqının tarixi yaddaşından silinməyən soyqırım” mövzusunda mühazirə keçirilib. Mühazirədə MDU-nun akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.

 

Mühazirəni giriş sözü ilə kafedranın müdiri dosent Esmira Cəfərova 1918-ci ildə Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrdən, tarix boyu ermənilərin öz havadarlarına söykənərək azərbaycanlılara qarşı təcavüzkar siyasət yeritdiklərindən, 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən bu hadisələrə hüquqi qiymət verilməsindən bəhs edib və bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət nəticəsində Azərbaycanın haqq səsi artıq dünya ictimaiyyəti tərəfindən qəbul edilir.

 

Mövzu ilə əlaqədar videoçarxın nümayişindən sonra humanitar fənlər kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Aygün Qədirovanın mühazirəsi dinlənilib. Mühazirəçi 1918-ci il 31 Mart Soyqırımının ermənilərin xalqımıza qarşı həyata keçirdiyi böyükmiqyaslı terror aktlarından biri kimi tarixə yazıldığını söyləyib.

 

Mövzu ətrafında aparılan müzakirələrdən sonra iştirakçıların sualları cavablandırılıb.

 



28.03.2024 | 11:54