“Öyrətmək dünyada ən gözəl bacarıqlardan biridir”

Müsahibimiz “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Edinburq Universitetində magistratura səviyyəsində təhsil alan, eyni zamanda “George Heriot's School”da müəllim işləyən azərbaycanlı gənc Rəvanə Şıxəlidir. Gənc müəllimə ilk sualımız xaricə təhsil səyahəti və gözləntiləri barədə oldu.  

 

- Mən Azərbaycan Dillər Universitetində ingilis dili müəllimliyi üzrə təhsil almışam. İkinci kursdan təhsilimi SABAH qruplarında davam etdirmişəm. Bizim fakültənin məzunlarından bir çoxu xaricdə təhsil alırdılar. SABAH qrupunun rəhbərliyi, dekanımız Aynur xanım bizi xaricdə təhsillə bağlı konfranslara göndərirdi ki, xarici ali məktəblərin təhsilə olan yanaşmasını öyrənək. Xaricdə təhsil almaq arzumu  formalaşdıran SABAH qruplarında ispan dili müəllimim Lalə xanım oldu. O, həmişə deyirdi ki, hər biriniz xaricdə təhsil ala bilərsiniz. Mənə gələndə isə deyirdi: Rəvanə onsuz da xaricdə təhsil alacaq. Bu söz mənə çox təsir edirdi. İnanıram, Lalə müəllim onu bilərəkdən, məqsədli şəkildə işlədirdi ki, məndə olan özgüvəni inkişaf etdirsin. 

  

Ailə üzvlərimin hər birinin, atamın, anamın mənə olan inamı –  bunlar  da çox böyük rol oynadı. Böyük Britaniyanı seçməkdə əsas məqsəd bu ölkədə təhsilə olan yanaşmanın müstəqil öyrənmə (independent learning) olması idi. Şagirdlər, eyni zamanda tələbələr müstəqil şəkildə öyrənirlər. Kimsə gəlib dərs izah etmir, sadəcə, ümumi məlumat verirlər və sizi azad buraxırlar ki, gedin araşdırın, məqaləni, kitabları oxuyun və özünüz nəticəyə gəlin. Məsələn, ilk vaxtlar soruşurdum ki, mən belə bir nəticəyə gəlmişəm, düzdür, yoxsa səhvdir? Professorlardan biri mənə bildirdi ki, elmdə düz və ya səhv bir yanaşma yoxdur. Elmdə fərqli perspektivlər, yanaşmalar mövcuddur. Bu, artıq məndə elmə, tədqiqat sahəsinə olan marağı inkişaf etdirdi.
 

Mən britaniyalıların təhsilə olan yanaşmasını çox bəyəndim. Məqalə, kitab oxuyurdum və auditoriyaya gələndə görürdüm ki, amerikalı, britaniyalı, çinli kurs yoldaşlarım da mənim kimi düşünür və bu, artıq özgüvənimi artırırdı ki, mən düzgün düşünürəm. Bu, öz düşüncələrimizə, yanaşmalarımıza olan inamımızı daha da inkişaf etdirir.

 

- Xaricdə təhsil istiqaməti olaraq  inklüziv təhsili seçmisiniz. İnklüzivlik nədir və ona necə nail olmaq mümkündür?

- İnklüziv təhsili seçməkdə məqsədim inklüzivliyə olan inamımdan irəli gəldi. Dünyada bəzi ölkələr var ki, məsələn, Yeni Zellandiyanı misal gətirə bilərəm: onların bütün təhsil sistemi inklüzivdir. Yəni, bütün məktəblər ötən əsrin sonlarından tam inklüziv təhsil sisteminə keçib. Bu, çox təqdirəlayiq bir addımdır. Böyük Britaniyada da bu məsələ çox populyardır və onlar da çalışırlar ki, inklüzivliyə keçid etsinlər. Çünki son elmi araşdırmalara görə təhsili tam inklüzivlik olmadan düşünmək  düzgün səslənmir. Bir sıra tədqiqatçı alimlərə görə, inklüzivlik illüziyadır, tam inklüzivlik mümkün deyil, uğurlu deyil. Ancaq Yeni Zellandiya təcrübəsi göstərir ki, inklüzivlik mümkündür, sadəcə onu düzgün şəkildə həyata keçirmək lazımdır.


