Ötən il BDU-nun kimya fakültəsinin alimlərinin 175 elmi məqaləsi çap olunub

Bakı Dövlət Universitetinin (BDU) kimya fakültəsində 27 Mart- Elm Gününə həsr olunmuş tədbir keçirilib.

 

Dekan Fuad Kərimli Elm Günü münasibətilə fakültə əməkdaşlarını təbrik edib, kimya fakültəsində son bir ildə elmi tədqiqat sahəsində əldə olunmuş uğurlar haqqında məlumat verib. O, kimyaçıların Azərbaycan elmində xüsusi çəkisinin olduğunu qeyd edib. Bildirib ki, ötən il fakültə əməkdaşları tərəfindən 175 elmi məqalə çap olunub. Onlardan 101-i indekslənmiş jurnallardadır. Fakültənin təşkilatçılığı ilə 2 respublika elmi konfransı keçirilib. Fakültənin 7 mühüm elmi nəticəsi AMEA-nın əldə olunmuş mühüm nəticələrinə daxil edilib. Fakültənin əməkdaşı Ələkbər Hüseynzadə “İlin gənc alimi” adına layiq görülüb. Gənclərin elmə marağının artırılması məqsədilə kimya fakültəsində tələbələr arasında pespublika olimpiadası keçirilib. Fakültə tələbələri beynəlxalq olimpiadada I, II və III yerlərə layiq görülüblər.

 

F.Kərimli bu ilin noyabr ayında ölkəmizdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyini xatırladıb, kimya fakültəsində də bu sahədə elmi işlərə üstünlük verildiyini bildirib.     

 

Tədbirdə neft kimyası və kimya texnologiyası kafedrasının müdiri İbrahim Məmmədov “Azərbaycanın təbii ehtiyatları gələcəyin yaşıl enerjisi kimi” mövzusunda çıxış edib. Çıxışda hazırda dünyada istifadə edilən enerji mənbələri, planetin üzləşdiyi ekoloji problemlər, bu problemlərin həllində Azərbaycanın atdığı addımlar, yaşıl enerjinin payının artırılması istiqamətində ölkə başçısının apardığı siyasət, kafedrada görülən işlər haqqında məlumat verilib.

 

Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

 

 



27.03.2024 | 15:48