İnklüziv təhsil deyəndə, bir çoxları yanlış başa düşürlər. Onlara görə inklüziv təhsilə yalnız xüsusi uşaqlar və yaxud xüsusi qayğıya ehtiyacları olan uşaqlar cəlb olunur. Amma əslində bu, tamamilə yanlış yanaşmadır, inklüziv təhsilin prinsiplərinə qarşıdır. İnklüziv təhsil dedikdə, yalnız xüsusi qayğıya ehtiyacı olan uşaqlar deyil, eyni zamanda, digər uşaqların da ehtiyacları nəzərdə tutulur. Hətta Böyük Britaniyada son illərdə qəbul olunmuş təhsil qanunlarında inklüzivlik sözünün tərifi daha da genişləndirilib. İnklüziv təhsilə xüsusi qayğıya ehtiyacı olan,  heç bir qayğıya ehtiyacı olmayan və eyni zamanda vunderkind - artıq dərəcədə savadlı olan uşaqlar aid edilir, bu isə inklüzivliyi daha da inkişaf etdirir. İnklüziv təhsilə nail olmağın ən yaxşı yolu, düşünürəm ki, təhsilalanların öyrənməyə qarşı münasibətinin nəzərə alınmasıdır. Onların öyrənmə üsulları, metodları müəllimlər, psixoloqlar  tərəfindən nəzərə alınmalı və inklüziv təhsil sistemi ona uyğun, bu standartlara cavab olaraq hazırlanmalıdır.

 

 

- Təhsil almaqla yanaşı, həm də müəllim kimi çalışırsınız. Edinburqdakı bir dərs gününüzü necə təsvir edərdiniz?  

- Böyük Britaniyada müəllim kimi işləmək, həqiqətən mənim üçün çox böyük bir nailiyyətdir. Bu vaxta qədər müxtəlif məktəblərdə dörd illik müəllimlik təcrübəm var. Düşünürəm ki, bu şansı qazanmağım universiteti bitirdikdən sonra inklüziv təhsillə bağlı kurslar götürməyim, bu sahədə özümü inkişaf etdirməyim sayəsində olub. Tələbələrin bir çoxu dördüncü kursu bitirəndən sonra magistr təhsilinə başlayırlar. Məncə, bu, düzgün yanaşma deyil. Çünki bakalavrı bitirdikdən sonra biz iş dünyasına atılmalıyıq, başa düşməliyik ki, özümüzü hansı sahədə görürük. Mən də bakalavrı bitirdikdən sonra işləməyə başladım. Son kursda işləməklə yanaşı, onlayn kurslara da qatıldım. Bir çox insan işləməyə başlayanda, artıq öyrənməni dayandırır. Bu, deyərdim ki, uğurlu qərar deyil. Çünki biz iş həyatımızda uğurlu olmaq üçün mütləq, davamlı şəkildə müəyyən vorkşoplar, sessiyalar, kurslar götürməliyik ki, işlədiyimiz sahədə daha da inkişaf edə bilək. Bu öyrənmə davamlı olmalıdır.


Düşünürəm ki, bakalavr təhsilimlə yanaşı, iki il ərzində özümə qoyduğum investisiya mənə çox kömək elədi. Bu, Britaniyada işə qəbul prosesində keçdiyim müsahibədə də özünü göstərdi. Edinburqda çox məşhur olan Gorc Heriot Məktəbində işləyirəm. Sinfə daxil olanda, qarşılarında müəllimin olduğunu gördüklərinə görə artıq sizə fokuslanırlar. Burada uşaqların diqqətini ələ almaq üçün heç bir sinfi idarəetmə qaydalarından istifadəyə ehtiyac qalmır. Çünki sinifdə özlərindən böyük birinin olması onlar üçün bir göstərişdir ki, artıq müəllimə fokuslanmalısan. Uşaqların tərbiyələrinin, müəllimlərə, bir-bir birlərinə olan yanaşmalarının əsası ailədə qoyulduğu üçün artıq məktəbdə əziyyət çəkməyimizə ehtiyac qalmır.

 

- Sizcə, uşaqlara uğurlu təhsil startı vermək üçün müəllim hansı keyfiyyətlərə malik olmalıdır?

- Düşünürəm ki, müəllim şagirdlərlə çox böyük bir bağ qurmalıdır. Pozitiv münasibət yaratmalıdır ki, uşaq müəllimin yanında özünü təhlükəsiz hiss eləsin və istənilən bir problemi müəllimlə bölüşsün.


Şagird və müəllim arasında olan münasibət Böyük Britaniyada çox qabardılır. Tədqiqatlar da eyni nəticəni göstərir: müəllimin şagirdə, onun səhvlərinə olan pozitiv yanaşması çox önəmlidir. Hər şey həqiqətən müəllimdən başlayır.  Müəllimin pozitiv olması, öz həmkarları  tərəfindən dəstəklənməsi də çox önəmlidir. Britaniyada müəllimlər arasında bir neçə tədqiqat həyata keçirilib. Müəllimlərin çoxu etiraz ediblər ki, biz öz həmkarlarımızdan, rəhbərlik tərəfindən dəstək görmürük, ona görə də motivasiya olmuruq. Müəllimin motivasiyası çox önəmlidir. O, motivasiyalı olduğu halda, artıq şagirdi də motivasiya edə bilir.

 

- Yaxşı müəllim kimdir: yaxşı bilik ötürən, yoxsa tərbiyə verən və ya hər ikisini təmin edən?

- Mən deyərdim ki, müasir dövrdə müəllim işləmək çətin və yaxud çox maraqlıdır. Bu sizin hansı ölkədə, eyni zamanda, hansı məktəbdə işlədiyinizdən asılıdır. Əgər işlədiyiniz məktəbdə və yaxud universitetdə iş yoldaşlarınız sizi motivasiya edir, dəstəkləyirsə, eyni zamanda inkişafınız üçün sizinlə treninqlər təklif edirlərsə, onda müəllimlik məncə, çox maraqlı, qürurverici peşədir. Çünki hər gün başqa bir insanın inkişafına töhfə verirsiniz. Siz hər gün yeni bir şey öyrədirsiniz, öz fikirlərinizi qarşınızdakı insana ötürürsünüz, bunlar həmin insanın həyatında həlledici rol oynayır. Müəllim nə deyirsə, şagird onu həmişə düz kimi qəbul edir. Müəllim, -çox primitiv bir misal verim-, qaraya ağ desə, uşaq onu ağ kimi qəbul edəcək. Yəni, müəllimlik bu qədər sehirli bir peşədir ki, qarşınızdakı insan bütün dediklərinizə inanır.  Həqiqətən, öyrətmək, dünyada ən gözəl bacarıqlardan biridir.
 

Düşünürəm ki, cəmiyyətin inkişafına, insanların fərd olaraq yetişdirilməsinə böyük mənada töhfə verənlər müəllimlərdir. Ona görə müəllimlərin rolu  cəmiyyətdə çox böyükdür. Amma onlar dəstəklənməli, motivasiya edilməlidir ki, öz rollarını düzgün şəkildə həyata keçirsinlər.

 

- Şagirdlərlə iş sizdə nə kimi hiss və motivasiyalar yaradır. Müəllimliyi hansısa digər bir peşəyə dəyişə bilərdinizmi?

- Qarşımdakı hər hansı bir şagirdə yeni bir şey öyrədəndə və bunun uğurlu olduğunu görəndə bu, mənə çox sehirli gəlir. Onda düşünürəm ki, müəllimliyi hələ də davam etdirə bilərəm. Məqalələr yazan tədqiqatçıları görürəm, bu da mənim diqqətimi çəkir. Edinburq Universitetində imtahanlarda yüksək qiymətlər almışam, görürəm ki, məndə həqiqətən də tədqiqatlar aparmaq yaxşı alınır. Orijinal fikirləri ortaya qoya bilirəm, bunlar tədqiqat işində çox önəmlidir. Professorlar da həmişə qeyd edirlər ki, sənin fikirlərin çox orijinaldır, onlar orijinal fikirlərə çox dəyər verirlər. Düşünürəm ki, karyeramın müəyyən bir dövründə müəllimliklə yanaşı, tədqiqat işlərini də həyata keçirməliyəm.

 

- Biz uşaqların təhsilində və tərbiyəsində nələrə diqqəti artırmalıyıq ki, cəmiyyət üçün faydalı vətəndaşlar kimi yetişsinlər?

- Bu suala belə cavab verə bilərəm ki, uşaqların təhsil və tərbiyəsində müəllimdən çox valideyn böyük rol oynayır. Valideynlərin, eyni zamanda müəllimlərin uşağa olan yanaşması onların cəmiyyət üçün faydalı vətəndaş olub-olmamağını müəyyənləşdirir. Bir nümunə gətirim. Şagirdlərimdən biri bu yaxınlarda çöldə oynayanda yıxılmışdı, ayağını tutub ağlayırdı. Bu zaman valideyni gəlib dedi ki, “sən çox cəsursan, əhsən sənə, yıxılmısan, amma görürəm ki, sən bunun öhdəsindən gələ bilərsən”. Uşaq ağlamağı dayandırdı. Düşünürəm ki, belə yanaşma çox önəmlidir. Valideynin uşağa olan yanaşması fərd olaraq ona çox böyük təsir edir. Şagirdlərə, onların potensialına inanmaq, pozitiv olmaq, onları aşağılamamaq, fikirlərinə önəm vermək, həyatları, təhsilləri haqqında qərar verərkən fikirlərini öyrənmək və hörmət etmək onların tərbiyə və təhsillərində çox önəmlidir.
  

Şotlandiyanın təhsil qanununda göstərilir ki, uşaq haqqında verilən hər bir qərarda uşaq iştirak etməlidir. Uşağın iştirakı, fikirləri olmadan onun haqqında valideynlərin qərarvermə kimi bir öhdəliyi yoxdur. Uşaqların fikirləri hər zaman nəzərə alınmalıdır, bu, onların inkişafına pozitiv təsir etsin.

 

- Əksərimiz uşaqlar qarşısında daha yüksək ballar toplamaq kimi hədəf qoyur, ancaq onların hiss və duyğularını nəzərə almır, bəzən də sıxırıq? Bu yanaşma onlarda ətraf mühitə, bəzən də bir-birlərinə qarşı aqressivliyin səbəbi deyilmi? Gənc müəllim olaraq münasibətinizi bilmək maraqlı olardı. Çıxış yolu nədədir?

- Sizinlə tamamilə razılaşıram. Çox gözəl bir məqama toxundunuz. Bu aqressivliyin bir səbəbi məktəbdə uşaqların yoldaşlarından, eyni zamanda valideynlərdən gələ bilər. Biz yüksək ballar tələbi qoymaq əvəzinə, uşaqlara inanmağa üstünlük verməliyik. Bu, bir gənc müəllim olaraq mənim də məyus olduğum məqamlardan biridir. Çünki universitet balı həqiqətən həyatımızda o qədər də qabardıldığı kimi rol oynamır. Məsələn, universitetin ikinci kursunda təhsilinizə davam edəndə heç kəs sizdən “neçə bal toplamısınız”, - deyə soruşmur. Sonralar valideynlər də neçə bal topladığınızı unudur. Universiteti bitirib iş həyatına başlayanda, bal söhbəti, ümumiyyətlə, yada düşmür.
  

Başa düşməliyik ki, universitet balı ali məktəbə daxil olmaq üçün mərhələlərdən biridir, bizim sağlamlığımıza, əsəb sistemimizə, psixologiyamıza təsir etməməlidir. Bu stress, aqressivlik həyatımızın sonuna qədər davam edir. Əslində siz universitetə daxil olduqdan sonra yeni imkanlar görürsünüz, özünüzü kəşf edirsiniz və daha da uğurlu ola bilərsiniz. Şəxsən tanıdığım insanlar var ki, qəbul imtahanlarında çox az bal toplayıblar, amma universiteti bitirdikdən sonra iş həyatlarında 600-700 bal toplayanlardan daha yüksək vəzifələrdə, yaxşı işlərdə işləyirlər. Onlar universitet həyatlarında artıq hansı sahəyə fokuslanmalı olduqlarını kəşf ediblər, o sahə üzrə özlərini inkişaf etdiriblər. Düşünürəm ki, çıxış yolu olaraq valideynləri bu barədə məlumatlandırmaq lazımdır. Valideynlərə infosessiya keçmək lazımdır ki, universitet balına görə uşaqlara psixoloji təzyiq qəti şəkildə yolverilməzdir.

 

- Edinburqda işləyən azərbaycanlı müəllim. Bu, necə bir hissdir, xarici tədris mühitinə alışmaq və əcnəbilərə dərs demək, çətin deyil ki?  Həmkarlarınızın sizin barənizdə fikirlərini bilmək də maraqlı olardı.

 - Burada işləmək çox gözəldir. Çünki sizin şəxsi dəyərləriniz, uşaqlara olan münasibətiniz dərskeçmə üslubunuzdan çox önəmlidir. Elə ölkələr var ki, onlarda müəllimin dərskeçmə metodu daha vacibdir. Amma burada sizin müəllim olaraq şəxsi keyfiyyətləriniz və uşaqlara olan münasibətiniz dərskeçmə keyfiyyətlərinizin önünə keçir. Onlar üçün bu dəyərlər daha önəmlidir. Mənim iş yoldaşlarım artıq Qarabağımızı, Qarabağ futbol komandamızı da tanıyırlar. Komandamız qalib gələndə məni təbrik etmişdilər. Azərbaycan haqqında çox şey öyrəniblər. Çünki mən hər dəfə Azərbaycan haqqında danışıram.
Bizdə hər ayın sonunda direktor tərəfindən dəyərləndirmə olur və mənə çox  dəstəklər verirlər. Hər dəfə soruşuram ki, hansı sahələr üzrə özümü inkişaf etdirə bilərəm, deyirlər ki, siz elə beləcə də davam edin, biz sizdən çox razıyıq. Mən də  bundan çox xoşbəxtəm. Hətta mənim müqaviləmi də uzadıblar. Müqaviləm, sadəcə beş aylıq idi, amma artıq onu tədris ilinin sonuna artırıblar. Burada Azərbaycanı təmsil edirəm, ona görə daha diqqətli olmağa çalışıram.

 

Oruc MUSTAFAYEV

 



27.03.2024 | 11:47